Rəşad Sadıqov: "Azarkeşlərimizi, futbol ictimaiyyətimizi səbirli olmağa çağırıram"

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Qol.az-a müsahibə verib.

Newsport.az saytının məlumatına görə, Avstriya toplanışını dəyərləndirən təcrübəli müdafiəçi yeni transferlər və Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” ilə Sloveniyada keçiriləcək ilk oyun haqda da fikirlərini bölüşüb.

- Avstriyada keçirdiyiniz təlim-məşq toplanışı istədiyiniz kimi alındımı?

- 20 günə yaxındır ki, Avstriyada təlim-məşq toplanışı keçiririk. Ümumən hər şey qaydasındadır. Yetərincə məşq edib, yoxlama görüşləri keçirdik. İstədiyimiz kimi alınmayan şeylərdən biri o oldu ki, komanda tam formalaşmadı. Transferlərimiz, bəzi futbolçularımız düşərgəyə bir az gec qoşuldu. Bəzi transferlər isə tamamlanmayıb. Bu baxımdan bir az çətinlik oldu. İstərdik ki, toplanışın əvvəlindən tam heyətlə hazırlaşaq. Amma bu dəqiqə futbolda da görürsən ki, hər şey istədiyin kimi alınmır. Xüsusilə transfer dönəmində bir çox komandalar istədiyi futbolçuları almaqda çətinlik çəkirlər. Biz də eyni çətinliyi yaşayırıq. Bilirsiniz, mövsümün sonunda “Qarabağ”dan bir çox oyunçu getdi. Onların yerini doldurmaq asan deyil. Artıq neçə ildən sonra “Qarabağ”da yenilənmə gedir, bu prosesi yaşayırıq. Maksimum səviyyədə çalışırıq ki, bu dövrü yaxşı keçək.

- “Qarabağ” Avstriya toplanışı ərzində  keçirdiyi 4 yoxlama oyununda qələbə qazana bilmədi və cəmi 2 qol vurdu. Bu amil hansısa narahatlığa əsas verirmi?

- Bu sual hər toplanış vaxtı bizə verilir. Əlbəttə, könül istəyər ki, həm qələbə qazanasan, həm də yetərincə qollar vurasan. Nələrinsə alınmamağı, məğlub olmaq həmişə narahatlığa səbəb yaradır. Amma ümumi götürsək, bunlar yoxlama görüşləri idi, qarşıdakı oyunlara hazırlıq xarakteri daşıyırdı. Nələrsə alındı, nələrsə alınmadı. Bəzi oyunlarda bəzi sınaqlar keçirildi. Hazırlığın nə dərəcədə yaxşı alınıb-alınmadığını rəsmi oyunlarda hamımız birlikdə görəcəyik.

- Azarkeşlərdə müəyyən narahatlıq var ki, hələ də hücumçu alınmayıb. Qarşıdakı günlərdə ön xəttə yeni futbolçu transferi gözlənilirmi?

- Qurban müəllim hücum xətti ilə bağlı bəzi şeyləri sınaqdan keçirdi. Bilirsiniz, bizdə hücumçu kimi Mahir Mədətov variantı var. Filip Ozobiç də toplanış vaxtı bəzi oyunlarda hücumçu kimi oynadı və pis alınmadı. Ancaq bu mövqeyə transfer hazırda gündəmdə olan məsələdir. Bildiyim qədər, bəziləri danışıqlar gedir. Çatdıra bilsələr, bu turda da iştirak ərizəsinə salmaq olar, sabaha qədər vaxtımız var. Bununla bağlı işlər gedir.

- “Qarabağ” yay transfer dövründə heyətini 6 yeni futbolçu ilə gücləndirib. Yeni oyunçular bir kapitan kimi sizə necə təsir bağışladı?

- Yeni transferlər xoş təsir bağışlayırlar. Xüsusilə də işgüzarlıqları və işlərinə yanaşmaları ilə. Bu da bizim kollektiv üçün çox önəmlidir. Bilirsiniz ki, komandamızda həmişə bu tip amillərə önəm verilib. Xasiyyət olaraq da komandaya tez uyğunlaşıblar. Atmosfer baxımından hiss etmirik ki, komandaya 6 nəfər təzə futbolçu gəlib. Mehriban şəkildə hazırlıq keçdik. Yeganə məsələ odur ki, futbolçuların komandanın oyun üslubuna uyğunlaşması üçün vaxt lazımdır. Bu dövrü səbirli şəkildə keçməliyik. Çünki heyətdə 1 futbolçu dəyişikliyi olanda belə komandanın oyununa təsir edir. Amma bizdə birdən-birə 4-5 dəyişiklik olacaq. Azarkeşlərimizi, futbol ictimaiyyətimizi səbirli olmağa çağırıram. Hamımız bu çətin dövrdən birlikdə keçməliyik.

- İki gün sonra Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Olimpiya” ilə qarşılaşacaqsınız. Yəqin ki, rəqibi ətraflı şəkildə analiz etmisiniz. Sloveniya klubu haqda nə deyə bilərsiniz?

- Rəqibi analiz etmişik. Düşünürəm ki, “Olimpiya” haqda nəsə danışmağa ehtiyac yoxdur. Çünki hamı onların nə dərəcədə ciddi rəqib olduğunu bilir. Yaxşı komandadır, heyətlərində səviyyəli futbolçular var. Bizim üçün yeganə problem odur ki, rəqibi tam analiz edə bilmirik. Çünki məşqçi dəyişikliyi baş verib. Yeni məşqçi də öz fəlsəfəsini komandaya yeritməyə çalışır. Ötən ilki komanda ilə indiki arasında fərq var. Böyük olmasa da, bəzi taktiki gedişlərdə fərq hiss olunur. Bizi çox ciddi sınaq gözləyir. Əlimizdən gələni edəcəyik ki, bizim üçün hər şey yaxşı olsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right