Millimizdə xorvatiyalı baş məşqçi? "AFFA ilə ciddi danışığımız olub"

Xorvatiyalı məşqçi Nikola Yurçeviç AFFA-dan təklif aldığını təsdiqləyib.

Newsport.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis ölkəsinin “index.hr” saytına açıqlamasında federasiya rəhbərliyi ilə danışıq apardığını və məsələya yaxın günlərdə aydınlıq gələcəyini bildirib:

“Azərbaycan millisinə namizədlərdən biri kimi, AFFA ilə ciddi danışığımız oldu. Söhbət zamanı məndə belə bir təəssürat yarandı ki, yığmanın qarşısına böyük hədəflər qoyulub. Onlar daha da irəli getmək istəyirlər. Görünür ki, ambisiyaları var. Hər şey yaxın günlərdə məlum olacaq”.

AFFA-nın Yurçeviçlə danışıq aparmasına milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki də münasibət bildirib. O, həmyerlisinin Azərbaycan üçün doğru seçim olduğunu söyləyib: “Mən bunu dərindən şərh edə bilməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, AFFA Yurçeviçi seçsə, səhv etməyəcək. İstərdim ki, hər iki tərəf üçün ən yaxşısı olsun”.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov da bir neçə gün öncə mətbuata müsahibəsində Yurçeviçin millinin sükanı arxasına əsas namizədlərdən biri olduğunu və onunla danışıq apardıqlarını söyləmişdi.

Məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right