"Həyatda bir səhv etmişəm, indi də onun acısını çəkirəm”

PFL prezidenti Ramin Musayevin premyer-liqanın 2018/19 mövsümünün püşkatma mərasimində Ruslan Tağızadə ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyətdə çox böyük əks-səda doğurdu:

 

“Ruslan Tağızadənin atası məni boğaza yığıb. And verir ki, oğluma kömək elə, premyer-liqadakıların əksəriyyətindən güclü oyunçudu.

 

Deyir ki, ölkənin bayrağını qaldırmışıq. Harda qaldırıblar, bilmirəm. Halbuki onun da adı danışılmış oyunlarda hallanır. Amma fikirləşmir ki, ondan futbolçu olmaz”. 


Ramin bəy bu sözlərlə bir daha Azərbaycan futbolunda xahiş- minnətlə top qovmağın mümkün olduğunu ortaya qoydu. Tağızadə nümunəsində Ramin bəy xarakter göstərib, xahişi nəzərə almasa da, heç şübhəsiz, hamı onun kimi deyil.

 

Ölkə futbolunda “xətir üstə xəstə yatanların”, general sözündən çıxa bilməyənlərin, “otkat” qarşısında gün vurmuş dondurma kimi əriyənlərin sayı yetərincə çoxdu.

 

Bundan başqa, PFL prezidenti açıq mətnlə Tağızadənin aşağı dəstədə “qara işlərlə” məşğul olduğunu vurğuladı, məhz bu səbəbdən kənarda qaldığını bildirdi. 


Bəs görəsən, 24 yaşlı futbolçu Musayevin söylədiklərinə necə münasibət göstərir? İttihamlarla razılaşırmı? Mövqeyini öyrənmək üçün bir neçə gün Ruslanı arasaq da, zənglərimizə cavab vermirdi

 

. Nəhayət, onunla əlaqə saxlamaq mümkün oldu. Hazırda klubsuz qalan futbolçu əvvəlcə heç nə danışmayacağını söyləsə də, sonradan fikirini dəyişdi və suallarımı cavablamağı lazım bildi (Futbol+).


Yəqin ki, Ramin Musayevin sən və atan haqda söylədikləri fikirlərlə tanışsan.
- Ramin müəllimin dediklərini yaxşı başa düşürəm. O demək istəyir ki, xahişlə futbol oynamaq olmaz. Ancaq hər bir valideyn övladının gələcəyi üçün narahatdı. Bütün valideynlər kimi, atam da istəyir ki, yenidən böyük futbola dönüm, elitada çıxış edim. Bir neçə il öncə olduğu kimi, üzdə olan futbolçulardan biri olum. Açığı, atamın PFL prezidentinə müraciət etməsindən xəbərim yox idi. Biləndən sonra ona “kiməsə ağız açmağın, mənə görə kimisə narahat etməyin lazım deyildi” dedim. Onu da əlavə etdim ki, kömək edərlər lap yaxşı, etməzlər də Allah canlarını sağ etsin. Alınacaq karyeramı davam etdirəcəm, alınmasa da, dünyanın sonu olmayacaq ki. Başqa sahəyə üz tutaram. Başqa işlərə baş vur bilərəm. Azdan-çoxdan müəyyən biznesimiz var.
 

24 yaşlı futbolçunun atasının oğlunun futbol oynaması üçün kiməsə minnətçi düşməsi nə dərəcədə düzdü? Hətta məndə olan məlumata görə, atan təkcə PFL prezidentinə yox, əksər premyer-liqa klublarının rəhbərlərinə, Prezident Administrasiyasına da müraciət ünvanlayıb.
- Bilirsiz, necədi? Mən yetim uşağam.
 

Nə mənada yetim? Atan sağdı axı…
- Anam rəhmətə gedib, bizə atam baxıb. Bu səviyyəyə də öz gücümə gəlib çıxmışam. Heç kim deyə bilməz ki, Ruslanı mən qabağa “dartmışam”. Nə AZAL-da, nə “Qəbələ”də, nə də millidə heç kim mənə dəstək olmayıb. Oyunuma görə diqqət mərkəzində olmuşam. Sadəcə, həyatda bir dəfə səhv etmişəm ki, indi də onun acısını çəkirəm.
 

Söhbət hansı səhvdən gedir?
- “Qəbələ”dən ayrılandan sonra “Zirə” ilə müqavilə bağladım. Ancaq Türkiyədən gələn təklifə görə “Zirə” ilə yolları ayırdım. Orda da işlərim düz getməyincə geri qayıtdım. Ondan sonra elə bil çarxım çönüb, bəxt məndən üz döndərib.
 

