“Neftçi”nin məşq mərkəzinin adı dəyişdirilib.
Newsport.az saytının məlumatına görə, İsmət Qayıbov adına “Neftçi”nin təlim-məşq bazası bundan sonra “Türk Hava Yolları Məşq Mərkəzi” adlanacaq.
Bu barədə məlumatı “Neftçi”nin prezidenti Kamran Quliyev verib: “Bizim məşq mərkəmizinin adı bundan sonra “Türk Hava Yolları” adlanacaq. Hazırda bu məsələyə böyük diqqət yetiririk. Bizim bütün layihələrimizdə “Türk Hava Yolları”nın adı hallanacaq”.
Qeyd edək ki, “Neftçi” bu gün “Türk Hava Yolları” ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 1 illik nəzərdə tutulub. 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edən "Türk Hava Yolları” Avropanın ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. İspaniyanın "Barselona”, İngiltərənin "Mançester Yunayted”, Almaniyanın "Borussiya” (Dortmund), Ukraynanın "Şaxtyor” kimi məşhur klublarına sponsorluq etmiş şirkət Türkiyənin 4 böyük klubu – "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” və "Trabzonspor”la da əməkdaşlıq edir.