Riad Rəfiyev: “Yaxın günlərdə daha bir neçə transfer həyata keçirəcəyik”

Dünən “Sumqayıt”ın ofisində həyat qaynayırdı desək, yanılmarıq.

 

Bir tərəfədə əvəzedici heyətin, digər tərəfdə əsas komandanın məşqçilər koprusu bir araya gəlib, klub prezidenti Riad Rəfiyevlə görüş saatını gözləyirdi.

 

Əsində “bir araya gəlib” ifadəsini sözgəlişi qeyd etdim. İstər əsas, istərsə də əvəzedici heyətin məşqçilər koprusu bir yerdə oturub dərdləşir, öz aralarında gəlmişdən-keçmişdən söhbət edirdilər.

 

Nazim Süleymanovun yeni təyin olunmuş köməkçisi Samir Ələkbərovun dadlı-duzlu söhbətləri, əsas komandanın qapıçılarla işləyən məşqçisi Emil Babayevin əvəzedicilərin çalışdırıcısı Elbrus Məmmədovla bir tərəfə çəklib söhbət etməsi klubdakı işgüzar mühitdən xəbər verirdi.

 

Bu arada klubun əsas himayədarı “Azərikimya”nın rəhbərliyinin stadiona baş çəkdiyini vurğulayaq. Rəsmilər istər “Kapital Bank Arena”ya, istərsə də yeni salınan meydanlara göz gəzdirib, görülən işlərlə tanış oldular.

 

Onları isə “ağ-göylər”in vitse-prezidenti Vaqif Ömərov müşaiyət edirdi. Vitse-prezidenti gələn qonaqlara görülən işlər barədə məlumat verdi.

 

Klubun düşərgəsinə baş çəkəsən, rəhbərliklə söhbət etməyəsən... Fürsətdən istifadə edib Riad Rəfiyevlə görüşdük (Futbol+).

 

“Kimyaçılar”ın prezidenti vaxtının az olduğunu bildirib, “Rəşad, baş qaşımağa vaxt yoxdu, bir azdan iclasa girəcəm” söyləsə də, bəzi suallarımızı cavablandırmağa razılıq verdi. 


- Əksər klublar hazırlığa start versə də, “Sumqayıt” təlim-məşq toplanışına başlamayıb. Sizə elə gəlmir ki, gecikirsiz? 
- Heç bir gecikmədən söhbət gedə bilməz. Premyer-liqada növbəti mövsüm avqustun 11-də start götürəcək. Bizim komanda isə sabahdan (bu gündən) hazırlığa başlayacaq. Qarşıda hələ 45 gün var. Fikrimcə, ayyarım çempionata hazırlıq üçün yetərlidi. Bütün bunları baş məşqçi ilə razılıaşdırmışıq. 
 

- Mövsümlərarası fasilədə “Sumqayıt” bir çox yeni oyunçularla anlaşdı. Transferlər artıq yekunlaşıb, yoxsa qarşıdakı günlərdə yeni simalar görəcəyik?
- Yaxın günlərdə daha bir neçə transfer həyata keçirəcəyik. İşimiz tam yekunlaşmayıb. Komandanı gücləndirmək yolunda çalışmalarımız davam edir. Çalışırıq ki, yeni mövsümdə rəqabətədavamlı, ötən dəfə sizə dedyim kimi, avrokuboklara vəsiqə uğrunda mübarizə apara biləcək “Sumqayıt” formalaşdıraq. Bunun üçün axtarışlarımız hələ davam edir. Bəzi mövqeləri mütələq gücləndirməliyik. 
 

