"Sabah"ın futbolçusu: "Yeni komandayıq, bəzi səhvlər ola bilər"

"Baxımlı oyun alındı. "Qarabağ" çox yaxşı komandadır.  Kifayət qədər yaxşı ustalıq səviyyəsinə malik futbolçuları var. Bu matçda biz də mübarizə apardıq. Komanda yoldaşlarıma və verilmiş taktiki tapşırıqlar üçün baş məşqçimizə təşəkkürümü bildirirəm".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın futbolçusu Filip İvanoviç Topaz Premyer Liqasının VI turunda doğma meydanda "Qarabağ"a məğlub olduqları matçdan sonra deyib.  

26 yaşlı serbiyalı mərkəz müdafiəçisi bildirib ki, "Qarabağ"a məğlub olsalar da, növbəti turda "Neftçi" ilə görüşdə ən azı bir xal qazanmağa çalışacaqlar: "Neftçi" ilə qarşılaşmaya qələbə üçün çıxacağıq. Ən azından bir xal əldə etmək üçün mübarizə aparacağıq. Yeni komandayıq, bəzi səhvlər ola bilər.  Oyundan-oyuna inkişaf etdiyimizi və daha yaxşı ola biləcəyimizi düşünürəm. Növbəti görüşlərdə inkişafı görə biləcəksiniz". 

Filipin sözlərinə görə, "Sabah"ın avrokuboklarda iştirak etmək imkanının olmaması motivasiya təsir etmir: "Avrokubok haqda fikirləşmirik. Hər növbəti matç barədə düşünürük. Bəli, son 2 oyunda meydanı qolsuz tərk edirik. Çünki Marko Deviç fərqlənməyib.  Çox önəmli hücumçudur.  Lakin digər futbolçular da ona kömək etməli, həm də özləri qol vurmalıdırlar".

İvanoviç komandaya uyğunlaşdığını sözlərinə əlavə edib: "Özümü komandada çox yaxşı hiss edirəm. Komanda yoldaşlarım, klubda çalışanlar mənə kömək edirlər.  Stadiona gələn azarkeşləri də gördünüz. Onlara da təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, hər oyuna bu qədər azarkeş gələcək".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right