Ruslan Abışov: "Çempionluq üçün sonadək mübarizə aparacağıq"

"Hazırlıqlara yeni başlamışıq və hər şey qaydasında gedir. Düzdür, istirahətdən yenicə qayıtdığımız üçün məşqlərimiz ağır keçir. Amma yəqin ki, bundan sonrakı məşqlərimiz daha rahat olacaq".

Newsport.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin kapitanı Ruslan Abışov bu gün Türk Hava Yolları Futbol Mərkəzində keçirilmiş açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib.

Ağır zədə üzündən cari mövsümdə debüt etməyən 32 yaşlı müdafiəçi məşqlərə başlasa da, hələ tam hazır olmadığını bildirib: "Yəqin ki, Antalya toplanışında tam gücümlə məşqlərdə iştirak edəcəyəm. Orada həkimlərlə və məşqçilər heyəti ilə oturub danışacağıq. Məsləhət olsa, yoxlama oyunlarının bəzilərində çıxış edə biləcəyəm. Amma yəqin ki, mövsümün ikinci yarısındakı rəsmi matçlarda meydana çıxmağım tam mümkün olacaq. Oyunlarımızı kənardan izləmək çox çətin idi. Mən də bu komandanın üzvüyəm və meydanda olmağı çox istəyirdim. Amma inanıram ki, formamı bərpa edərək, əsas heyətdə yer alacağam. Çempionluq üçün sonadək mübarizə aparacağıq.

Ruslan Azərbaycan Kubokunun 1/4 finalında "Sumqayıt"a iki görüşün nəticəsində (0:2, 1:0) uduzaraq, mübarizəni dayandırmalarını sürpriz saymayıb: "Açığı, sürpriz olduğunu deməzdim. Çünki Ayxan Abbasovun gəlişindən sonra "Sumqayıt"da oyun baxımından çoxlu dəyişikliyin baş verdiyi görünürdü. Bu isə bizə çətinlik yaradırdı və oyun zamanı da bunu görürdük. Doğrudan da "Sumqayıt" tam fərqli üslubda çıxış edirdi. Sonda da mərhələni onlar keçdilər. Amma çox istərdim ki, yarımfinala biz adlayaq".

Abışov "Neftçi"nin qış fasiləsinədək çıxışından razı qaldığını bildirib: "Hazırda hər şey yaxşıdı, turnir cədvəlində liderik. Artıq bütün fikrimiz Premyer Liqaya yönələcək. Çətin olacağını bilirik. Amma sonadək mübarizə aparacağıq ki, "Qarabağ" və digər klublarla rəqabətdə çempionluq əldə edək".

Qeyd edək ki, Türkiyənin Antalya bölgəsinə çəhərinə təlim-məşq toplanışına yanvarın 13-də yola düşəcək. "Neftçi" Manavqat qəsəbəsindəki "The Sense De Luxe” otelində ikihəftəlik təlim-məşq toplanışına 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” yanvarın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da "Beroe” (Bolqarıstan) ilə qarşılaşacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right