- Adı “Qəbələ” ilə yanaşı çəkilən Aleksey İsayevlə müqavilə bağladız ki, bu da bir qədər gözlənilməz oldu. Onun keçidinin detalları barədə məlumat verməyiniz istərdik. 
- Təxminən 15 gün olar ki, Alekseylə ortaq məxrəcə gəlmişik. İki həftə öncədən onunla danışıb müsbət cavab almışdıq. Ancaq “Zenit”lə apardığımız danışıqlar səbəbindən transfer bir qədər gec gerçəkləşdi. Danışıqlar zamanı bəzi detallar ətrafında müəyyən fikir ayrılığı yaranmışdı. Buna baxmayaraq, sonda istədiymizə nail olduq və İsayevi rənglərimizə bağladıq. 
 

- Belə çıxır ki, “Sumqayıt”a artıq legioner transfer etmək icazəsi verilib. Əks halda Rusiya vətəndaşı olan yarımmüdafiəçinin keçidini reallaşdıra bilməzdiz. İnternet qaynaqlarında futbolçunun Azərbaycanla bağlılığı ilə bağlı heç bir bilgi yoxdu. 
- İsayevin bir tərəfi, daha dəqiq desəm, atası azərbaycanlıdı. Soyadına baxanda da bunu görmək olar. Çox perspektivli, komandanın gücünə güc qata biləcək səviyyədə futbolçudu. Məhz buna görə də onu komandaya dəvət etmişik. 
 

- Rusiya mətbuatında yazılanlara inansaq, İsayevin xidmətində bir çox klub maraqlı olub. Ancaq o nədənsə “Sumqayıt”da oynamağa üstünlük verib. Yarımmüdafiəçi büdcəsinə görə Rusiya birinci dəstəsində çıxış edən klublar arasında ən imkanlılardan olan “SKA-Xabarovsk”un təklifini belə geri çevirib. Ona nə qədər maaş təklif etmisiz ki, Azərbaycana üz tutub? 
- Burda söhbət maaşdan getmir. Sadəcə, İsayev gələcək perspektivi nəzərə alaraq bizim klubun təklifinə müsbət cavab verib. Onu düz qeyd etdiz ki, yarımmüdafiəçi ilə Rusiyanın bir çox klubu maraqlanıb, real təklif göndərib. O futbola Krasnoyarsk təmsilçisi “Yenisey”də başlayıb. Sərgilədiyi oyunla “Zenit”in rəhbərliyinin diqqətini cəlb edib. İki il öncə Sankt-Peterburq təmsilçisi 500 min avro ödəməklə onu transfer edib. İlk il birinci dəstədə mübarizə aparan “Zenit -2”nin heyətində çıxış edib. Sön mövsümdə isə icarə əsasında “Yenisey”in şərəfini qoruyub. Krasynoyarsk təmsilçisinin elitaya yüksəlməsində onun da xidməti olub. 
 

- Komandanın Rusiya premyer-liqasına yüksəlməsində xidməti olan futbolçunu nə əcəb belə asanlıqla əldən veriblər? 
- Yuxarıda qeyd etdiyim kimi Aleksey “Yenisey”də icarə əsasında top qovurdu. Onun transfer hüququ “Zenit”ə məxsus idi. Və biz də məhz o klubla uzunmüddətli danışıqlardan sonra keçidi həll etdik. Sizə açıq deyim, İsayevlə təxminən bir aydan çox idi maraqlanırdıq. Bütün detalları incəidikdən sonra futbolçu və klubu ilə danışıqlara başladıq. Və sonda istəyimizə çataraq ikiillik müqavilə bağladıq. 
 

- Məndə olan məlumata görə, “Sumqayıt”ın transfer siyahısında olan futbolçulardan biri də İsrailin güclülər dəstəsində çıxış edən Ramat-Qan “Hapoel”inin şərəfini qoruyan Əli Babayevdi. 28 yaşlı dayaq yarımmüdafiəçi nə vaxt müqavilə imzalayacaqsız?
- Adını çəkdiyiniz oyunçu ilə bağlı indi mən sizə konkret heç nə deyə bilmərəm. Bəli, onunla maraqlanırıq, çox istərdik ki, Əli “Sumqayıt”ın şərəfini qorusun. Ortada real heç nə olmadığından hazırda nəsə deməyim artıq olar. Babayevlə maraqlandığımız düz söhbətdi. Futbolda müqavilə imzalamamış “bu futbolçu bizdə olacaq” söyləmək çətin işdi. Bu yöndə yetərincə nümunə göstərə bilərəm. Gəlin bir qədər səbirli olaq. Rəsmi nəsə olsa, bunu ictimaiyyətə açıqlayacağıq. 
 

