Mahir Rüstəmli: “22 ilə yaxın tarixi olan qəzetin məhv olmasına imkan verməyəcəyik”

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən qəzetlərə maliyyə yardımı ilə bağlı yeni qaydaların tətbiqindən xəbərdarsız. Bu, ən çox yeganə gündəlik idman qəzeti olan “Futbol+”in gələcəyi ilə bağlı narahatlığa səbəb olub. KİVDF artıq idman mətbuatına layihə verməyəcək. Ötən gün isə qəzet tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət ünvanlandı.

Ümumiyyətlə, “Futbol+” ətrafında son vəziyyət, gələcək planlar barədə qəzetin baş redaktoru Mahir Rüstəmlinin fikirlərini öyrəndik:

“Bildiyiniz kimi, yanvarın 31-də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib və orda qərara alınıb ki, 2019-cu ilin ikinci rübündən etibarən yalnız ictimai-siyasi qəzetlər maliyyələşdiriləcək. Deyilən şərtlər ki var, 5000 tiraj, 2000 satış – biz bunları təmin etmək gücünə malikik. Ancaq çox təəssüf ki, bəri başdan qoyulan şərtə görə müsabiqəyə yalnız ictimai-siyasi qəzetlər qoşula bilər. Belə olan halda isə idman mətbuatının nümayəndəsi kimi “Futbol+”in iştirakı mümkün deyil”.

Həmsöhbətimiz dövlət başçısı ilə yanaşı KİVDF-nin Müşahidə Şurasına da müraciət etdiklərini və hazırda gözləmə mövqeyində olduqlarını söylədi:

“Ölkə prezidentinə həm qəzet vasitəsilə, həm də birbaşa poçtuna məktub göndərməklə müraciət etmişik. Bildirmişik ki, bu qadağa aradan qaldırılsın və bizim taleyimizə daha həssas yanaşılsın. Bundan başqa, KİVDF-nin Müşahidə Şurasının üzvlərinə müraciət ünvanlamışıq ki, bizə izahat versinlər və bildirsinlər ki, nəyə görə bir idman qəzetinə müsabiqədə iştiraka imkan verilmir. Bir halda ki, 2013-cü ildən daimi iştirak etmişik və fəaliyyətimizə hər hansı irad tutulmayıb. “Futbol+” bu müddət ərzində həmişə sabit tiraj, satış göstəricilərinə malik olub. Belə vəziyyətdə iştirakımıza icazə verilməməsinin səbəbinin açıqlamasını istəyirik. Bu izahatı gözləyirik Müşahidə Şurası üzvlərindən. Hələlik hər hansı cavab verilməyib və gözləmə mövqeyindəyik. Martın axırına qədər qəzetin çıxarılmasında heç bir problem yoxdu. Həmin vaxta qədər layihənin icraçılarından biriyik, yazıları dərc edirik və buna görə maliyyə alacağıq. Martın sonuna qədər qəzetlə bağlı hansısa problem olmayacaq”.

Bu addımlar nəticə verməsə, nələr planlaşdırılır? Qəzetin baş redaktoru “B variantı”nın mövcud olduğunu bildirdi:

“Heç bir halda, bu kollektiv və şəxsən mən artıq 22 ilə yaxın bir tarixi olan qəzetin məhv olmasına imkan verməyəcəyik. Müxtəlif addımlar var, futbol dili ilə desək, “B variantı” mövcuddu. Təbii ki, burda həm baş redaktorun, həm kollektivin fədakarlığı lazımdı. Ümumiyyətlə, burda çalışan və belə demək olarsa, qəzetin çörəyini yeyən hər kəsin fədakarlığına ehtiyac var. Yəqin ki, müxtəlif variantları götür-qoy edəcəyik. Mən ən pis varian kimi həftəlik nəşrə keçməyi görürəm. Ancaq başqa planlar da var, fərqli addımlar da ata bilərik. Bütün hallarda belə hesab edirəm ki, “Futbol+” yaşayacaq”.

Məlum qərardan sonra futbol ictimaiyyətinin nümayəndələri, futbolçular, oxucular “Futbol+”ə dəstəklərini nümayiş etdiriblər. Mahir Rüstəmli abunələrlə bağlı oxuculara müraciət edə biləcəklərini istisna edmədi:

“Gələn həftə bizim geniş iclasımız baş tutacaq və ondan sonra bu barədə daha ətraflı danışmaq olar. İclasda növbəti addımlarımızı müzakirə edəcəyik. Ola bilsin ki, abunə ilə bağlı yenidən oxuculara müraciət edək. Hansısa kampaniyalar keçirək ki, abunəçilərimizin sayı daha da artsın. Ancaq açıq deyirəm ki, abunəçi sayı 1000-2000 də artsa, bu gün qəzetin özünü dolandırması üçün ən azı 7000 tirajı olmalıdı və yüksək göstəricilərlə satılmalıdı. Tutaq ki, 500, 1000 abunəçi olsa belə, bu, vəziyyəti düzəltməyəcək. Gündəlik 5000-6000 nüsxə satılmasına ehtiyac var. Bu məsələlər olmasa, xüsusilə də, gündəlik qəzetin özünü dolandırması çox çətindi”. (Futbolpress.az)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah