Təmkin Xəlilzadə: "Əlimizdə imkan olsaydı, kosovoluları meydanda öldürərdik"

Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qəbələ" səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəlib.
 

Newsport.az-ın məlumatına görə, oyundan sonra "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Təmkin Xəlilzadə jurnalistlərə müsahibə verib. 25 yaşlı futbolçu öncə qələbəni şərh edib:
 
- Çox ağır oyun oldu. Hava şəraiti və meydan amilini də qeyd etmək istərdim. Erkən qollar bizə kömək oldu. Amma qələbə çətin oldu. Çalışacağıq ki, qələbələrini ardını gətirək. Gücümüz hara qədər yetsə, sıralamağa çalışacağıq.
 
- İkinci hissədə bir neçə real qol şansından yararlana bilmədiniz.
- Biz də buna fikir verdik. “Keşlə” hesab 1:2 olandan sonra daha çox hücumlara atıldı. Əks hücumlarda fərqi daha böyük edə bilərdik. Hücumda diqqətli olsaydıq, belə olardı. Bu gün hücumçularımız irəlidə əziyyət çəkdilər.
 
- Millinin heyətində iki ağır oyun keçirdin. Bu gün də “cəhənnəm” adını almış "Keşlə"nin süni ot örtüklü meydanına ayaq basdın. Milli üzvləri də bir az yorğun görünürdü.
- Yorğunluq istər-istəməz var. İkinci hissədə ayağımda ağrı yaranmışdı. Ancaq belə şeylər bizə mane olmamalıdı. Gecə saat 3-də də oyatsalar ki, oynayın, bunu edəcəyik. Bizim işimiz budu.
 
- “Qəbələ” qeyri-stabil çıxış edir. Bunun səbəbi nədir?
- Çempionatda səviyyə elədir ki, hamı bir-birindən xal qopara bilir. İkinci dövrədə 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətimiz var. Özümüz də istəyirik ki, stabil oynayaq. Ümid edirəm ki, buna nail olacağıq.
 
- Kapitan Cavid Hüseynov bildirdi ki, hədəfimiz çempionluq deyil. Sizin fikirlərini necədi?
- Bizim qarşımıza konkret hədəf qoyulmayıb. “Qəbələ” həmişə iddialı olub. Heç bir komandadan zəif olmadığımızı göstərmək istəyirik.
 
- Çempionluq uğrunda hansı komandanı şanslı hesab edirsən?
- Rəqiblər barədə danışmağı xoşlamıram. Hələ çempionluq üçün danışmaq erkəndi.
 
- Yığma komandamızın Millətlər Liqasındakı uğursuz çıxışı hamını məyus edib. Komanda sanki meydana uduzmağa çıxmışdı.
- Mən azarkeşləri də, media mənsublarını da çox gözəl başa düşürəm. Ancaq bizi də anlasalar, gözəl olardı. İnanın ki, heç kim qələbəni bizdən çox arzulaya bilməz. Əziyyəti çəkən bizik. Burda 90 dəqiqə Farer adalarına qarşı oynadıq və 3 gün sonra səfərdə meydana çıxdıq. Kosovo fanatlarının bizim himnimizi fitə basması da pis təsir etdi. İnanın Allaha, əlimizdə imkan olsaydı, onları meydanda öldürərdik. Həmin günü Kosovonun idi. Bu komanda ilə yenidən oynasaq, bəlkə, 4:0 hesabı ilə biz udarıq. Sadəcə, onların günü idi. Ötən dəfə demişdim, bu dəfə də təkrarlayıram və xalqımızdan üzr istəyirəm. Bizi başa düşsünlər və yanımızda olsunlar.
 
- Söz-söhbətlər hər keçən gün böyüyür. Pavel Paşayevlə Dmitri Nazarovun zəif çıxışı və Kamran Ağayevin bilərəkdən Kosovoya getmək istəməməsi barədə iddialar çoxalıb. Sizin fikriniz necədir?
- Onlar mənim komanda yoldaşlarımdı. Belə bir şey barədə danışmaq istəmirəm. Qulağa iyrənc gəlir. Mediada yazırlar, oxuyuruq. İnanmıram ki, belə şeylər baş versin. Kamranın zədəsi var idi. Pavel, Dima və digərləri meydanda can qoymaq üçün çalışırdılar. İnanmıram ki, kimsə bilərəkdən zəif oynasın. Belə şeylər yazmasalar, yaxşı olardı.
 
- Kosovo seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazansa, Azərbaycan millisi onların əvəzinə Millətlər Liqasının pley-off mərhələsində çıxış edə bilər. Belə bir şeyə ümid etmək olar?
- Elə şeylər var ki, özümüzdən asılıdı. İndi oturub gözləyək ki, Kosovo final mərhələsinə birbaşa yollansın? Nə olacaqsa, buna uyğun hərəkət edəcəyik. Püşkü gözləyirik. Qrupumuz bilinəndən sonra rəqibləri baş məşqçimiz analiz edəcək. Buna uyğun da oynayacağıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right