Kamran Quliyev: “Yarımmüdafiəçi və hücumçu almaq istəyirik”

“Neftçi”nin prezidenti Kamran Quliyev bu gün yeni sponsorla müqavilənin imzalanma mərasimində sonra brifinq keçirib.  

Newsport.az-ın məlumatına görə,, klub rəhbəri əvvəlcə qış hazırlığını dəyərləndirib.

- Komandamız artıq məşqləri bərpa edib, Bakıda hazırlaşacağıq. Yanvarın 13-də Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. Keçirəcəyimiz 3 yoxlama oyununda rəqiblərimiz də bəllidi. Hər şey qaydasındadır. Paralel olaraq, transfer çalışmalarımızı davam etdiririk. Yaxın vaxtlarda bu məsələdə də yeniliklər olacaq.

- Albaniya mətbuatının yazdığına əsasən, Kvame Karikarini transfer etmək istəyən "Partizani" "Neftçi" ilə razılığa gələ bilmir. Bu iddia nə dərəcədə həqiqətə uyğundu?
- Bu, doğru məlumat deyil. Bildiyimə görə, hücumçumuza bir neçə təklif gəlib. Amma bunlar qeyri-rəsmi təkliflərdi. O mənada ki, "Neftçi"yə heç bir rəsmi müraciət olmayıb. Olanda da, bu haqda mətbuata məlumatlar tez çatır. Ona görə sizin də xəbəriniz olacaq.

- Sərfəli təklif müqabilində Karikarini buraxmaq fikriniz var?
- Ola bilər ki, daha çox oyun təcrübə toplaması üçün icarəyə verək. Karikariyə ümidimiz tükənməyib. Keçmiş komandalarındakı statistikasına baxsaq, kifayət qədər məhsuldar futbolçu olduğunu görərik. Görünür, ilk 6 ay onun üçün çətin keçdi. Səbəbkar isə digər hücumçumuz Mirabdulla Abbasovdu. Bu da futbolda olan rəqabətin nəticəsidi. Amma inanmaq istərdik ki, Karikari özünü ya "Neftçi"də, ya da başqa klubda yaxşı hücumçu kimi göstərəcək, idman və ya maddi baxımdan bizə fayda verəcək.

- "Neftçi"də oyununun alınmaması səbəbini özü ilə danışmısınız?
- Bunun olmasını Karikarinin özü də qəbul edir, anlayışla qarşılayır. Əməkdaşlarımız onunla daimi ünsiyyətdədi. Bilir ki, hazırkı rəqabətdə Mirabdulladan bir addım geridədr. Başqa sözlə, Abbasov daha öndədi. Amma hər şey bir anda dəyişə bilər. Buna görə də heç bir hücumçu, ümumiyyət, bütün mövqelərin oyunçuları boşalmamalıdırlar. Bunu belə görürəm: Ola bilsin ki, Mirabdulla daha çox çalışdı və daha şanslı oldu. 

- Amma Karikari son müsahibələrində bildirib ki, meydanda daha çox olmalıyam ki, özümü göstərə bilim....
- Vaxt qazanmağın da öz şərti var. Baş məşqçimiz Roberto Bordin çox təcrübəli mütəxəssisdi. Onun siyasətinə və futbola baxışına bələdik. Bəziləri başqa cür düşünə bilər. Amma bu insanın düşüncəsi belədi ki, futbolçu əzmkar olmalı, məşqdə canını, bütün bacardığını verməli, özünü maksimum dərəcədə ortaya qoymalıdır. Bunlar onun qarşılaşmalarda meydana çıxması ilə nəticələnəcək.

- Sizcə, "Neftçi" hazırkı liderliyini sonadək qoruya biləcəkmi?
- İnşallah.

- Baş məşqçi hansı mövqelərə transferlər istəyib?
- Onunla bu barədə danışığımız olub. Dekabrın ortalarında Mamadu Mbodju transfer etmişik. Bununla da müdafiə xəttimizə transferlər tamamlanıb. Heyətə qapıçı Aqil Məmmədovu cəlb etmişik. Hazırda yarımmüdafiəçi transfer etmək istəyirik. Ola bilsin ki, hücumçu da almaq istədik, ancaq bunun olacağı şərt deyil. Oyunçu gətirmək xatirinə yox, keyfiyyətlisini almaq niyyətindəyik. Onu da nəzərə alın ki, qış bazarı "axşambazarı" kimi olur.

- Hazırda "Qəbələ"dən Stiven Monroz və "Qarabağ"dan Bədavi Hüseynovu almaq istədiyinizə dair xəbərlər dolaşır...
- Onların heç birinə müraciət etməmişik. Hər ikisinin öz klubları ilə müqavilələri davam edir. Belə məsələlərdə həssasıq.

