Qurban Qurbanov: “Bu, onun üçün problem olmayacaq”

“Azarkeşlərimizə təşəkkür edirəm. Oyuna xüsusi rəng qatdılar. Oyuna gör futbolçularmızı təbrik edirəm”.

 

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Kukesi”ni qəbul edib. İki oyunun nəticəsinə görə təmsilçimiz mərhələ adlayıb. Oyundan sonra keçirilən mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib:

 

- Meydanda istədiklərimizi edə bildik. Düzdü, bizim üçün çətin oyun oldu. Hər bir halda, qalib gəldik və növbəti mərhələyə adladıq. Artıq növbəti oyun haqda düşünməliyik. Təcrübəli komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, düzgün hazırlıq prosesi keçməyə, rəqibimizi qiymətləndirməyə çalışacağıq.

 

- Emeqara ilk oyununda penaltidən yararlana bilmədi. Bu, onun üçün problem olmayacaq?

- Bu gün Daninin oynayıb-oynamayacağı bəlli deyildi. Səhər məşqində yüngül xəsarət almışdı. İlk penalti zamanı Emeqara topa yaxınlaşdı və buna mane olmadım. Ancaq ikinci penaltinin Daninin yerinə yetirməsini istədim. Sualınıza gəlincə, təcrübəli futbolçudur, penaltini yerinə yetirə bilmədiyi üçün təəssüfləndi. Bu, onun üçün problem olmayacaq.

 

- BATE haqqında hansı məlumatlara maliksiniz?

- BATE haqda məlumatım yoxdur. Sabahdan rəqib barədə məlumatlar toplamağa çalışacam. Onu deyə bilərəm ki, ciddi rəqiblə qarşılaşacağıq. Bizim üçün çox çətin qarşılaşmalar olacaq.

 

- Bu qələbəni son vaxtlar ermənilərin hörmətsizlik etdiyi ilə bağlı xəbərlər yayılan Allahverdi Bağırova həsr etmək olarmı? Bir də azarkeşlər komandanın matçlara üzərinə onun şəkli vurulmuş geyimlərlə çıxmasını istəyirlər...

- Həsr etməkdə heç bir problem yoxdu. Mən dəfələrlə demişəm ki, biz belə insanlar üçün oynayırıq. Adımız da bunu göstərir və bunu həmişə qoruyub saxlamağa çalışırıq. İlk dəfə qrupda qələbə qazananda da onu məcburi köçkünlərə həsr etmişdik. Çünki bu, onları az da olsa sevindirir və bəzi şeyləri unutdurur. Allahverdi Bağırov da Azərbaycanın qəhrəmanıdı və qələbəni ona da həsr etmək lazımdı. Şəkillə oyunlara çıxmağa icazə verib-verməyəcklərini bilmirəm. Heç kəs narahat olmasın, hər biri qəlbimizdədi. Həmişə çalışmışıq ki, nəticələrimizlə onların hörmətini saxlayaq. Biz pillə-pillə qalxdıqca şəhidlərimizin ruhu şad olacaq.

 

- Xeyli qol epziodu boşa verildi. Bunu nə ilə bağlıdır?

- Oyunun əvvəlindən bir az həyəcan var idi. Futbolçularım belə imkanlardan istifadə etməyə malikdirlər. İnanıram ki, bundan dərs çıxaracaqlar.

 

- Mahir Mədətov xeyli epizoddan yararlana bilmədi.

- Əlinə xeyli imkan düşdü. Əgər onun üçün bir neçə epizod yaranırsa, bu, məni qane edir. Vura bilməməsi isə təcrübə ilə bağlıdır. Mahir qol vura bilmədiyi üçün əsəbiləşmişdi. Oyundan sonra ona dedim ki, ruhdan düşməsin. Sağ olsun, azarkeşlərimiz də ona dəstək verdilər. 

 

- “Qarabağ” üçün transfer çalışmaları başa çatıb?

- Yox, açığı, bitməyib. Axtarışdayıq, danışıqlar gedir. Hər mövqeyə futbolçu axtarırıq. Nə dərəcə alınacaq, bunu qarşıdakı günlərdə görə biləcəyik. Bir az səbrli olmaq lazımdır. 

 

- Vaqner da Silva Hannes Halldorrsonu kölgədə qoymağı bacarıb?

-Yox, Hannes kölgədə qalmayıb. Bilirsiniz ki, gələndə zədəli idi. Qarşıdakı oyunlarda meydanda çıxmaq ehtimalı var. Hər bir qapıçı mənim üçün önəmlidir. Onların hər birinin oynamaq ehtimalı var.    

 

- Rəşad Sadıqovun milliyə qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Hal-hazırkı qərar necədir? 

- Ölkədə futbolçu çatışmazlığı var. Ruslanın zədə alması bütün planlarımızı pozdu. Düzdü, bu mövqeyə görə narahatam. Amma Rəşadın qayıtması ilə bağlı düşünməmişəm. Özü də bildirmişdi ki, lazım olsa, milliyə qayıdaram. Yenə deyirəm, bu barədə Rəşadla söhbət etməmişəm.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right