"Hər şey Qurban Qurbanovdan asılıdır" – Rahid Əmirquliyev

"Səbail”in kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqanın 2-ci turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, komandasının ardıcıl 2 oyunda məğlub olmasının səbəblərini açıqlayan təcrübəli futbolçu milli komandamızın sentyabr ayında start götürəcək UEFA Millətlər Liqasındakı şanslarını da dəyərləndirib.

-2 oyunda 2 məğlubiyyət və buraxılan 5 qol. Komanda niyə belə zəif təsir bağışlayır?

- Biz də çempionata belə başlamaq istəməzdik. “Qəbələ”dən də ən azı xalla qayıtmaq niyyətində idik. İlk ev matçımızda yaxşı oyun göstərmək istəyirdik. İlk 2 turda çempionluğa iddialı komandalarla qarşılaşmışıq. Buna baxmayaraq, “Qarabağ”a qarşı pis oynamadıq. Ən azından uduzmamalıydıq. Qol imkanlarımız da oldu, istifadə edə bilmədik. “Qarabağ” elə komandadır ki, səhvləri bağışlamır. İkinci oyundur ki, eyni səhvlərdən uduzuruq. Futboldur, gələn oyunlara baxmalı və yol verdiyimiz səhvləri aradan qaldırmalıyıq.

- Çempionata 2 məğlubiyyətlə başlamısınız. Komandanın ümidi nəyədir?

- Komandaya elə futbolçular cəlb olunub ki, hədəf Avroliqa uğrunda oynamaqdır. Çempionluğa oynayan 2 komanda ilə görüşlərdə uduzmuşuq. Belə olmağını biz də istəməzdik. Növbəti turda vəziyyəti düzəltməyə çalışacağıq.

- “Səbail”ə yenicə transfer olsanız da, adınızdan yetərincə söz etdirmiş futbolçusunuz. Yeni komandanız da sizə böyük ümid bəsləyir. Əvvəlki formanızı qaytarmaq üçün sizə nə qədər vaxt lazımdır?

- Axır vaxtlar az oynayırdım. Belədə futbolçu formada ola bilməz. Çempionat yeni başlayıb. Heç kim deyə bilməz ki, ideal formadadır. İlk turlarda adətən belə olur. Oyundan-oyuna əvvəlki formama qayıtmağa çalışacağam.
 

- Azərbaycan Premyer Liqanın 3-cü turundan sonra milli komandanın heyəti açıqlanacaq. Özünüzü həmin heyətdə görürsünüzmü?


- Bunu Qurban Qurbanovdan soruşsanız, yaxşıdır. Mən hazırda əlimdən gələni edirəm ki, həm “Səbail”ə kömək edim, həm də əvvəlki formama qayıdım.

- Sizcə, hazırda millidə oynamağa layiqsiniz?

- Deyə bilmərəm, bu dəqiqə ideal formadayam. Amma yenə də qərar baş məşqçidən asılıdır.

- Sentyabr ayında Millətlər Liqası başlayacaq. Kosovo və Malta ilə oyunlar barədə nə düşünürsünüz?

- Kosovonun oyunlarına baxmışam. Çox yaxşı komandadır. Ağır oyunlarımız olacaq. Hamı düşünür ki, Kosovo zəif rəqibdir, amma belə deyil.

- Bakıda heç olmasa bu komandadan 1 xal almaq olar?

- Evdə oynayacağıq. 1 xal yox, 3 xala da ümid var. Milliyə kimlər çağırılacaqsa, qələbə qazanmağımız üçün əllərindən gələni edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right