“Qarabağ”ın qazandırdığı milyonlar

“Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrupuna düşməklə futbolumuza xeyli pul qazandırdı. Klub özü təqribən 32 milyon manat əldə etdi. İndi isə bəlli olur ki, ağdamlılar təkcə özünü irəli salmayıb, bundan bütün ölkə klubları faydalanıb.

Newsport.az saytı Futbolinfo.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə AFFA UEFA-nın klublarımıza yardım ayırması haqda xəbər yaydı. Amma bu yardımın niyə ayrılması barədə heç bir qeydə rast gəlmədik. Əvvəlki illərdə UEFA uşaq futbolunun inkişafına yardım məqsədi ilə təqribən 100 min manat civarında yardım ayırırdı. Müxtəlif proqramlar çərçivəsində edilən köçürmələrin məbləği də müxtəlif olurdu. Lakin builki yardım ciddi şəkildə fərqləndi.

2016/17-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına 507 579.57 avronun köçürülməsi təsadüf ola bilməzdi. Həm də ağdamlılar istisna olmaqla, hamının buradan pay alması yenilikdi.

7 klubun hər birinə 1 milyon manatın ödənilməsi indiki durumda ciddi köməkdi. Bəzi klubların az qala ümumi büdcəsinin yarısını təşkil edən bu vəsaitlə çox iş görmək olar. Dəqiqləşdirdik ki, UEFA-nın əvvəlki illərlə müqayisədə belə səxavətli olmasının səbəbi məhz “Qarabağ” imiş . Klubun özünün siyahıdan kənarda qalması da məhz buna görədi.

Deməli, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməklə özü 32 milyon manat qazanmaqla yanaşı, klubları da 7 milyon manat varlandırdı. AFFA-nın rəsmi məlumatda bu faktı gizlətməsi xoş deyil.

İndi əsas məsələ bu məbləğin necə xərclənəcəyidi. UEFA-nın yardımı təyinatı üzrə sərf olunmalıdı və bu işə ciddi nəzarət edilməlidi. Hazırda I divizionda mübarizə aparan və ümumi büdcəsi 200 min manat olan “Kəpəz”in qazancının taleyi də maraqlıdı. AFFA onu klubun borclarına və öz çəkdiyi xərclərə sərf edə bilər. Bir də digər klublar qış fasiləsində transfer partlayışı etməsə yaxşıdı. İzləyəcəyik...





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right