Kamran Quliyev İtaliya mətbuatına məqsədlərindən danışdı: "Bakıda "Napoli" - "Sevilya" finalını görmək istərdim"

"Neftçi"nin prezidenti Kamran Quliyev İtaliya mətbuatına - TuttoMercatoWeb.com saytına müsahibə verib. Newsport.az həmin müsahibəni təqdim edir.

 

- İtaliyalı hücumçu Canluka Sansonenin "Neftçi"yə keçidi necə baş tutdu?

- Hücum xəttini gücləndirmək üçün namizədləri uzun müddət axtardıq. Lakin qış transfer dövründə futbol apmaq imkanları bir qədər məhdud olur. Canluka İtaliyada çox məşhur futbolçudu. Keçmiş məşqçilərindən bir neçəsinin fikirlərini öyrəndikdən sonra onu transfer etməyə qərar verdik. Sansonenin uğurlu oyunçu olacağına əla təminatlar da almışıq

 

- Komandalarınızda italyan futbolçu varmı?

- Əsas komandada yox, ancaq U-12 komandasına Lorentzo Mezzotero var. Bizdə oynayan çox istedadlı yeniyetmə hücumçudu. Onun atası Azərbaycanda fəaliyyət göstərən italyan neft şirkətlərinin birində çalışır. 

 

- İtaliya transfer bazarına yenidən çıxacaqsınız?

- İtaliyalı futbolçuların Azərbaycana axınının gələcəkdə də davam etməsi mümkündü. Bu ölkə futbolda liderlərdəndi. İtaliyadan olan futbolçuları almaq asan deyil. Lakin Sansonenin transferi yeni futbol macəralarına ehtiyac duyan italiyalı digər futbolçuların bura yolunu aça bilər. Azərbaycan sürətlə inkişaf edir və gələcəkdə italiyalı futbolçuların sayının get-gedə çoxalması da mümkündü. Canluka Azərbaycan Premyer Liqasında ilk italiyalı futbolçudu. Ümidvarıq ki, digərləri də bura gələcəklər.

 

- Gəlin, klubunuzun tarixindən danışaq...

- Klubumuz 1937-ci ildə yaradılıb və uzun müddət SSRİ çempionatında "Neftyanik" və ya "Neftçi" adları ilə mübarizə aparıb. "Neftçi" 1966-cı il SSRİ çempionatında bürünc medal qazanıb. Həmin il SSRİ yığması isə klubumuzun futbolçusu və ən yaxşı bombardiri Anatoli Banişevskinin qolları sayəsində İngiltərədəki dünya çempionatında 4-cü yeri tutub.

 

- Sonra müstəqillik dönəmi gəldi...

- Postsovet məkanında Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu da biz olmuşuq.

 

- Və İtaliyanın "İnter" klubuyla bir qrupa düşdünüz...

- Qrupdakı ilk matçımızda "İnter"ə Bakıda 1:3 hesabı ilə uduzsaq da, "San Siro"da  böyük şücaət göstərərək, 2:2 hesablı heç-heçə etmişik.

 

- "Neftçi"nin yaxın illərdə məqsədi nə olacaq?

- Yaxın bir neçə ildə "Neftçi"nin məqsədi əvvəlcə Avropa Liqasının, daha sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdən ibarət olacaq.

 

- Çempionat yenidən bərpa olunub və ən yaxın izləyiciniz "Qarabağ"dan 2 xal irəlidəsiniz. Bu liderliyə görə Roberto Bordinə təşəkkür düşür..

- Mövsümün startı ərəfəsində baş məşqçi axtarır və İtaliya futbol məktəbini yaxından öyrənirdik. Vasitəçilərin köməyi ilə Roberto Bordinlə görüşdük. Onun barəsində çoxlu müsbət fikirlər səsləndirilmişdi. Bordinin şəxsi keyfiyyətləri və idarəçilik bacarığı seçimimizdə əsas rolu oynadı. Premyer Liqada 15 turdan sonra birinci pillədə qərarlaşmışıq. Ötən tur "Qarabağ"la səfərdə 1:1 hesablı heç-heçə etmişik. Qarşıda 13 tur qalıb və ən yaxın izləyicimizlə arada 3 xallıq üstünlüyümüz var. Döyüş davam edir.

 

- Azərbaycanda futbol necə inkişaf edir?

- Son 10 ildə Azərbaycan futbolunun yüksək səviyyədə inkişaf edib. Yeni stadionlar, təlim-məşq və idman mərkəzləri yaradılıb. "Neftçi" ilə yanaşı, "Qarabağ" və "Qəbələ"nin də avrokubokların qrup mərhələlərində çıxış edib. Azərbaycanın 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi edən ilk müsəlman ölkəsi olmuşuq. 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatı təşkil etdik. Bu il Bakıda Avropa Liqasının final matçı, gələn il isə Avropa çempionatının 4 oyunu, o cümlədən 1/4 final qarşılaşmalarından 1-i olacaq.

 

- Bakıdakı Avroliqanın finalında hansı komandaları görmək istərdiniz?

- Hazırda Avroliqada bir çox maraqlı klub mübarizəni davam etdirir. Bakıdakı final qarşılaşması unudulmaz olacaq. Şəxsən mən həlledici görüşdə "Napoli" və "Sevilya"nı görmək istərdim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right