"İndi daha başabaş mübarizə gedir" - Namiq Ələsgərov

Azərbaycan Premyer Liqasının V turunda "Neftçi" səfərdə "Zirə"yə 2-1 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra qonaqların yarımmüdafiəçisi Namiq Ələsgərov jurnalistlərə müsahibə verib. 23 yaşlı futbolçu öncə oyun barədə danışıb:

- Çətin oyun oldu. Samir Abasovun gəlişindən sonra hiss olunur ki, “Zirə” fərqli oynayır. Oyundan-oyuna artırırlar. Sonda əzmkarlıqlar qalib gələ bildik.

- “Neftçi” ikinci qoldan sonra hücumlar təşkil etmirdi. “Zirə” elə də güclü komanda deyil ki, onlara qarşı ancaq müdafiədə oturasan. Fiziki gücünüzə arxayın olmadığınız üçün irəli getmirdiniz, yoxsa bu taktiki gedişiniz idi? 

- Fiziki durumumuz pis deyil. Bu, oyunun gedişinə görə belə oldu. 2-ci qolu buraxmaq istəmirdik. Baş məşqçinin tapşırığı belə idi.

- Baş məşqçilər arasındakı gərginlik və onların texniki zonadan qovulması oyuna təsir etdi?

- Orda nə baş verdiyini görmədim. Çalışdıq ki, baş məşqçi üçün oynayaq.

- Çempionluq barədə düşünürsünüz, yoxsa hələ tezdi?

- Bu barədə düşünmək çox tezdir. Bu mövsüm hədəfimiz çempionluqdur. Hazırda liderik və bunu qorumaq istəyirik.

- 2-ci pillədə nə “Qəbələ”dir, nə də “Qarabağ”. Sizin ən yaxın izləyiciniz debütant “Sabah”dır.

- “Sabah” yaxşı komandadı, oyunlarına baxırıq. Bizi onlarla ağır oyun gözləyir. Çalışacağıq ki, qalib gələcək.

- “Neftçi” “Qarabağ”la çempionluq uğrunda mübarizə apara biləcək?

- Əvvəlki illərə baxanda indi daha başabaş mübarizə gedir. “Qarabağ”a səfərdə uduzmadıq. İndi mübarizə gərgindir və son tura kimi davam edəcək.

- Nəzərə almaq lazımdı ki, “Qarabağ”ın ikinci heyəti ilə bərabərə qalmışdınız.

- “Qarabağ” üçün elə də böyük fərq etmir. Onların heyəti genişdir. İkinci heyətdəki futbolçular da özlərini göstərmək üçün var qüvvə ilə oynayırlar. Orada birinci və ikinci heyət fərqi yoxdur. Ötən il “Qarabağ”ın əsas heyətinə uduzmamışdıq.

- Bir müddət sonra çempionluq uğrunda iki komandanın – “Neftçi” və “Qarabağ”ın mübarizə aparacağını düşünmək olar?

- Bunu demək üçün hələ tezdir. “Sabah”ı sürpriz rəqib kimi söyləmək olar. “Qəbələ” də çempionluq uğrunda mübarizə aparacaq. “Qarabağ” və özümüz də bu yarışda olacağıq.

- Növbəti turda “Səbail”lə qarşılaşacaqsınız.

- “Səbail”in “Zirə” ilə matçına baxmışdıq. Başabaş mübarizə getmişdi. Bu gün “Zirə” ilə oyunda çətinlik çəkdik. Asan oyun yoxdu. Mübarizə aparmaq lazımdı.

- “Neftçi”nin 28 tura tab gətirmək üçün heyəti kifayət edəcək?

- Bizim də oyunçularımız var. Yaxşı kollektivik. Tab gətirə bilərik.

- Millimizin baş məşqçisi Qurban Qurbanov yerli futbolçuların klublarda çox oynamadığını bildirmişdi. Legionerlərə nə üçün uduzursunuz?

- Zədəli olduğum üçün oynamırdım. Məşqçi şans verdi, əlimdən gələni etdim ki, faydalı oynayım. Baş məşqçi kimi meydana buraxırsa, çıxıb oynamalıdı.

- Millidə yerini Mahir Mədətova uduzmusan.

- Mahir də yaxşı futbolçudu. Bu barədə nə deyim? Həmin vaxt klubumda oyun keçirməmişdim. Amma ötən tur ehtiyatdan oyuna daxil oldum, bu gün də start heyətdə idim. Çalışacam gələn dəfə milliyə dəvət alanda şans qazanım.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right