"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə səfərdə 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.
Newsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə yarımfinala vəsiqə qazandıqları görüşü dəyərləndirib.
- Bu oyunun nə qədər vacib olduğunu demək istəyirəm. Çünki qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyiridk. Buna görə də qələbə bizim üçün mox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyil. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi.
- Qışda kimlər gedəcək?
- Bu gün elə bir futbolçu yoxdu. Hələ o fikirdə də deyilik. Kimlər gələcək deyə bir sual var. Bir-iki nəfər oyunçu götürməyə çalışacağıq. Hökmən iki futbolçu lazımdı. Olmasa, bu heyətlə yola davam edəcəyik. Çətinliklər olsa da, istədiyimiz oyunçunu almağa çalışacağıq.
- Qollarınızın hər üçünü künc zərbəsindən vurdunuz. Bunun üzərində xüsusi işləmişdiniz?
- İlk oyundan nəyisə planlaşdırmaq çətin bir şey idi. Açığı, heç bir şey etməmişdik. Əsas fikrimiz futbolçuları çemodan əhval-ruhiyyəsindən uzaq etmək idi.
- Yarımfinal kimi rəqib görmək istərdiniz?
- Yaxşı sualdı. Nə deyim ki, kiminsə xətrinə dəyməyim?
- Yaxşı, sualı belə qoyaq. "Neftçi"nin sensasiya edəcəyinə inanırsınız? "Ağ-qaralar"ın böyükhesablı qələbəsini real sayırsınız?
- "Neftçi" də qalib gələ bilər. Ancaq "Sumqayıt"ın bu komandanı üstələcəyi mənim üçün sensasiya bir şey deyil.