BOS tilsimi: “Qarabağ” niyə məcbur edilməlidir?

Bilməyənlər bilsin ki, Tofiq Bəhramov adına Respublika Stadionu Gənclər və İdman Nazirliyinin balansındadır. Amma stadionun ot örtüyünün yaxşı vəziyyətdə saxlanılmasından tutmuş digər məsələlərə qədər hər şey “Qarabağ” klubunun nəzarəti altındadır.

“Qarabağ” çempionatdakı ev oyunlarını “Azersun Arena”da keçirsə də, həqiqətən də uğurlu çıxış etdiyi avrokuboklardakı matçlarını Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşdırır. 33 min tamaşaçı tutumuna malik stadion qrup mərhələsinə qədərki oyunlarda bu mövsüm hələ ki tam dolmayıb. Stadionun tam dolmaması bir qədər mənfi hal olsa da, qrup oyunlarındakı anşlaqın daha yaxşı olacağını söyləyə bilərik. “Qarabağ” nəticələri ilə bunu haqq edir. 

“Tofiq Bəhramov” ərazi, ot örtüyünün vəziyyəti, tribunaların meydana daha yaxın yerləşməsi və azarkeşlərin sevimli məkanı olması baxımından çox əlverişlidir. Əgər azarkeş qarşısında iki stadion seçimi qoyub, Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika Stadionu təklif etsən, böyük əksəriyyət ikinciyə üstünlük verəcək.

“Qarabağ”ın qrup oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəyi açıqlandıqdan sonra gələn müraciətlərə əsasən də, bunu deyə bilərik. Müraciətlərin çoxu stadion dəyişikliyinə mənfi reaksiyalardan ibarətdir. Azarkeşlərin fikrincə, “Qarabağ” özünü Tofiq Bəhramov adına Respublika Stadionunda daha rahat hiss edir. Araşdırmalarımız onu göstərir ki, bu, təkcə azarkeşlərin rəyi deyil. Eyni zamanda, futbolçular, məşqçilər korpusu da Tofiq Bəhramov adına Respublika Stadionunu uyğun məkan sayır və faktiki olaraq dəyişiklik istənilmir. 

Məsələ burasındadır ki, AFFA “Qarabağ”a BOS-da oynamağı təklif edib. Təklifdən isə imtina etmək mümkündür. Əgər “Qarabağ” özünü Tofiq Bəhramov adına Respublika Stadionunda rahat hiss edirsə, stadion standartlara cavab verirsə, belə olan halda AFFA-nın hər hansı bir tələb kimi təklifi nəyə xidmət edir?

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Sportinq” və “Vorskla” ilə üz-üzə gələcək. Bu oyunlardan yalnız “Arsenal” ilə matçda hansısa yer çatışmazlığından danışa bilərik ki, belə olan halda BOS variantı real görünə bilər. Digər iki oyunda isə Tofiq Bəhramov adına Respublika stadionu güclə dolar, qalmışdı BOS tribunaları dolsun. Amma bir məsələ var ki, “Qarabağ” “Arsenal” ilə oyunu Bakı Olimpiya Stadionunda keçirməsi vacibdir. Bu isə “Qarabağ”ın istəmədiyi bir durumdur. 

Lakin unutmaq olmaz ki, Avropa Liqasının qrup mərhələsinə  “Qarabağ” klubu vəsiqə qazanıb. “Qarabağ” müstəqil və AFFA-dan heç bir asılılığı olmayan qurumdur və ev oyununu istədiyi tələblərə uyğun olan arenada keçirə bilər. Bu məsələdə kluba heç bir müdaxilə lazım deyil. Bizə Avropa Liqasında uğurlu nəticə lazımdır. Klub da belə bir nəticəyə Bakı Olimpiya Stadionunda imza atacağını düşünür. Odur ki, hər hansı bir yersiz müdaxiləyə, məcburiyyətə ehtiyac yoxdur.

P.S. 2019-cu ildə Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunun üçün sınaq matçlarına ehtiyac varsa, əlinizdə Millətlər Liqası kimi turnir var. Mövcud çatışmazlıqları həmin liqada görə bilərsiniz. Hansı ki bunların sayı kifayət qədərdir. Hansı ki, bu barədə yazı yazmışdıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right