Kanibolotski "Vorskla"ya yol göstərdi: "Qarabağ"ın bununla bağlı problemləri var"

Ötən mövsüm "Qarabağ"da çıxış edən ukraynalı qapıçı Anton Kanibolotski ölkəsinin mətbuatına müsahibə verib.

Newsport.az xəbər verir ki, Polşa təmsilçisi "Medz"də çıxış edən 30 yaşlı qapıçı bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu barədə də fikirlərini bölüşüb.

- Azərbaycan çempionundan ayrılmağa sizi nə məcbur etdi?

- Bunun səbəbləri var idi. İlk növbədə az oyun keçirməyim məni qane etmirdi. İkincisi isə, Azərbaycanda 1 il yaşadım. Ukraynaya yaxın bir ölkəyə getmək istəyirdim. Bu səbəbdən də ayrıldım və Polşaya ayaq açdım.

- Maliyyə baxımından "Medz" və "Qarabağ"ı müqayisə etmək olar?

- Əlbəttə ki, yox. "Qarabağ"da hər şey qaydasında və yüksək səviyyədə idi.

- Azərbaycanda hansısa klubu "Qarabağ"ı "taxt"dan sala biləcəkmi?

- Əlbəttə, möcüzə hər zaman olur. Ancaq ən azı bu mövsüm dəyişiklik olacağını düşünmürəm. "Qarabağ" yenə çempionluğa layiqli görünür.

- "Qarabağ"ın əsas gücü nədədir?

- Digər komandalardan fərqli olaraq, heyətində texnikalı futbolçu çoxdur. Komanda taktiki planda da çox savadlıdır.

- Bu gün "Vorskla" səfərdə "Qarabağ"la oynayacaq. "Vorskla"nın futbolçularına nə məsləhət görərdiniz?

- Onlar evdə çox yaxşı oynayırlar. "Qarabağ" ilk dəqiqələrdən hücuma atılsa, heç kim üçün sürpriz olmayacaq. Poltavalılar isə standart vəziyyətlərdən yararlanmalıdırlar. "Qarabağ"ın bununla bağlı problemləri var. "Vorskla"nın "Arsenal" və "Sportinq"lə oyunlarını görmüşəm. Ona görə də  deyə bilərəm ki, bugünkü qarşılaşma maraqlı olacaq.

- Bu oyunu "Vorskla" üçün qrupdan çıxmaq baxımından sonuncu şans saymaq olar?

- Hesab edirəm ki, "Vorskla" "Qarabağ"ı uda biləcək gücdədir. Onların fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Komanda şəklində də pis təsir bağışlamırlar. Taktiki planda yaxşı hazırlaşsa və ən yaxşı oyununu göstərə bilsələr, 3 xala ümid etmək olar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right