Zaur Axundovdan futbolçulara cərimə: "Milinkoviçlə sabah təkbətək söhbətim olacaq"

"Keşlə"nin prezidenti Zaur Axundov Topaz Premyer Liqasının III turunda doğma meydanda "Səbail"ə 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir: 

- Oyundan sonra komandayla keçirdiyiniz iclas xeyli çəkdi və yəqin ki, futbolçulara iradlarınızı bildirdiniz. Əsas narazılıqlarınız nədən ibarət idi?

- Tək futbolçulara yox, məşqçilər korpusunda yer alanlara da iradlarımı bildirdim. Çünki 3 oyundan 1 xal Azərbaycan Kubokunun qalibi üçün təbii ki, böyük zərbədi. Geniş iclas keçirdik və necə deyərlər, isti-isti fikirlərimi bildirdim. Lazımı futbolçulara sözümüz deyildi ki, nəticə çıxarmalıdırlar. Əks təqdirdə yəqin ki, həmin futbolçularla yollarımızı ayıracağıq. 

- Söhbət hansı futbolçulardan gedir?

- Hamıdan. Bu, kollektiv oyundu. Beş futbolçu canını yandıdırsa, altısı yandırmırsa, deməli, komandanın daxilində problem var. 

- Bəlkə bu haqda danışmaq tezdi, ancaq Mladen Milinkoviçi baş məşqçi postuna gətirməkdə peşmançılıq çəkirsiniz?

- Xeyr-xeyr. Milinkoviç tanınmıqş məşqçidi. Düzdür, komandaya az bir müddətdi qoşulub. Ancaq artıq 3 oyun keçirib və işini də görürük. Tək Milinkoviçdən söhbət getmir, burada köməkçiləri - Zaur İsmayılov, Cəmaləddin Əliyev, Aleksandr Karakliç də var. Hansılar ki, futbolun taktikasını, məşq prosesini məndən də yaxşı bilirlər. Onlarla da söhbət etdim. Ancaq deyim ki, bu gün kimsə səhv elədi, bu, düzgün çıxmaz.

- Onlar uğursuzluğu nəylə izah etdilər?

- Əsas komandadan əzmkarlıq, döyüşkənlik görmədim. Bunu futbolu bilən adam kimi özünüz də kənardan gördünüz. Birinci hissədə komanda demək olar yox idi, meydanda gəzirdi. İkinci hissənin əvvəlində 2-ci qolu buraxandan sonra komanda hərəkət etməyə başladı. Statistikaya nəzər salsanız, 4 yüzfazilil qol imkanımız oldu. Yarım metrdən, bir metrdən qol vura bilmədik. Sərtan Taşkını olsun, Andre Klennon olsun, Samir Məsimovu olsun. Axı, bunlar peşəkar futbolçulardı, peşəkar liqada oynayırlar. Təbii ki, irad bildirilməlidi.

- Start heyəti bir qədər təəccüblü oldu. Üç hücumçu - Amil Yunanov, Bahddir Nasimov və Vaqif Cavadov  ehtiyatda oturmuşdu. Bir də təcrübəli müdafiəçi Adrian Skarlatake. Həmin futbolçularla bağlı problemlər var?

- Yox. Baş məşqçinin qərarına, start heyətlə bağlı seçiminə heç kim müdaxilə etmir. Təbii ki, Milinkoviçlə sabah təkbətək söhbətim olacaq. Onun yaranmış vəziyyətlə bağlı analizi olmalıdı. Ancaq tək Milinkoviç yox, orda 3 digər məşqçi də var. Ancaq son 11-liyi baş məşqçi yazır. Bu, onun qərarıdı, sonra da götürdü 35-ci dəqiqədə 2 əvəzləmə etdi. 

- Heyətdə dəyişiklik etsə də, görünür, futbolçuları yaxşı tanımır. Amil Yunanov ötən mövsüm "Sumqayıt"da mərkəz hücumçusu kimi qolları sıralayırdısa, onu sağ cinah yarımmüdafiəçisi kimi oynatdı. Sanki 1 nəfər azlıqda oynayırdınız...

- O tanımasa da, köməkçiləri burdadır axı. Neçə ildi komandadırlar, futbolçuları yaxşı tanıyırlar. Təbii ki, onlara da öz iradımı bildirdim. Dedim ki, bu məşqçi yenidi, mən biləni, gəlişindən 1 ay keçməyib, ancaq köməkçiləri kimi necə vaxtdı burdadırlar. Baş məşqçinin köməkçiləri kimi ona yardım etməli, sözlərini deməlidirlər axı. Siz məndən daha yaxşı bilirsiniz ki, Amil hücumun mərkəzində oynayır. Bu, onun əsl mövqeyidi. Bunu isə baş məşqçiyə mən, siz yox, köməkçiləri deməlidi. 

