Rəşad Sadıqov əvəzlənməsini özü istəyib "O, məni yaxşı mənada təəccübləndirdi"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Albaniyanın "Kukesi" klubunu evdə 3:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

Newsport.az təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir:

- Səfər və ev oyunlarındakı fərq nədən ibarət idi?

- Səfər və ev oyunları arasındakı fərq hər iki komandanın çıxışlarında özünü büruzə verir. Bu oyunda da belə oldu, keçmişdə də olub, gələcəkdə də davam edəcək. Evdə çıxış etməyin üstünlüyü odur ki, doğma azarkeşlər önündəsən. Bu, istər-istəməz psixoloji cəhətdən müəyyən üstünlük verir. Oyuna gəldikdə, fikrimcə, pis alınmadı. Çoxsaylı hücumlar qurduq, xeyli kombinasiyalar yaratdıq. Düşündüyümüz və planlaşdırdıqlarımızdan hamısı olmasa da, bir çoxu alındı. Bu da sevindirici amillərdəndir. Ümumilikdə çıxışımızı normal qiymətləndirirəm.

- "Kukesi"yə nəzərən, "Qarabağ" sanki rahat idi.

- Rahat deməzdim. Açığı, üzərimizdə böyük basqı var idi. Hərdən elə oyun olur ki, onu udmağa özünü borclu hiss edirsən. Matçdan öncə də futbol ictimaiyyəti və özümüzə bu amil çox mane olurdu. Ən çox narahat edən məqam o idi ki, uduzmaq kreditimiz yox idi. Ona görə də üzərimizdə basqı var idi. Çox sevinirik ki, bu gün səhvə yol vermədən lazımi nəticəni əldə etdik. 

- Əvvəlki ilə indiki İnnosent Emeqaranı necə dəyərləndirərdin?

- Açığı, bu gün belə oyunu məni yaxşı mənada təəccübləndirdi. Çünki aprelin əvvəllərində zədələndiyindən, son oyununu 4 ay əvvəl keçirmişdi. Qurban Qurbanov ona inanıb güvəndi. Emeqara da özünü yaxşı tərəfdən göstərdi və etimadı doğrultdu. Baxmayaraq ki, cəmi 6 gün topla məşq etmişdi.

- Emeqara hücum xəttində axtardığınız futbolçudur?

- Hesab edirəm ki, belə çıxış etsə, əlavə hücumçu axtarışına gərək olmayacaq.  

- Əvəzlənməyinizi özünüz istəmişdiniz?

- Bəli. Bir az yorğunluq və ayağımda ağrı hiss etdim. Ona görə də riskə yol vermək istəmədim. 

- Növbəti rəqibiniz Belarus BATE-si olacaq.

- BATE təcrübəli komandadır. Son illər avrokuboklarda uğurla çıxış edirlər. Düşünürəm ki, gərgin şəraitdə keçən iki oyun izləyəcəyik. 

- BATE-nin əvvəlki səviyyədə olmaması sizin xeyrinizə deyil?

- Belə amillər meydanda o qədər də rol oynamır. Meydana çıxırsan, rəqibdən hər şey gözləmək olar. Onların da üstün cəhətləri olur. Bilmirsən ki, rəqibin bəzi xüsusiyyətləri sənin xeyrinədir, yoxsa ziyanına. 

- İlk oyunun Bakıda keçirilməsi rəqibin xeyrinə olan amil deyil?

- Ehtiyatlı, diqqətli olmalıyıq. Rəqib BATE-dir. Evdə buraxdığın qol və ya məğlubiyyət istər-istəməz şansları çətinləşdirir. Amma qalib iki oyunluq mübarizənin yekununda bilinəcək.

- Mahir Mədətov bu gün əlverişli imkanlardan yararlana bilmədi. U-21-də Mədətovun baş məşqçisi kimi onda nəyin çatmadığını düşünürsən? 

- Tam əksinə, bu gün Mahirin oyunu çox yaxşı alındı. Çox yaxşı açıldı. Ondan istənilən o idi ki, hücumda irəli açılmağı bacarsın. Bunları edə bildi. Əlverişli epizodlarda düşüncəsi də pis deyildi. Zərbələrini uzaq küncə vurmaq istəyirdi. Lakin texnikasında yanlışlıq oldu. Bunlar da zamanla düzələn şeylərdir. 

- Futbol ictimaiyyətində belə fikirlər yaranıb ki, Mədətovda bundan sonra inkişaf getməyəcək.

- Razı deyiləm. İndiki yaş dövründə eniş və yüksəlişlər olacaq. "Ulduz xəstəliyi"nə tutulduğunu hələlik hiss etməmişik. Hiss etsək, özü ilə danışar, tədbirlər görərik. Həmin Mahirdir, əvvəlki qaydada öz işinə davam edir, çalışır. Sadəcə, bu gün qol vəziyyətlərindən yararlanmadıqca özü də pis olurdu. Daha da güclü olmaq, bu gün alınmadısa, sabah vurmağa çalışmaq lazımdır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right