"Qarabağ" öz oununu oynasa, sonda istədiyi nəticəni qazanacaq" Rauf Əliyev

"Qəbələ"nin hücumçusu Rauf Əliyev müsahibə verib.

Newsport.az-ın məlumatına görə, komandasının hazırkı durumundan danışan futbolçu "Qarabağ"ın "Kukesi" ilə keçirəcəyi cavab oyununa toxunub, eyni zamanda sabiq məşqçisi Mladen Milinkoviçin "Keşlə"yə baş məşqçi təyin olunmasına münasibət bildirib.

- Avroliqa ilə erkən vidalaşmağınız komandaya necə təsir etdi?

- Açığı, Avroliqada mübarizəni dayandırdığımıza görə komandada əhval-ruhiyyə istədiyimiz kimi deyil. Amma irəli baxmaq istəyiriksə, çətin də olsa, həmin uğursuzluğu unutmalıyıq. Çünki bizi qarşıda çempionat gözləyir. Mövsümə uğurlu başlamaq üçün daha yaxşı hazırlaşmalıyıq.

- "Qəbələ" çempionata tam hazırdır, yoxsa hələ də çatışmazlıqlar var?

- Mən bir futbolçu olaraq, nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm. Bunu məşqçilər heyəti daha yaxşı bilər. Onsuz da çatışmazlıq hər komandada olur. Heç bir komanda həmişə ideal vəziyyətdə ola bilməz. Qarşıda hazırlıq oyunumuz var. Həmin matçda hansı çatışmazlıqlarımızın olması daha yaxşı bilinəcək.

- Avrokuboklarda mübarizəyə 4 komanda ilə başlasaq da, hazırda beynəlxalq arenada ölkəni yalnız "Qarabağ" təmsil edir. Yəqin ki, "Kukesi" ilə səfər oyununu izlədin. İlk qarşılaşmadan sonra fikirlərin necədir?

- Həmin oyunun ilk hissəsini izlədim. Buna əsasən deyə bilərəm ki, hər iki komanda qol buraxmamağa diqqət ayırdı. "Kukesi" meydanda daha sıx oynayırdı. Onlar da bilirdilər ki, "Qarabağ"a qarşı başqa taktika ilə oynaya bilməzlər. Cavab oyunu öncəsi "Qarabağ" daha şanslı görünür. Evdə oynayacaqlar. Amma rəqibin 1 qolu hər şeyi korlaya bilər. Deyərdim ki, azarkeşləri maraqlı oyun gözləyir.

- Ötən mövsümün birinci hissəsini "Kukesi"də keçirmisən. "Qarabağ"dan bu komanda ilə səndən nə isə soruşan olub?

- Xeyr, olmayıb. Heç nə soruşmayıblar.

- Səncə, "Qarabağ" "Kukesi"ni keçmək daha çox nəyə diqqət yetirməlidir? Rəqibin ən zəif nöqtələri hansıdır?

- Düzdür, "Kukesi"də oynamışam. Amma o vaxtdan bu yana komandada çox dəyişiklik olub. Məndən sonra 2 dəfə baş məşqçi dəyişiblər. Heyətin 70-75 faizi yeni oyunçulardan ibarətdir. Sadəcə, arxa xəttdən 2-3 futbolçu mənim vaxtımda da oynayırdı. "Qarabağ" öz oyununu oynasa, sonda istədiyi nəticəni qazanacaq.

- "Qarabağ"ın oyununda stadionda olacaqsan? "Kukesi"dən görmək, görüşmək istədiyin kimsə var?

- Oyunu stadiondan izləyib-izləməyəcəyimi dəqiq bilmirəm. Amma "Kukesi"nin kapitanı Yuli Şameti ilə münasibətim yaxşıdır. Dünən danışmışıq. Dedi, Bakıya gələndə görüşək. Alınsa, onunla görüşəcəyəm.

- Mövzunu dəyişək. Bir neçə gün öncə "Kukesi"nin sabiq çalışdırıcısı Mladen Milinkoviç "Keşlə"yə baş məşqçi təyin olundu. Onun təyinatını necə qarşıladın?

- Bunun mənim üçün elə bir fərqi yoxdur. "Keşlə" bilər, məşqçi bilər. Mənə o qədər də maraqlı deyil.

- "Kukesi"dən ayrılandan sonra Milinkoviç səni tənqid etmiş və Albaniya çempionatının səviyyəsinə uyğun futbolçu olmadığını demişdi. Azərbaycan Premyer Liqasında yollarınız kəsişəcək. Maraqlıdır, serbiyalı mütəxəssislə üz-üzə gələndə haqqında səsləndirdiyi fikirlərə görə ona nəsə deyəcəksən, yoxsa...?

- Bu açıqlama mətbuatda qarşıma çıxmışdı. Jurnalistlər də sual vermişdilər. Sadəcə, özümü onun səviyyəsinə salmaq istəmirəm. Çünki cavab verməyi mənasız görürəm. Mən gələndən 10-15 gün sonra özünü klubdan göndərmişdilər. Qarşılaşsaq da, heç nə demərəm. Sadəcə, öz oyunumu oynayacam. İnsandı da, belə ucuz-ucuz fikirlər bildirir. Xasiyyətini bildiyim üçün ondan belə bir şey gözləyirdim. Ona görə də sözlərinə heç fikir də vermədim.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right