Yuri Maksimov: "Özünə hörmət edən məşqçi "Keşlə"də işləməz"

"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov qol.az-a müsahibə verib.

 

Newsport.az xəbər verir ki, ukraynalı mütəxəssis sabiq komandasındakı məşqçi dəyişikliklərinə münasibət bildirən ukraynalı mütəxəssis "Qarabağ"ın "Vorskla" ilə oyunundan da danışıb.

 

- Azərbaycandan ayrıldıqdan sonra nə işlə məşğul olursunuz? Deyəsən, hələ də işsizsiniz...

- Hə, hələ ki, evdə dincəlirəm. Tez-tez dostlarımgilə gedirəm, onlarla gəzirəm.

 

- "Keşlə"dən sonra təklifləriniz olub?

- Bir neçə təklif almışdım, amma şərtlər məni razı salmadığı qəbul etmədim.

 

- Azərbaycan futbolu ilə yenə maraqlanırsınız? Premyer Liqamızın oyunlarına, xüsusilə də sabiq komandanızın oyunlarına baxmaq imkanınız olur?

- Əlbəttə, demək olar ki, bütün oyunları izləyirəm. Futbol olan günlər həm televizor, həm də kompüterim açıq olur. Ümumiyyətlə, tək Azərbaycan yox, Rusiya və Ukrayna çempionatlarının da oyunlarına baxıram.

 

- "Keşlə" bu mövsüm heç də yaxşı çıxış etmir və hazırda autsayderlər qrupunda qərarlaşıb. Dediniz ki, oyunlarına baxırsınız. Sizcə, komandanın aşağı pillələrdə olmasının səbəbi nə ola bilər?

- Klubun öz rəhbərliyi, məşqçilər korpusu var. Qoy, onlar özləri bu barədə danışsınlar. Mənim nəsə deməyim üçün komandanın düşərgəsində olmağım lazımdır.

 

- Sizin gedişinizdən sonra komandaya baş məşqçi təyin olunan Mladen Milinkoviç də istefaya göndərildi. Onu bu vəzifədə Tərlan Əhmədov əvəzlədi. Yəqin ki, Tərlan Əhmədovu tanıyırsınız...

- Açığı, bu təyinatdan xəbərim yoxdur. Heç nə eşitməmişəm. Tərlanı isə "Neftçi"dən tanıyıram. Ancaq onunla tanışlığım yalnız futbol matçından ibarətdir. Çempionatda bir neçə dəfə üz-üzə gəlmişik. Yalnız onda əl verib görüşmüşük. Başqa yaxınlığımız olmayıb.

 

- Sizcə, Əhmədov autsayder komandanı vəziyyətdən çıxara bilər?

- Bunu mən deyə bilmərəm.

 

- Bu, son 4 ayda "Keşlə"də artıq 3-cü baş məşqçi dəyişikliyidir...

- Bilirsiniz, mənə görə, özünə hörmət edən məşqçi heç vaxt "Keşlə" kimi klubda işləməz. Ancaq, bu, mənim şəxsi fikrimdir. Hamıya aid deyil. Şəxsən mən o cür rəhbərliyi olan komandada bir daha çalışmaram. Ancaq onu da deyim ki, işlədiyim bütün komandalara uğurlar arzu edirəm. Onlar mənim həyatımın bir hissəsi olaraq qalacaqlar və hər zaman həmin klublara azarkeşlik edib, oyunlarını izləyəcəyəm. Vəziyyətdən asılı olmayaraq, işlədiyim bütün komandalarda hər zaman nikbin olmağa çalışmışam.

 

- Yenidən Azərbaycanda işləmək istərdinizmi?

- Əlbəttə, böyük məmnuniyyətlə. Ancaq bir şərtlə ki, həmin klubun konkret məqsədi və vəzifələri olsun. Orada yalnız işdən danışılsın. Azərbaycan çalışmaq mənim üçün çox maraqlı idi.

 

- Bir həftə öncə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində Bakıda "Vorskla" ilə qarşılaşdı və rəqibinə minimal hesabla uduzdu. Həmin görüşü izlədiniz?

- Bəli, baxdım. Açığı, mənim üçün də gözlənilməz nəticə oldu. Çünki "Qarabağ" güclü və avrokubok təcrübəsi olan komandadır. Ukrayna futbolu isə yeni-yeni özünə gəlməyə başlayır. "Qarabağ" Azərbaycanın 1 nömrəli komandasıdır. Son illərdə qazandığı uğurlar da bundan xəbər verir. Məni daha çox sevindirən isə bir klubun uzun illərdir baş məşqçisinə güvənməsidir. "Qarabağ"da 2-3 oyun uduzan kimi baş məşqçini istefaya göndərmirlər (gülür). Yenə deyirəm, komandanın uğur qazanması daha çox rəhbərlikdən asılıdır.

 

- Bu komandalar arasında növbəti görüş gələn həftə Poltavada olacaq. Həmin qarşılaşmadan nə gözləyirsiniz?

- Məncə, evdəki məğlubiyyətə baxmayaraq, "Qarabağ" səfərdə rəqibini uda bilər. Futbol elə oyundur ki, hər nəticəyə açıqdır. Düşünürəm ki, ikinci oyun daha baxımlı alınacaq. Çünki komandalar artıq bir-birilərini tanıyırlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right