“Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq” Elbrus Məmmədov

Birinci Divizion “ekvator xətti”nə çatdı.

Newsport.az xəbər verir ki, 13 turdan sonra 30 xalla turnir cədvəlinə başçılıq edən "Sumqayıt-2" qış çempionu oldu.

Arxada qalan turlar ərzində 10 qələbə və 3 məğlubiyyətə imza atmaqla uğurun əsas pay sahibi olan “kimyaçılar”ın baş məşqçisi 
Elbrus Məmmədov klubun rəsmi saytına müsahibə verib:


- Öncə "Sumqayıt-2"nin qış çempionu olması münasibəti ilə sizi təbrik edirik. Mövsümün əvvəlində qış fasiləsinə qədər bu nəticəni gözləyirdizmi?
- Fürsətdən istifadə edib, bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Açığı, komandama inamım böyük idi. İlk gündən məqsədimiz gözəl oyun sərgiləmək olub. Çünki gözəl futbol nümayiş etdirəcəyin halda nəticə özü gələcək. Şükürlər olsun ki, gördüyümüz işin bəhrəsini bura qədər gördük. Çempionatın ilk dövrəsini çempion kimi başa vurduq. Lakin bu hələ heç bir şey demək deyil. Qarşıda bizi daha çətin ikinci mərhələ gözləyir. Bir ailə olub mövsümün sonunda da bu uğuru təkrarlamaq istəyirik. Uzun sözün qısası, biz indikindən daha çox işləməliyik.

- Əvəzedicilərin dövrələrarası fasilədəki planları necə olacaq?
- Artıq növbəti dövrə üçün planlarımızı müəyyənləşdirmişik. Yanvarın 7-dən etibarən hazırlıqlara start verəcəyik. Bu müddət ərzində təlim-məşq toplanışı da keçməyi planlaşdırırıq. İnşallah, tezliklə klubun rəhbərliyi ilə hazırlıq mərhələsi üçün fikir mübadiləsi aparacağıq. Hazırlıq mərhələsində 5 yoxlama görüşü keçirməyi planlaşdırırıq.

- Komandadan ayrılacaq və kollektivə qoşulacaq futbolçular olacaqmı?
- Əlbəttə. Artıq bir müddətdir ki, bəzi futbolçularla danışıqlara başlamışıq. İki yeni futbolçu ilə razılıq əldə etmişik. Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq. Bizi qarşıda daha çətin ikinci dövrə gözləyir. Bu səbəbdən, boşluq hiss etdiyimiz mövqeləri gücləndirmək əsas işimiz olacaq. Təxminən 4-5 yeni futbolçu ilə güclənəcəyik. Hazırkı heyətdən də bəzi futbolçularla da yollarımızı ayıracağıq.

- Bir baş məşqçi kimi, "Sumqayıt-2"nin əsas komanda üçün arxada qalan yarım mövsüm ərzində hansı işləri gördüyünü deyə bilərsiz?
- Bildiyiniz kimi, Sumqayıtda futbolu sevirlər. Bu şəhərdə futbola maraq olduqca böyükdür. Allaha şükürlər olsun ki, klub rəhbərliyi bizim üçün hər bir şərait yaradıb. Mövsümün əvvəlində yenidənqurma ilə əlaqədar stadion problemimiz olsa da, indi bu çətinliyimiz yoxdur. İkinci komanda olaraq daim əsas komanda üçün çalışmışıq. Əlimizdən gələni edirik ki, "Sumqayıt-2"dən daha çox prespektivli futbolçular əsas komandaya çağırılsın. Əsas komandanın baş məşqçisi Ayxan Abbasovla daim əlaqədəyik. Artıq 4-5 futbolçu haqqında əsas komandanın yeni məşqçi korpusuna bilgilər də vermişəm. Mütəmadi olaraq bir neçə futbolçumuz əsas komanda ilə məşq proseslərində iştirak edir. "Sumqayıt-2"nin iki üzvü - Rüfət Abdullazadə və Elvin Dəmirov "Qaradağ Lökbatan"la baş tutan kubok qarşılaşmasında meydana çıxıb. Abdullazadə isə neçə oyundur ki, əsas komandanın qarşılaşmaları zamanı 18 nəfərlik siyahıda yer alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right