Amil Yunanov: "Özümə də çətin idi, yorulmuşdum"

Azərbaycan Premyer Liqasının XI turudan "Keşlə" səfərdə "Sumqayıt"a 4:1 hesabı ilə qalib gəlib. Oyundan sonra "Keşlə"nin hücumçusu Amil Yunanov Newsport.az-a müsahibə verib.

Millimizin üzvü öncə oyunla bağlı danışıb:

- İlk hissə bir az çətin keçdi, küləyə qarşı mübarizə aparırdıq. Əsas odur ki, fasilə ərəfəsinə kimi qapımızı toxunulmaz saxlaya bildik. “Sumqayıt” yaxşı rəqibdir. Üstünlük bizdə idi, şükürlər olsun ki, 3 xal bizim oldu. Bu qələbəyə ehtiyacımız var idi. Vəziyyətimiz çox pis idi. Bizə qalib gəlmək hava-su kimi lazım idi. Bizə də buna nail olduq. Komandanı təbrik edirəm. İrəli baxmalıyıq.

- İki qol vurdun və rəqib qapıçı Orxan Sadıqlı sənin qarşını kobudluqla aldığı üçün qırmızı vərəqə alaraq, meydandan qovuldu. Öz oyunundan razı qaldın?

- Oyunum normal idi. Komanda yoldaşlarımın sayəsində oldu. Kollektivin oyunundan asılıyq. Sevindirici hal oldu ki, qol vura bildim. Çoxdan idi ki, fərqlənə bilmirdim. Gah oynayırdım, gah ehtiyatda qalırdım. Özümə də çətin idi. Oyunun sonlarında yorğunluq hiss olunurdu. Az-çox yorulmuşdum. Məşqlə oyun eyni deyil. Matç zamanı çətin olur.

- Tərlan Əhmədovun gəlişindən sonra “Keşlə”də nə dəyişdi?

- Həmin komandayıq. Baş məşqçi kollektivə inam qaytarmağa çalışır. Tərlan müəllimin gəlişi həm mənim, həm də komanda üçün xeyirli olacağını düşünürəm.

- Növbəti turda rəqibiniz “Qəbələ”olacaq. Bu rəqibi ilk dövrədə səfərdə cəzalandırmışdın. Qolların ardını gətirə biləcəksən?

- Qol vurmaq hücumçu üçün daha yaxşı şeydir. Meydana motivasiyalı çıxırsan, sıxıntıdan uzaq olursan, oyunlara isə yaxşı hazırlaşırsan. Vəzifəm qol vurmaqdır. Çalışacam ki, fərqlənim. Əsas komandamızın uğurlu çıxış etməsidir. Qələbələri sıralamalıyıq. Yaxşı yerlərə qalxmalıyıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right