"Azərbaycan pasportunu əldə etmək üçün..." Pedro Enrike

“Qriqorçuku Azərbaycan çempionatından tanıyıram. “Qəbələ” klubunda baş məşqçi idi. Onun çox yaxşı oyun fəlsəfəsi var. Ümid edirəm ki, onunla hər şey qaydasında gedəcək”.

 

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Astana”da icarə əsasında çıxış edən Pedro Enrike söyləyib. 28 yaşlı vinger “Qarabağ”da birgə çıxış etdiyi millimizin üzvü Riçard Almeydadan danışıb: “Riçard çox  yüksək texnikaya malik futbolçudur. Ağıllı futbol oynayır. Bunu sözgəlişi demirəm. Biz çox yaxşı dostuq. Ümid edirəm ki, Riçard “Astana”da da əsl oyununu göstərəcək və onun üçün hər şey yaxşı olacaq.  O, Azərbaycan millisində çıxış edir, ancaq mən 3 ildir bir yerdə uzun müddət qala bilmirəm. Azərbaycan pasportunu əldə etmək üçün 5 il orada oynamaq lazımdır. Hazırda mənim ürəyim Braziliya millisi ilə döyünür. Ancaq  ora düşmək çox çətindir. Orda yüksək səviyyəli futbolçular çıxış edir. Bu üzdən də “Astana”nın oyunlarına köklənəcəm”.

 

Braziliyalı futbolçu “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində ilk qolunun müəllifi olmasını da xatırlayıb: “Qarabağ”ın heyətində vurduğum qolu yaxşı xatırlayıram. Ümid edirəm ki, “Astana”da da bunu bacaracam. Ancaq qrupa düşmək üçün əvvəlcə təsnifat mərhələlərini keçməliyik”.

 

Qeyd edək ki, Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right