"Çindəki oyunumla hamının cavabını verdim" Dino Ndlovu

"Karyeramda heç vaxt bir mövsümdə bu qədər qol vurmamışdım. Bura gələndə məndən çox şey gözləyirdilər. Oyunumla hamının cavabını verdim. Hətta deyərdim ki, bundan da artığını etdim. Hər il oyunçu keyfiyyətlərimi daha da yaxşılaşdırmaq istəyirəm. Xüsusilə də komandamı yeni mövsümdə Superliqaya çıxarmaq arzusundayam".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu Çin mətbuatına müsahibəsində deyib. Ötən ilin qışında "Qarabağ"ı "Xançjou Qrintaun" klubuna dəyişən Cənubi afrikalı futbolçu 24 oyuna 19 qol vurub. Ancaq 28 yaşlı forvardın məhsuldarlığı ikinci liqada mübarizə aparan komandasını Superliqaya çıxarmağa kömək etməyib. Bununla bağlı təəssüfünü dilə gətirən Ndlovu yeni mövsümdə qarşıya qoyulan hədəfə çatacaqlarına inandığını söyləyib:

"Bu qədər yaxşı çıxış etdiyimiz mövsümdə Superliqaya çıxa bilməməyimiz məni kədərləndirdi. Bu barədə özümə çox sual verdim. Amma nəzərə almaq lazımdır ki, yeni komandayıq. Artıq daha təcrübəliyik və hədəfimiz elitaya yüksəlməkdir".

Çindəki həyat tərzindən də danışan təcrübəli futbolçu bu ölkənin yeməklərini sevdiyini və dilini öyrənməyə çalışdığını bildirib: "Çinə yeni gələndə ciddi dil problemi ilə üzləşdim. Ancaq indi artıq fikrimi ifadə edə və bəzi cümlələri başa düşə bilirəm. Burada oynamaq mənə digər mədəniyyətlərə hörmət və məsuliyyət hissini öyrətdi. Buradakı hər anımdan zövq alıram. Bir çox Çin yeməyinin dadına baxmışam və demək olar ki, hamısını sevirəm".

Qeyd edək ki, Ndlovu 2016-cı ilin yayından 2018-ci ilin qışına kimi "Qarabağ"ın formasını geyinib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah