“Torba” cəhdi olub? YAZI

Millinin Kosovoya 4 cavabsız qolla məğlubiyyəti fikirləri çox qarışdırıb. Cinah müdafiəçisi Pavlo Paşayevin və Dmitri Nazarovun həddən artıq bərbad oyunu ciddi şübhələr yaradıb.

Paşayev öz cinahından eyni oyunçunun - Zenelinin 3 qol vurmasına nəinki mane olmaq, heç epizoda yaxın düşə bilməyib, Nazarov isə mərkəzdə qəbul etdiyi ötürmələrdə bir qayda olaraq ləngiyir, yıxılır, səndələyirdi.

Bu tip şübhələrə daha biri əlavə olundu.

Millinin Kosovoya yollanmazdan əvvəl heyətin əsas qapıçısı Kamran Ağayevin zədələndiyi xəbər verildi. Məlum oldu ki, Ağayev heç səfərə də yollanmayacaq. Onu Səlahət Ağayev əvəzlədi...

O, bunu belə əsaslandırmışdı ki, "Keşlə"nin növbəti çempionat oyununadək sıraya dönməkçün Bakıda qalıb, müalicə alacaq. Lakin...

MRT müayinəsinin nəticəsində Ağayevdə hansısa zədə aşkarlanmayıb. Sadəcə əzələ əzilməsidir ki, bununla da idmançı mübarizəyə qoşula bilər. Bunu həkimlər korpusu da təsdiqləyib.

Onda Ağayev niyə belə etsin? Olmaya, hansısa “pərdəarxası olaylardan” xəbərdar olub və proseslərin iştirakçısı olmamaqçün səfərə getməkdən boyun qaçırıb?

Bəli, proses ciddi araşdırılmalıdır. Kulisdə dolaşan söz-söhbətlərə görə bəzi oyunçuların bilərəkdən zəif oynayacağı əvvəldən məlum imiş. Məqsəd Qurbanovun böyükhesablı məğlubiyyətdən sarsılıb, istefa verməsinə nail olmaq imiş.

Hadisələrin cərəyanına fikir versək, qəribə uyğunluq da var. Kamranın yerinə Səlahətin getdiyi məlum olanda məhz AFFA-nın baş katibi (oxu: Qurbanovun millinin başında olmasını qətiyyən istəməyən biri) olaya xüsusi münasibət göstərmiş, tarixdə bu cür hallara dair nümunələr çəkmişdi.

Bundan başqa, millinin mütləq qələbə qazanmalı oluğunu deyən, hətta daha da irəli gedib, səlahiyyətlərini aşaraq, minimum hədəfin qrupdan çıxmaq olduğunu açıqlayan baş katibin əks-təbliğatına İsgəndər Cavadov da dəstək vermişdi. Adətən danışmaqdan boyun qaçıranlar tez-tez müsahibələr verib, bu fikrin ictimaiyyətin altşüuruna yeridilməsinə nail olmağa çalışırdılar – Milli komanda qalib gəlməsə, biabırçılıq olar və s.

Maraqlıdır, deyilmi?

Milli biabırçı hesabla uduzdu. Bəli, sorğulanmalı çox məqamlar var, tənqid olunmalı hədəflər də ortadadır. Lakin bu şəxslərin qəribə canfəşanlığını nə cür izah edək?

Nazarov, Paşayev kimi bərbad oyunla özünü ifşa edənlərinsə kimlərə yaxın olduğunu da qeyd edək. Belə ki, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev bu futbolçuların meneceridir. Rəfiyev hər addımı baş katib Elxan Məmmədovla məsləhətləşib atan şəxsdir. Bu, bizlərə konkret aydın olan faktlardır. İndi düşünün. Millinin biabırçı hesabla uduzması təkcə yaşıl meydandakı məğlubiyyətdir, yoxsa prosesin içində xəyanət izi də var?

Elçin Cəlilov / Futbolpress.az

P.S. Oyundan əvvəl də, oyundan sonra da ardıcıl müsahibələr verən İsgəndər Cavadov yalnız bir hədəf seçmişdi - milli oyun qura bilmir (baş məşqçi), milli oynaya bilmir (oyunçular). Cavadovun hər addımı baş katibin göstərişiylə atdığını da əlavə edək. Daha hansı faktar var?
Çoxdur, sadəcə, prosesin ciddi araşdırılması gərəkir. Çox ciddi...





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right