- Bəs futbolçu seçimi necə? Yeni gələn futbolçulardan razısınızmı? İstər Nikola Mitroviç, istər Miloş Bosançiç olsun, komandaya kömək edə bilmirlər...

- Sizinlə tamamilə razıyam. Açıq deyim ki, yeni transferlərimizdən razı deyiləm. Onlar komandaya köməklik edə bilmirlər və həmin futbolçulara da iradlar bildirildi. Özlərinə də dedim ki, sizdən ortada daha əzmkar, aktiv oyun gözləyirdim. Ancaq özləri də dedilər ki, tam hazır deyilik. Bunu futbolçular açıq şəkildə özləri də etiraf edirlər. Qabaqda 14-15 gün vaxt və təbii ki, iki gün sonra məşqlərə başlayacaqlar. Ümidvaram ki, komanda üzvləri bugünkü iclasdan lazımı nəticə çıxaracaqlar. Vaxt tez keçir, nəsə dönüş yaratmalıyıq.

- Bugünkü iclasda əvvəlki oyun sxeminə qayıtmaq da müzakirə olundumu? Çünki "Keşlə" 3-5-2 sxemində daha gözəl futbol oynayırdı, eyni zamanda yaxşı nəticələr qazanırdı. Sanki 4-4-2 futbolçulara yaramır.

- Sizinlə razıyam. Ancaq yenə də bu, məşqçilərə aid məsələdi. Açıq deyim ki, bu gün iradımı baş məşqçidən çox köməkçilərinə dedim. Onlara çox irad bildirdim. Axı, siz baş məşqçiyə kömək etməlisiniz. Bu adam bilsin nə, necə olubdu. Onu nə mən, nə də futbolçular deməlidi. Bunları köməkçiləri baş məşqçiyə ya məsləhət, ya da nəsə izahat verərək, deməlidi. 

- Futbolçuların özlərinə gəlməsi üçün hər hansı cərimə gözlənilirmi?

- Təbii ki, olacaq. Özlərinə də dedim. Çempionatda hər bir komandaya hörmətlə yanaşıram. AFFA rəhbərliyi, PFL də çalışır ki, çempionatımız yüksək səviyyədə keçsin. Düzdür, 8 komandayla çətindi. Hər komanda hər oyun bir sistem göstərir. Rəqiblərimizin hər birinə hörmətlə yanaşıram, ancaq "Sabah"la, "Zirə"ylə, "Səbail"lə matçların heç birində qələbə qazanmamaq...

- Təqvim də "Keşlə" üçün çox uğurlu idi. Üç oyuna 9 xal toplayaraq, fasiləyə lider kimi yollana bilərdiniz...

- Təbii ki. Startda elə rəqiblər idi ki, onları məğlub etməli idik. Əsas problem o idi ki, yeni çempionatın startına bir neçə gün qalmış əsas orta sahə oyunçumuz Sezar Mezal Kolli getdi. Bildiyiniz ki, o, karyerasını Rumıniyada davam etdirməyə qərar verdi. 

- Onun mövqeyinə yeni oyun qurucusu tapmaq belə çətindi?

- Tapa bilmədik. Vaxtımız az olduğuna, çempionat artıq başladığına görə ilk olaraq, Miloş Bosançiçi götürdük. Firiləşirdik ki, o, yarımmüdafiənin mərkəzində boşluğu doldurar. Bəlkə də 10-15 günə tam hazır olar.

- Sezarı saxlamaq çox çətin idi? Maaş çox istəyirdi, yoxsa könlü burda deyildi? Hər halda, onunla müqaviləniz olsa da, gedişinə əngəl törətmədiniz...

- Bilirsiniz, bu, klubdaxili sirdir. Sizə qısa deyim ki, şəxsən mən Sezarın qalması üçün çox çalışdım. Bilirsiniz, yanvarda gələndə də yaxşı vəziyyətdə deyildi. Bir ildən çox futbol oynamırdı, artıq çəkisi vardı, təlim-məşq toplanışımıza kök halda gəlmişdi. Ancaq ona inandım və 3-4 oyundan sonra bu adam formaya, relsə düşdü. Sadəcə, bu, futboldu, müqaviləsi olanın da gedişi olur.

- "Keşlə" Sezarın Rumıniya klubuna keçidindən hər hansı gəlir əldə etdimi?

- Gəlir deyəndə ki, ona xərclədiyimizi özümüzə qaytardılar. Sezar 3-4 matçdan sonra oynamağa, bizə kömək etməyə başladı. Ancaq həmin müddətə qədər onu formaya gətirmək üçün nə qədər vəsait sərf etdik. Söhbət o maliyyə vəsaitindən getmir. Təbii ki, orta sahədə Sezar kimi futbolçumuzun olmasını istəyərdik. Ancaq futbolda heç kim heç yerdə qalmır daimi qalmır, məcburi saxlamaq olmaz.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right