Tərlan Əhmədov üçün qisas vaxtı, Respublika Stadionuna dönüş

Sabah Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.

 

Turun ilk oyun günündə iki oyun baş tutacaq.

 

Hesabat turu “ASK Arena”da “Keşlə” – “Neftçi” oyunu ilə start götürəcək. Lider olan “ağ-qaralar” səfərdə autsayderlə oyunda qalib gələrək, “Qarabağ”la xal fərqini ən azından qorumağa çalışacaq. Ancaq “Keşlə” Tərlan Əhmədovun rəhbərliyi altında ilk oyunda məhz “Qarabağ”dan 1 xal almağı bacarıb. “Ağ-qırmızılar” Ağdam klubuyla oyunda heç də pis təsir bağışlamadı. Əhmədovun futbolçuları son çempiondan çəkinmədi, sona qədər döyüşdülər. Bundan əlavə, “Neftçi” ilə oyun Tərlan Əhmədov üçün olduqca əhəmiyyətlidir. Ötən mövsüm “Neftçi”yə 1 xalı olan zaman gələn mütəxəssis komandanı nəinki böhrandan çıxardı, hətta avrokuboklara qədər daşıdı. Ancaq klubun rəhbərliyi Əhmədovun alın tərinə baxmadı, onunla müqaviləni uzatmadı. Onun əvəzinə gələn Roberto Bordin “Neftçi” ilə Avropa Liqasında rüsvayçı məğlubiyyət yaşadı. İndi isə tam fərqli mənzərədi. Tərlan Əhmədov bağlı olduğu “ağ-qara” rəngə qarşı mübarizə aparacaq. “İntiqam hissi ilə yaşamaq insanı kiçildir” desə də, bu oyun Tərlan Əhmədov üçün həyati əhəmiyyət daşıyır. Kamran Quliyevlə Ceyhun Sultanovdan intiqam almaq Əhmədov üçün göydəndüşmə fürsətdir. Bu anda Tərlan Əhmədovu yalnız “Neftçi”ni büdrətmək düşündürür. Əgər Əhmədov sabiq komandası büdrətsə, bu uğur onu bir qədər də göylərə qaldıracaq. Nəzərə alaq ki, son 4 oyunda “Keşlə” evdə “Neftçi”ni məğlub edib. Komanda indi autsayderlər zonasında olsa da, lider üçün asan olmayacağı su kimi aydındır.

 

 

Günün digər oyunda isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”ı qəbul edəcək. Mərkəzi stadion 1 ildən çox fasilədən sonra yenidən Premyer Liqa oyununu qəbul edəcək. Son turlar “qara zolağ”a düşən Ağdam təmsilçisi lider “Neftçi”dən 5 xal geri qalır. “Köhlən atlar” bu fərqin artmaması üçün “gənclik şəhəri” təmsilçisini mütləq məğlub etməlidir. Avropa Liqasında “Vorskla” ilə oyun öncəsi qalib gəlmək Qurban Qurbanovun yetirmələri üçün xoş amil olacaq. Son 3 oyunda qalib gəlməyən “Sumqayıt” isə autsayderlərin nəfəsini hiss edir. Nazim Süleymanovun komandası “Qarabağ”ın gərgin günlərindən istifadə edərək, rəqibi büdrətməyə çalışacaq.

 

 

Turun ikinci oyun günü Qəbələdə start götürəcək. Yerli komanda debütant “Sabah”ı sınağa çəkəcək. “Qırmızı-qaralar” cari mövsüm qeyri-stabil çıxış edir. “Neftçi” üzərində inamlı qələbədən sonra komandanın “Sumqayıt”ı da diz çökdürəcəyi gözlənilsə də, Sənan Qurbanovun komandası hesabda geri düşdüyü oyunda 1 xal əldə etdi. Rəqib “Sabah”da isə ciddi itki var. Paytaxt klubunun təcrübəli siması Marko Deviç zədə ücbatından oynamayacaq. Lakin Elşad Əhmədovun komandası ötən tur Deviçsiz “Zirə” üzərində əzmkar qələbə qazanaraq, komanda ruhunu ortaya qoydu. Qəbələ dağlarındakı “döyüş”ün maraqlı mübarizə şəraitində keçəcəyi şübhə doğurmur. Debüt ilindəcə çempionata rəng qatmağı bacaran “Sabah” çətin səfərdən xal və ya xallarla qayıtmağa çalışacaqsa, meydan sahibləri ab-havanı dəyişmək üçün 3 xala ümid edir.

 

undefined

 

Tura paytaxt derbisiylə yekun vurulacaq. Autsayder “Zirə” “Dalğa Arena”nın da təmirə bağlanılmasından sonra ev oyununu bu tur “Bakcell Arena”da keçirməli olacaq. Turnir cədvəlinin zirzəmisində qərarlaşan “Zirə” qalib gəlməklə yanaşı, “Keşlə”nin də büdrəməsinə ümid edir. Bu reallaşsa, Samir Abasovun komandası 8-ci pilləni “Keşlə”yə təhvil verəcək. “Səbail” isə qazandığı 16 xalın 5-ni “havayı” əldə edib. Hazırda 3-4-cü pilləni “Sabah”la bölüşən “dənizçilər” 5 xalı texniki qələbələrdən sonra aktivinə yazdıra bildi. Aftandil Hacıyevin komandası liderlərlə gərgin mübarizəyə davam etmək üçün “qartallar”ı da “ovlamalıdır”.

 

Image may contain: 1 person, playing a sport, stadium and outdoor

 

SPORTAL.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right