Prinsipial məqamlar, debüt və dönüş: Bütün bunlar Premyer Liqada!

Azərbaycan milli komandalarının oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış 19 günlük fasilə başa çatır.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycan Premyer  Liqasının IV turuna start veriləcək. 

Başıbəlalı “Qarabağ” – “Sumqayıt” oyunu ilə start

IV turun ilk oyunu bu gün keçiriləcək. Əslində, turun görüşləri şənbə və bazar günü reallaşmalı idi. Amma “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki iştirakına görə, müvafiq dəyişikliklərə getməsi adi hal kimi qəbul olunmağa başlayıb. Odur ki, “Qarabağ” – “Sumqayıt” oyunu qeyri-ənənəvi gündə, cümə günündə reallaşacaq. Ən qarışıq məqam isə oyunun yeri ilə bağlı oldu. Əslində, bu matçda “Sumqayıt” meydan sahibi qismində çıxış etməli idi. Sadəcə olaraq, “Sumqayıt”ın stadion problemi aktual olduğu üçün alternativ məkan kimi “ASK Arena” təsdiqlənmişdi. Lakin son anda Qurban Qurbanov burada oynamaqdan imtina etdi. Rəsmi müraciətlərdən sonra növbəti dəyişikliyiə icazə verildi və oyun “Qarabağ”- “Sumqayıt” oyunu kimi tədiqlənib, “Azersun Arena”ya təyin edildi.

Bu gün  faktiki olaraq Azərbaycanın ən oturuşmuş heyətə  malik komandası ilə, debütant “Sabah”ı çıxsaq ən yenilənmiş heyətə malik komandası “Sumqayıt” üz-üzə gələcək. Bunu Azərbaycanın ən uğurlu məşqçisi Qurban Qurbanovla ən uğurlu futbolçusu Nazim Süleymanovun döyüşü kimi də qələmə vermək olar. Süleymanovun  heyət baxımından müəyyən problem var. Belə ki, Nicat Qurbanov cəza səbəbindən bu matçı buraxacaq. Oyunu maraqlı edən məqamlardan biri isə Əfran İsmayılov amilidir. Futbolda qazandıqlarına, futbolçu kimi yetişməsinə görə “Qarabağ”a borclu olan İsmayılov bu dəfə əks cəbhədə mübarizə aparacaq. Əfranın karyerasında bir neçə dəfə belə hal olsa da, budəfəki tam başqadır. Məsələ burasındadır ki, Əfranla “Qarabağ” arasında bütün körpülər demək olar ki yanıb. 

Turun ilk oyununu İnqilab Məmmədov idarə edəcək. 

Şənbə günü tək görüş yeri

Turun ikinci oyunu “Səbail” və “Zirə” arasında keçiriləcək. “Bayıl Arena”da reallaşacaq matç sözsüz ki, ən çox Samir Abasov baxımından önəmlidir. Ölkənin perspektivli məşqçilərindən hesab olunan  Samir Abasov məhz bu oyunda “Zirə”nin baş məşqçisi kimi rəsmi debüt edəcək. Şənbə günü tək oyun olduğu üçün “Bayıl Arena”nı da yeganə görüş yeri kimi qələmə vermək olar. Amma həyatda reallıqlar hər şeydən üstündür. Fakt odur ki, istənilən məqamla bu oyun üçün azarkeş kütləsi toplamaq çox çətindir. Rəqiblərin ümumi durumu və bütün perspektivləri buna imkan vermir.

Boş tribunalar önündə olsa da, oyunun maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyə bilərik. “Zirə”də yeni nəfəs, yeni qan var. Yəqin ki, futbolçular özlərini göstərmək üçün canla-başla çalışacaqlar. “Səbail” isə öz meydanında uduzmaq istəməyəcək. Bütün bunları nəzərə alsaq, oyunu turun ən mübarizə vəd edən matçı kimi dəyərləndirmək mümkündür. Bu gərgin qarşılaşmanı gənc hakim Rəşad Əhmədov idarə edəcək.

“Sabah”la “Qəbələ”nin Əlincə döyüşü

Bazar günü iki oyun nəzərdə tutulub ki, günə Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da start veriləcək. Bu oyunda “Sabah” və “Qəbələ” üz-üzə gələcək. Fasilə dövründən “Sabah”ın daha yaxşı yararlandığını demək olar. Ona görə ki, futbolda əsas vasitələrdən biri məkan, meydança amilidir. Fasilədə bu baxımdan “Qəbələ” bəlkə də ən axsayan komanda oldu. “Bakı”nın təlim-məşq bazası ilə bağlı qeyri-müəyyənlik olduğu üçün şimal təmsilçisi orda-burda məşq etdi, eyni zamanda  “Qəbələ” milliyə çox sayda oyunçu göndərdiyi üçün tam heyətlə hazırlıq keçə bilmədi. “Sabah” isə bu baxımdan bir addım öndədir. Üstəlik meydan amili “Sabah”ın lehinədir. Komanda məhz bu arenada ilk qələbəsini qazanmaq üçün alışıb-yanır. Alışıb-yanmaq sözünü “Qəbələ”nin kapitanı Cavid Hüseynova da şamil etmək olar. Çünki 3 oyunluq cəzadan sonra Hüseynov yaşıl meydançalara dönür. Bazarın ilk matçını son vaxtların ən yaxşı formada olan hakimlərindən biri Rauf Cabbarov idarə edəcək. 

Finişdə geri dönüş

Əslində, “Bakcell Arena” “Neftçi”nin evi deyil. “Neftçi”nin evi daha çox Tofiq Bəhramov adına Respublika stadionu hesab oluna bilər ki, indi o arenanın qapısını belə açan yoxdur. Lakin “Bakcell Arena” “Neftçi” üçün daha doğma məkan sayılır, nəinki digər arenalar. Sözümüz ondadır ki,  təmirdən sonra “Neftçi” “Bakcell Arena”ya geri dönür.  Roberto Bordinin başçılıq etdiyi “Neftçi” bu oyunda  digər əcnəbi məşqçi Mladen Milinkoviçin çalışdırıdığı “Keşlə” ilə üz-üzə gələcək. Geri dönüşü, heyəti və digər məqamları nəzərə alsaq, görüşün favoriti “Neftçi”dir. Turun son matçı Ramil Diniyev tərəfindən idarə olunacaq. 

Çingiz ABASOV /futbol11.az

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right