Qurbanov: "Oyunçu yetişdirmək istəyiriksə, belə risklər etməliyik"

Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə Farer adalarına 3-0 hesabı ilə qalib gəlib.

Newsport.az saytının məlumatına görə, oyundan sonra millimizin baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:

- Futbolçularımı təbrik edirəm. Bizim üçün vacib qələbə idi. Ötən gün də demişdim ki, çətin oyun olacaq. Bu gün həqiqətən çətinlik yaşadıq. Meydança amili də öz sözünü deyirdi. Futbolçularımız xarakter göstərdilər. İki gün sonra vacib oyuna çıxacağıq. Çətin səfərdən qayıtdıqdan sonra məşq etmək üçün iki gün vaxtımız olacaq. İnanıram ki, Malta ilə oyuna hazır vəziyyətə gələ biləcəyik.

- Qrupdakı digər rəqibimiz Kosovo Malta üzərində qələbə qazandı. Bundan sonra əsas mübarizənin Azərbaycan və Kosovo arasında gedəcəyini düşünmürsünüz?

- Deməzdim. Bu gün bir daha şahidi olduq ki, asan komanda yoxdu. Farer adaları məğlub olsa da, yaxşı mübarizə apardı. Elə də asan olmayacaq. Bilirsiniz ki, Malta azlıqda qaldıqdan sonra məğlub olub. Həm bizim üçün, həm də Kosovo üçün qarşıdakı oyunlar asan olmayacaq. Qrupdakı hər bir komanda qalib gəlməyə qadirdir.

- Rahil Məmmədovun start heyətində olması bizi bir qədər təəccübləndirdi. Risk etdiyinizi fikirləşmirsiniz?

- Səbəblər çox idi. Özünüz də gördünüz ki, rəqib stantdart vəziyyətlər zamanı təhlükəli idi. Rahili qazanmaq istəyirik. O, özünü əsas heyət üzvü saymalıdır.  6-7 aydır ki, "Qarabağ"ın futbolçusudur. Bəli, riskli idi, ancaq ona güvənirdim. Rahil özünü yaxşı tərəfdən göstərdi. Gələcək üçün oyunçu yetişdirmək istəyiriksə, belə risklər etməliyik.

- İlk 20 dəqiqə bizim üçün ağır keçdi. Bu, rəqibin ilk dəqiqələrdə qol vurmaq istəməsindən irəli gəlirdi, yoxsa bizim taktiki gedişimiz idi?

- Çox istəyirdik ki, erkən qol vuraq. Ancaq evə oynayan komandanın üstünlüyü çox olur. Özünüz də gördünüz ki, başlanğıcda səhvlərimiz oldu. Buna normal baxıram. Ev komandaları həmişə ilk dəqiqələrdən qol vurmaq istəyir. Ancaq sonradan oyun öz axarına düşdü.

- Rüfət Dadaşov uzun müddətdən sonra millimizin formasını geyindi. Onun çıxışını necə dəyərləndirirsiniz?

- Açığı, Rüfəti meydana buraxmaqda risk etdim. Çünki sonuncu çempionat oyunundan əvvəl xəstəliyi olub, istənilən səviyyədə hazırlaşmayıb. Lakin klubundakı məşqçisi çempionat oyununda 90 dəqiqə meydanda saxlamışdı. Ona görə narahat idim. Ancaq məşqlərdə gördüm ki, futbolçularla anlaşması yaxşıdır. Bu, onun optimal forması deyil. Fikrimcə, qarşıdakı oyunlarda daha yaxşı Rüfət görəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right