- Transferlərdən söz düşmüşkən, Cavid İmamverdiyevin də məsələsinə toxunmaq istərdim. Yarımmüdafiəçiyə görə Rusiya klubundan təklif almısız. Cavidi buraxacaqsız? 
- İmamverdiyevə görə Rusiya premyer-liqasında mübarizə aparan klubdan real təklif aldığımız düz məlumatdı. Adını çəkmək istəmədiyim klub futbolçuya görə bizə təklif göndərib. Ancaq tələsik qərar vermək istəmirik. Baş məşqçimiz Nazim Süleymanovla görüşdə bu məsələni müzakirə edib qərar verəcəyik. 
 

- Klubun adını çəkmək istəmirsiz. Heç olmasa, deyə bilərsiz həmin klub ortababdı, yoxsa autsayder? Məncə, şimal qonşularımızın aparıcı klublarının Cavidlə maraqlanması o qədər inandırıcı deyil. 
- Niyə elə düşünürsüz? Ad çəkməsəm də, onu deyə bilərəm ki, yetərincə tanınmış klublardan biridi. Fikirləri də ciddidi. 
 

- Bəs onda nəyi düşünürsüz? İmkan verin futbolçu legioner həyatı yaşasın. Bəlkə şərtləri sizi qane etmir?
- Qarşı tərəfin irəli sürdüyü təklif də bizim meyarlara görə diqqətçəkəndi. Sadəcə, “Sumqayıt”ın da maraqlarını nəzərə almalıyıq. 
 

- Dediz ki, baş məşqçi ilə müzakirədən sonra qərar verəcəksiz. Belə çıxır ki, bu gün (dünən) axşam artıq hər şey məlum olacaq. Çünki məndən sonra əsas komandanın məşqçilər korpusu və baş məşqçi ilə görüşünüz olacaq. 
- Görüşümüz olacaq və Cavidə görə aldığımız təklifi müzakirə edəcəyik. Ancaq tələsik qərar vermək istəmirik. Müəyyən götür-qoydan sonra mövqeyimizi ortaya qoyacağıq. Böyük ehtimalla, həftənin sonuna kimi qərarımızı açıqlayacağıq. 
 

- Sonda bir məsələyə də toxunmaq istərdim. “Sumqayıt”ın təlim-məşq toplanışının birinci mərhələsini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasında keçirməsi heç də birmənalı qarşılanmadı. Şəhərdə təbii örtüklü Mehdi Hüseynzadə adına stadionun olduğunu nəzərə alsaq, narazıları anlamaq mümkündü. Stadionun direktor müavini Abdulla Məmmədov açıqlamasında ot örtüyünün ideal vəziyyətdə olmadığını söyləməklə yanaşı, 10-12 məşq üçün yararlı olduğunu bildirib. Belə olan halda niyə paytaxta üz tutursuz? 
- Stadion rəsmisi də bildirib ki, ot örtüyü ideal səviyyədə deyil. Biz isə istəyirik ki, komanda daha yaxşı şəraitdə hazırlıq keçsin. Məncə, bu gün üçün ADBTİA-nın meydanı daha əlverişlidi. Gələcəkdə “Mehdi Hüseynzadə” daha yaxı durumda olarsa, orda məşq edə bilərik. Onu da qeyd edim ki, təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçirəcəyik. Komanda orda olduğu müddətdə 4 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Rəqiblərin adları hələ məlum deyil. Yaxın günlərdə buna da aydınlıq gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right