Qurbanov: "Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XII turunda “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Newsport.az xəbər verir ki, təcrübəli çalışdırıcı öncə oyunla bağlı danışıb:

 

- Ağır oyun oldu. “Sabah” yaxşı müdafiə olundu. Futbolçular arasında anlaşma çətin idi. Milli oyunlarından sonra hər zaman belə olur. Əsas odur ki, xallarımızın üzərinə xal gəldi.

 

- Millinin baş məşqçisi olaraq bu suala aydınlıq gətirməyinizi istəyirik. Kamran Ağayev həqiqətən də zədəli olduğunu bəhanə edib?

- Suallarınıza cavab verəcəyəm. Mən istəmərəm ki, komanda haqda belə fikirlər səslənsin. Hər bir komandada zədəli ola bilər. Ola bilər ki, ciddi bir şey olmaya bilərdi. Zədələnməsinə, oynamamasına narahat deyiləm. Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir. Bunu futbolçunun ixtiyarına buraxmaq lazımdır. Bütün bunlardan əlavə, istəmərəm ki, futbolçularımın üzərinə çox gedilsin. 

 

- Dekabrın 2-də Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Həmin mərasimdə iştirak edəcəksiniz?

- Bu barədə məlumat verəcəyik. 

 

- Kosovoya məğlubiyyət, bu gün heç-heçə... “Sportinq”lə görüşdə çətinlik olmayacaq?

- Düşünmürəm. Milli üzvləri il ərzində az sayda oyun keçirmirlər. İstər psixoloji, istərsə də fiziki yüklənmə olur. Amma bunun onların oyununa təsiri olacağını düşünmürəm. İnanıram ki, həmin matçda hamı qaydasında olacaq.

 

- Elxan Məmmədov bu gün meydanın kənarında sizinlə söhbət edirdi. Maraqlıdır, nə danışdınız?

- Elxan müəllim bütün çempionat oyunlarında iştirak edib. Bir yerdə işləyirik, danışmağımız normaldır. 

 

- Tərlan Əhmədov bu gün bildirib ki, milli tək Kamran Ağayevdən ibarət deyil. O, qolkiperin Kosovo ilə oyundan öncə zədəli olduğunu bildirib.  O, eyni zamanda “pirojki” dövründə daha yaxşı futbol oynanıldığını söyləyib.

- Mən illərdir futboldayam. Çalışmışam ki, öz işim barədə düşünüm, dəyər verim. O cümlədən də, komandanın nəticələrini yaxşılaşdırım. Tərlanla bir yerdə oynamışam, nəticələrimiz də olub. Tərlanın açıqlaması ilə tanış olmamışam, ona görə fikir bildirmək istəmirəm. Belə hallarda fikir bildirənlər daha çox olur.  Heç kimin fikrinə münasibət bildirmək niyyətində deyiləm. Hamıya yalnız dəstək olmağa çalışmışam. Bütün hallarda, heç kim haqda pis fikirdə olmamışam və olmuram. Mən öz işimlə məşğul olmağa çalışıram. Futbolda məğlubiyyət də olur, uğurlu oyunlar da. Kimlər məğlub olmayıb ki?

 

- Milli komandaya görə azarkeşlər narahatdır.  Onlara deyəcəyiniz fikir varmı?

- Mən azarkeşlərdən razıyam. Futbolumuzun irəli getməsini istəyirlər. Bir yerdə olmalıyıq ki, çətinlikləri geridə qoyaq. Bütün idman növlərində məğlub ola bilərik. Bizim birliyimiz həmişə olmalıdır. Biz də öz işimizi layiqincə görməliyik. Çətinliklə də olsa, nəticələrimizi yaxşılaşdırmağa çalışırıq.

 

- Qurban Qurbanov millidə ona bəslənilən ümidləri doğrulda bilirmi?

- Mən işimin daha yaxşı olmasını istəyirəm. Vaxtımın çox hissəsini futbola ayırıram. 

 

- Üzərinizdə təzyiq hiss etmirsiniz?

- Məşqçilik elə bir peşədir ki, hər zaman təzyiq olur. Yazılanlar, deyilənlər məni narahat edir. Amma mən futbolçuların təzyiq altında olmasından ehtiyatlanıram. Mənə nə qədər təzyiq olsa da, bunu normal qarşılamağa çalışıram. Çətin olsa da, özümü ələ almağa çalışıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right