"Avroliqada yaxşı nəticə qazanmaq istəyirik” - Cavid Hüseynov

“Zədəmlə bağlı komandaya bir az gec qoşuldum. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Futbolçular arasında mehriban ünsiyyət hiss olunur. Oyunçularla baş məşqçi arasında peşəkarlığa söykənən yaxın münasibət var. Bu da sevindirici haldır. Sənan Qurbanov daha əvvəl bir neçə oyunluq komandaya baş məşqçi kimi rəhbərlik edib. Bu dəfə onun fəaliyyəti uzunmüddətli və “Qəbələ” üçün uğurlu olacağına inanıram".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov “qırmızı-qaralar”ın mövsümlərarası hazırlığını dəyərləndirərkən klubun saytına deyib.

O, məşq prosesinin yaxşı səviyyədə keçdiyini bildirib: "Bütün oyunçuların səylə məşq etdiyi, inkişafa çalışdığı hiss olunur. Qarşıda bizi UEFA Avropa Liqasının oyunları gözləyir. Bu turnirdə yaxşı nəticə qazanmaq istəyirik”.

30 yaşlı yarımmüdafiəçi I təsnifat mərhələsinin Lüksemburq “Proqres”i ilə ilk oyununa hazır olmağa çalışdığını qeyd edib: “Əsas müalicə dönəmini arxada qoymuşam. 2-3 günə komanda ilə kollektiv çalışmalara qoşulacam. “Proqres”lə ilk görüşdə iştirak edib-etməyəcəyim hələ dəqiqləşməyib. Zədədən sonra tam sağalsam belə, meydana çıxmağımla bağlı qərarı baş məşqçi verəcək. Komandanın uğuru üçün hansı addım məqsədəuyğundursa, o addım da atılacaq”.

Hüseynov ilk rəqib barədə də fikirlərini bölüşüb: “Rəqib barədə əldə etdiyimiz məlumatlara əsasən onları təhlil etmişik. Kifayət qədər ciddi rəqib, yaxşı komandadır. Komandamız da matça ciddi yanaşır. Bizim üçün ən vacib olan nəticədir. Bunu istəyiriksə, rəqibi özümüzdən üstün hesab etməli, buna uyğun hazırlıq keçməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right