Ayxan Abbasov: “Paltardəyişmə otağında futbolçuların ağladığını görəndə dözə bilmədim”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun “FutbolPress”ə müsahibə verib.

Newsport.az 37 yaşlı mütəxəssisin müsahibəsini təqdim edir:

- “Keşlə” ilə oyundan sonra istefa vermək istəyirdiz. Hazırda komandanın başındasız?
- Əlbəttə, komandanın başındayam. Sadəcə, bəzən oyundan sonra əsəbi oluruq. Həqiqətən də, həmin oyunu uduzmaq istəmirdik. Futbolçular da çox yaxşı hazırlaşmışdı. Bəzi klubdaxili söhbətlər oldu. Futbolçularla danışdıqdan sonra onlardakı təslim olmama ruhunu gördüm. Hazırda işimizi davam etdiririk.

- Nə baş vermişdi ki, qətiyyətlə istefa barədə düşünürdüz?
- İstər-istəməz son dəqiqələrdə penalti qolu buraxıb məğlub olmaq insana yaxşı təsir etmir. Üstəlik soyunub-geyinmə otağında futbolçuların ağladığını görəndə insan özündən çıxa bilər. Bəzi şeylər də var ki, o səhvləri etməli deyildik. Futbolda belə şeylər olur.

- Penalti epizodunun təkrarına baxmısız yəqin. Sizcə, qərar doğru idi?
- Təkrara baxmışıq. Mənə elə gəlir ki, penalti yox idi.

- İstefa fikrinə düşməyinizdə əsas səbəb olmayan penaltiyə görə uduzmağınız oldu?
- Xeyr, əsas səbəb necə qolla yox, ümumiyyətlə məğlub olmağımız idi. Yaxşı hazırlıq keçmişik, futbolçuların istəyini görürəm. Çox çətin qrafikə düşmüşük. Əvvəlcə Qəbələ səfərində olduq, sonra “Qarabağ”la oynadıq. Bunlar da təsir etdi. Ən çox da bir qədər əvvəl dediyim kimi, soyunub-geyinmə otağında bəzi futbolçuların ağladığını görəndə dözə bilmədim.

- Rəhbərliklə danışacağınızı demişdiz...
- Hər oyundan sonra müzakirələrimiz olur. Ümumən, “Sumqayıt” mövsümə yaxşı başlamışdı, sonra ardıcıl məğlubiyyətlər oldu, ardınca kubokda yarımfinala yüksəldik, azarkeşlər uğur gözləyir. Ancaq bəzi məqamların yoluna qoyulması üçün vaxta ehtiyacımız var. Bu məsələləri müzakirə etdik. Hər şey normaldı.

- Mətbuat konfransında bəzi şeylərin düzəlməli olduğunu bildirmişdiz. Ancaq tam anlaşılan deyil, “bəzi şeylər” deyəndə nələri nəzərdə tuturduz?
- Bilirəm, bu, mətbuata da, azarkeşlərə də maraqlıdı. “Bəzi şeylər” deyəndə, öz aramızda müzakirə edirik. Çatışmazlıqlarımız var. Hər şeyi rəhbərliklə danışmışıq. Bəzi şeylər dəyişilib artıq, bəziləri də dəyişilir yavaş-yavaş. Futbol elədi ki, birdən-birə nəticə olmur. Zədəli futbolçularımız da var, yeni oyunçularımızın komandaya gec qoşulması, hələ tam adaptasiya olmamaları...
– inanırıq ki, düzələcək hamısı. Digər komandalar qışda çox gücləniblər və bizim üçün ikiqat çətindi.

- Rəhbərlik komandada gördüyünüz çatışmazlıqların aradan qaldırılması ilə bağlı sizə söz verdi?
- Təbii ki, onlar da istəyirlər ki, komandanın nəticələri uğurlu olsun. Nə imkan var idisə istifadə edildi və mümkün olan qədər yaxşı transferlər olundu. Bizim böyük alternativlərimiz yoxdu. Premyer Liqadan hansısa yerli futbolçunu da gətirə bilmirik, çünki heç bir klub oyunçusunu rahat şəkildə buraxmır. Nə mümkün idisə komanda üçün edildi. “Keşlə” ilə oyundan sonra baş verənlər adi bir hal idi, bəzi anlaşılmazlıqlar olmuşdu. İnanırıq ki, aradan qalxar.

- “Sumqayıt” baxımlı futbol göstərsə də, nəticə qazanmaq mümkün deyil. Buna səbəb nədi?
- Həqiqətən, oyun olmasa, mən özüm də ruhdan düşərəm. Amma hər matçı analiz edəndə daha da həvəslənirəm. Çünki bizdə təkcə qol çatışmır. Hər oyun bir neçə yüz faizlik qol imkanı yaradırıq. İnanıram ki, bir matçda uğurlu nəticə əldə edə bilsək, yaxşı olacaq. Çətin oyunlar qabaqdadı. Ruhdan düşmək olmaz.

- Epizodların tamamlana bilməməsi səviyyəli hücumçu yoxluğu ilə bağlıdı?
- Hücumçunun olmadığını deməyim düzgün olmaz. Sadəcə, çətinliyimiz düşən imkanları reallaşdırmaqdı. Yarımmüdafiəçinin də, müdafiəçinin də, hücumçunun da şansı olur, ancaq son nöqtəni qoymaq alınmır. Çempionatımız çox çətindi. Məsələn, digər komandalar adlı-sanlı klublardan hücumçu gətirirlər, ancaq onlar da çətinlik çəkir. Biz gənc futbolçulara da şans veririk. Məncə, komandaya bir qədər vaxt lazımdı.

- Növbəti oyununuz “Zirə”yə qarşıdı...
- Necə digər oyunlara hazırlaşırdıqsa, o cür də bu matça hazırlaşırıq. Fərqli bir şey yoxdu.

- Rəqib sonuncu pillədədi. Məqsədiniz mütləq qalib gəlmək olacaq?
- Hər oyuna məğlub olmamaq üçün çıxırıq. Hər xal vacibdi. “Zirə” bizdən cəmi 1 xal geridədi. Ağır oyun olacaq. Komandanı bu matça yaxşı hazırlamağa çalışırıq.

- “Sumqayıt” “Keşlə”yə uduzsa, yenə istefa barədə düşünəcəksiz?
- Xeyr. Bu, adi bir şey idi. Riad müəllimlə (“Sumqayıt”ın prezidenti Riad Rəfiyev – red.) də görüşmüşük, bu məsələləri müzakirə etmişik. Bura biz iş görməyə gəlmişik. Rəhbərlik də bilir ki, çətinliklərimiz var. Komandaya inanıram. Qarşıda bizim kubokda yarımfinal oyunumuz var. Rəhbərlik nə vaxt işimdən narazı olsa, o zaman gedə bilərəm. Məni bura onlar gətirib. Özümdə güc hiss edirəm. İnanıram ki, bu vəziyyətdən çıxa biləcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right