Bəlkə demək istəyirsən ki, “Zirə”yə arxa çevirdiyinə görə bu gün elitadan kənarda qalmısan?
- Elə fikir ağlımdan da keçməyib. Ancaq təkrar edirəm: elə bil bəxtim bağlanıb. Gərək Türkiyəyə yollanmayaydım. Ondan sonra “Sumqayıt”la müqavilə bağladım. Ancaq nədənsə Samir Abasov məni komandada görmək istəmədi. Bu haqda mətbuatda da çox yazıldı, qeyri-peşəkarlığa görə “Sumqayıt”ı çox qınadılar. Ancaq heç bir faydası olmadı. Əlimdə notariusda təsdiq olunmuş müqavilə olsa da, heç kim bunu nəzərə almadı.
 

Tutaq ki, Samir Abasovla münasibətin yaxşı olmadığına görə səni sərəncamında görmək istəməyib. Bəs Nazim Süleymanov necə? Bu yay “Sumqayıt”ın düşərgəsində baxışda olsan da, bəyənilmədin.
- Nazim müəllim mənə dedi ki, burda bəzi şeylər var, açıb-ağarda bilmirəm. Ona hansı məşqçilərin rəhbərliyi altında futbol oynadığımı xatırlatdım. “Zəif olsaydım, onlar mənə güvənməzdilər” söylədim. Futbolçunu basdırmaq, onun yolunu bağlamaq ən asan işdi. Çətini ona yenidən şans vermək və böyük futbola qaytarmaqdı. Tarixdə qalan da sonuncudu. Nazim müəllimə hətta “mənə pul lazım deyil, 6 ay şans verin. Etimadınızı doğrultmasam, özüm komandadan gedəcəm” dedim. Futbolçu bundan artıq nə deməlidi? Mənə bir toplanış kifayətdi ki, yenidən əvvəlki ideal formamı bərpa edim.
 

Ramin bəy açıqlamasında onu da qeyd etdi ki, adın oyun alğı-satqısında hallanır. Bu günə kimi hüquq-mühafizə orqanları tərəfindən sorğu-suala dəvət olunmusan? 
- Mənə bir dəfə də bu sual verilib. Allah şahiddi ki, mən heç bir “qara iş”lə məşğul olmamışam. Hətta bu məsələ ilə bağlı son bir ildə rəhbərliyi altında oynadığım baş məşqçilərə - Həbib Ağayevlə Əsgər Abdullayevə də zəng vurub maraqlanıblar. 
 

Kim məlumat almışdı?
- AFFA-dan maraqlanmışdılar. Hər iki baş məşqçi də məndən şübhələnmədiklərini bildiriblər. PFL prezidentinin fikirlərini hörmətlə yanaşıram, ancaq mən heç vaxt belə işlərə qol qoymamışam.
 

Səni başa düşmək olmur. Bir yandan deyirsən ki, heç vaxt “qara iş”lə məşğul olmamaışam, bir yandan da səni oyun alğı-satqısında ittiham edən şəxsin fikilərinə hörmətlə yanaşdığını bildirirsən… Bu nə deməkdi? Sanki özünü “sığortalamağa” çalışırsan? 
- Qardaş, məni nədəsə ittiham etmirlər? Araşdırma aparsınlar, ortaya sübut qoysunlar ki, Tağızadə filan oyunda nəsə edib. Zəif təsir bağışladığım matçlar olub. Bunu etiraf edirəm. Ancaq bu o demək deyil ki, bilərəkdən belə etmişəm. Hər bir futbolçunun mövsüm ərzində pis təsir bağışladığı qarşılaşmalar olur. Buna görə onu oyun alğı-satqısında ittiham etmək gülüncdü. Həmin məntiqlə dünya ulduzları da zəif çıxış etdikləri görüşlərdə “qara işlər”ə qol qoyublar. Mən araşdırma aparılmasını istəyirəm.
 

Bir suala cavab vermədin: hüquq-mühafizə orqanları səni sorğu-suala çəkib? 
- Məni heç kim heç hara dəvət etməyib. Sorğu-suala da dəvət olunmamışam. Bütün gün evdə olan adamam. Bir dəfə belə söhbət “Turan Tovuz”da oynadığım vaxt olmuşdu. Onda da nə lazımdı demişdim. Ondan sonra “Qaradağ Lökbatan”ın şərəfini qorudum. 
 

Tovuz klubunda olduğun vaxt səninlə kim danışmışdı? 
- Əsədov soyadlı bir şəxs. Ona da eyni sözləri dedim. Onu da əlavə etdim ki, ola bilsin, mənə inanmazsız. Araşdırma aparın, günahım sübut olunarsa, cəzasını çəkməyə hazıram. Bilirəm ki, alnım açıq, üzüm ağdı. 
 

Gələcək karyeranla bağlı nə düşünürsən?
- Hazırda iki variant var. Bir yerli, bir də ölkə xaricindən olan klubla danışıqlar gedir. Onlardan cavab göləyirəm. yaxın günlərdə bütün məsələlərə aydınlıq gəlməlidi. İnanıram ki, bütün bu söz-söhbətə baxmayaraq, futbol oynamağa davam edəcəm və sübut edəcəm ki, məni siyahıdan silmək hələ tezdi.

 
sportinfo.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right