- Bəs, gözaltı etdiniz futbolçular var?
- Bəli. Daha çox yarımmüdafiəçi axtarırıq. Bir neçəsi ilə danışıqlar aparmışıq. Ola bilər ki, yaxın günlərdə yeni transferimiz gerçəkləşsin.

- Yeni hücumçunun gəlişi Karikarinin komandadan ayrılmasından asılı olacaq?
- Təbii ki. İlk növbədə, Karikarinin özünə və kluba sərf edən təklif gəlsə, bu, ya transfer, ya da icarə olacaq.

- "Qarabağ" Reynaldonu komandaya qaytardı. Deyilənə görə Riçard Almeyda da qayıdacaq. Mövsümün ikinci hissəsində "Neftçi" və "Qarabağ" arasında daha qızğın mübarizə gedəcəyini düşünürsünüz?
- Onsuz da bu mübarizə qızğındı. İlk növbədə, özümüzü fikirləşirik və təbii ki, rəqibləri də izləyirik. Digər komandalar güclənir. Hətta bəziləri yanvarın əvvəlindən qış təlim-məşq toplanışına yollanıb. Bu, onların iddiasından və planından xəbər verir ki, çempionatda ciddi rəqabət olacaq.

- Reynaldonun özü də açıqlama verib ki, "Neftçi"dən ona təklif olub. Niyə onu komandaya cəlb edə bilmədiniz?  "Qarabağ"ın onun üçün doğma olduğunu diqqətə çatdırdı, yoxsa maliyyə məsələlərində razılaşa bilmədiniz?
- "Qarabağ" onun üçün doğmadı. Yəqin ki, ona görə o klubu seçdi.

- Mövsümün sonunda klubla "Forza Neftçi" azarkeş qruplaşması arasında uçurum oldu. Bəzi söz-söhbətlər vardı, azarkeşlər də bəyanat yaydı...
- Heç bir uçurum yoxdu. Azarkeşlərimiz əvvəlki kimi klubun damarıdırlar. Daim onları tribunalarda görürük. Onlar əsas komandamıza ən böyük dəstək verənlərdəndi. Azarkeşlərlə görüşümüz də olub və problemlər arxada qalıb. Hamı bilir ki, "Forza Neftçi" klubdan idarə olunan bir struktur deyil. Bu, bir fanat qrupudu. İnanmaq istəyirik ki, problemlərimiz artıq arxadadı və öz komandalarını dəstəkləməyə davam edəcəklər.

- Bir vaxtlar prezidenti olduğunuz "Sumqayıt" "Neftçi"ni ölkə kubokundan kənarlaşdırdı. Qış çempionu olduqdan sonra arxayınlıq yarandı ki, buna görə "Sumqayıt"aməğlub oldunuz, yoxsa klubunuzda həqiqəqən də problemlər var?
- Bu, ağır məğlubiyyət idi. Amma hər məğlubiyyəti dərindən təhlil etməyə ehtiyac yoxdu. Çünki futbol qələbələr və məğlubiyyətlərlə paralel gedir. Daha çox qalib gəlirik. "Sumqayıt"dan öncə məğlub olduğumuzoyun da olub. Məsələn, Avroliqada. Hardasa yeni il ab-havası, insanların yeni illə bağlı planlarını qurması da təsirini göstərdi. Amma inanmaq istəyirəm ki, komandamızda peşəkarlar çoxluq təşkil edir. Klubda peşəkarlar işləməlidi. Məğlubiyyəti qəbul edirlər və bu nəticə səhvlərin təkrarlanmaması üçün onlara işarə idi. Komanda oyuna psixoloji cəhətdən lazımi qədər köklənməmişdi. Bunu futbolçulara da demişəm.

- Başqa klublardan "Neftçi"nin futbolçularına rəsmi təklif olub?
- Bəli, yerli futbolçularımıza yerli klublardan təkliflər olub. Çünki bizdə yetərincə güclü yerli oyunçu var. Qapıçımız Rəşad Əzizli "Sumqayıt"a keçdi. Bir neçə ay öncə Rəşad özü bizə müraciət etmişdi ki, belə bir söhbət var. Onun bu kluba getməsi təsadüfi hal deyil.

- Mirabdulla Abbasovun ilin futbolçusu seçiləcəyini gözləyirdiniz?
- Onu təbrik edirəm. Bu il Azərbaycan futbolu üçün çətin oldu. Etiraf edək ki, digərlərindən böyük fərqlə seçilən futbolçu yoxdu. Mirbadullanın bir il öncəki və indi statusu arasında böyük fərq var. Azərbaycan futbolunda 23-25 yaşlı oyunçuya gənc və perspektivli deyirlər. Mirabdullanın 23 yaşı var. Bu yaşda öz sözünü deməyi az da olsa, bacarıb. Jurnalistlərin ona bu münasibətini və dəstəyini sadəcə, alqışlayıram. Çünki siz Abbasova dəstək oldunuz, Mirabdullaya stimul verdiniz ki, daha da yaxşı olsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right