Tərlan Əhmədov “Keşlə”yə ələklə gəlməlidi

Əslində, Tərlan  Əhmədovla çoxdan görüşmüşdülər. Hələ Adil Nağıyevin öz qapısına qol vurub, “Zirə”ni “Keşlə” qarşısında büdrədəndən öncə bu görüş reallaşmışdı. Əgər “Keşlə” “Zirə”yə məğlub olsaydı, təyinat bu günə qədər yubanmayacaqdı. Lakin bəzən prezidentlərin, rəhbərlərin də planı gecikir. Qələbə, ictimai qınaqdan yayınmaq və bu kimi digər məqamlar Əhmədovun təyinatını yubatdı.

“Keşlə” Azərbaycan futboluna adını heç bitməkdə olan mürəkkəbin cızma-qarası ilə də yazdıra bilməyən Mladen Milinkoviç kimi sıradan məşqçi ilə “Səbail” məğlubiyyətindən sonra vidalaşdı. Mlinkoviç çemodanını yığarkən “Keşlə”nin baş məşqçisi postuna bir neçə namizədin adı hallansa da, əslində bu dolu posta namizəd axtarmaq idi. Çünki rəhbərlik seçimini etmişdi – Tərlan  Əhmədov. 

Sadəcə, münasibətlər bu gün rəsmiləşdi və mövsümün sonuna qədər müqavilə imzalandı.

Tərlan Əhmədov 10 ilə yaxındır ki, məşqçi karyerasına başlayıb. Sonuncu dəfə “Olimpik-Şüvəlan”ın kapitanı kimi futbolla vidalaşan Əhmədovun elə həmin klubda fəaliyyətə başlayacağı gözlənilsə də, bu, reallaşmadı. Ağasəlim Mircavadovun yanına, cənuba üz tutan Əhmədov daha sonra U-19 millisində özündən 10 dəfə məşhur Vəli Qasımova, daha sonra mehriban-düşmən olduğu mərhum Böyükağa Hacıyevə yardım etdi. AZAL-da bir neçə mövsüm baş məşqçi kimi işləyən Əhmədov nəyə qadir olduğunu daha çox qəbul etdiyi zaman zirzəmidə qərarlaşan “Neftçi”yə bürünc medalları qazandırmaqla göstərdi. Amma futbol təkcə gördüyümüz 90 dəqiqə deyil. Bəzən qazanılan nəticə də postunda qalmaq üçün yetərli olmur. Odur ki, Əhmədov bürüncünü də götürüb “Neftçi”dən getməyə məcbur oldu. Əhmədov elə bir simadır ki, onun Azərbaycanın öndəgələn hər bir klubu ilə az da olsa, bağlılığı var. 

Təsadüfi deyil ki, Əhmədovun “Keşlə”nin baş məşqçisi kimi debütü 31 oktyabrda, yəni sabah vaxtilə kapitanı olduğu “Qarabağ”a qarşı olacaq.  Daxili yarışda rəqibin “Qarabağ”dısa, əlavə bir şərhə də ehtiyac yoxdur. Görüşün nə qədər çətin, ağır olacağı hər kəsə məlumdur. Yəqin ki, Zaur Axundov belə məğlubiyyət fonunda 1 gündür ki, təyin olunan məşqçiyə bir söz deyə bilməyəcək. Əhmədovun “Keşlə”dəki ikinci oyunu isə onun üçün həyat qədər əhəmiyyətlidir. Çünki rəqib “Neftçi”dir. Əhmədov hər nə qədər ağ-qara rəngə bağlı olsa da, yəqin ki, indiki məqamda onu ancaq intiqam düşündürür. Bu intiqam isə göydəndüşmə bir məqamdır. Təxirə salınmış oyunu nəzərə almasaq, təqvimlə Əhmədov üçün ilk görüş də saya bilərik “Neftçi”yə qarşı dueli. Əhmədov bu oyunda nəticə qazanmaq üçün hətta özü belə bu yaşında meydançaya çıxıb oynamağa razı olar. 

Əhmədovlu “Keşlə”nin “Neftçi” qarşısında hazırkı durumdan qaynaqlanan daha bir üstünlüyü də var. Azərbaycanda belə bir qanunauyğunluq var ki, futbolçular yeni çalışdırıcının gözünə girmək üçün ilk oyunlarda hətta özlərini superistedad kimi göstərməyə güc tapırlar. Bu intiqam hissi alışıb-yanan Əhmədov üçün əlavə bir qığılcımdır. Üstəlik, lider “Neftçi” ilə qarşılaşmada qeydə alınacaq hər hansı bir uğurlu nəticə Əhmədovu göylərə qaldıracaq. Odur ki, Əhmədov bu günlərdə “Neftçi”ni daha çox  düşünəcək.

İlkin rəylərə əsasən deyə bilərik ki, 46 yaşlı mütəxəssisin “Keşlə” klubuna təyinatı yaxşı qarşılanıb. Əksəriyyət “Keşlə”nin, konkret olaraq, Zaur Axundovun Tərlan Əhmədova güvənməklə doğru addım atdığını düşünür. Əslində, düşüncələrin sağlam bir kökü var. Əhmədov  saçını həqiqətən də böyük futbolda ağardıb və elita klubunun baş məşqçisi olmağı haqq edir. Amma məşqçi işi birbaşa olaraq nəticəyə bağlıdır. Əhmədov nəticə qazanmaq istəyirsə, normal büdcəyə malik “Keşlə”yə ələklə gəlməyi yaddan çıxarmamalıdır. Çünki heyətdə yetərincə ciddi şkildə təmizləmə işi aparılmalı, xüsusən də burada gün keçirən vaxtı keçmiş və heç kimə lazım olmayan legionerlər yola salınmalıdır. Əhmədov bu klubda təkcə futbolçularla yox, eyni zamanda rəhbərliklə də dil tapmalıdır. Söhbət Zaur Axundovdan gedirsə, Tərlan Əhmədovun başqa yolu yoxdur. Ümumi rəyi rəhbər tutsaq, biz fotonu ən yaxşı halda mövsümün sonunda yenidən xatırlayacağıq. Ya yaxşı, ya da pis anlamda. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right