Millimizin kapitanının ən vacib saydığı qolu: "Qələbəmizin davamı gələcək"

Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində Fransa yığması ilə qarşılaşan Azərbaycan milli komandası mübarizəyə 4:1 hesablı qələbəylə başlayıb. Bunda het-trik edən kapitan Asif Zeynalovun böyük rolu olub. Millimizin lideri Newsport.az-a müsahibəsində ilk oyunu dəyərləndirməklə başlayıb.

- İki aydı bu turnirə hazırlaşırıq. Təkcə Fransaya yox, bütün komandalara qarşı qələbə əzmiylə çıxacağıq. Özümüzdə inam hissi vardı ki, qələbə qazana bilərik. Şükür Allaha ki, yaxşı oynayaraq buna nail olduq. İnşallah, Belarus və Portuqaliya ilə matçlara da meydana qalib gəlmək üçün çıxacağıq.

- Belarusla bugünkü matça güc qaldı?

- Bəli. Bu, elə futboldu ki, gücünü gərək tam qoyasan. Əks halda, çox çətindi. Gücümüzü sonrakı matçlarda da tam qoyacağıq. 

- Qarşılaşmada 3 qol vurdun. Deyə bilərsənmi ki, qələbədə kapitan kimi üzərinə düşəni edə bildin?

- Bu, tək mənim işim deyil. Sağ olsunlar, komanda yoldaşlarımın da köməyi dəydi. Hamımızın gücüydü ki, qol vurdum. Qələbədə tək mənim yox, hamımızın payı var. İnşallah, davamı da gələcək. 

- Səncə, 3-cü qolun ən baxımlı alındı, yoxsa...?

- Deməzim ki, məhz bu qolum baxımlı alındı. Çimərlik futbolunda 30 saniyəyə də 3 qol ola bilər. Hesabı 3:1 etdiyim qolu fərqləndirərdim. Çünki başla vurduğum həmin qol oyunun qırılma nöqtəsi oldu. Həmin qoldan sonra rahatlaşdıq. Mənim üçün ən vacib qol o idi.

- B Divizionunda da oynamısan, A Divizionunda da. Necə müqayisə edərdin?

 - Belə götürəndə, burda komandalar güclüdü. A Divizionunda zəif komanda yoxdu. B Divizionunda "A"da olduğu kimi komandalar yoxdu. Çünki həm fiziki cəhətdən, həm topla güclüdürlər. B Divizionunda isə oyunun 80 faizini yerdə oynayırlar. A Divizionunda ustalıq səviyyəsi həddən artıq yüksəkdi. Bu da futbolda çox önəmli şeydi.

- A Divizionunda qalmağa ustalıq səviyyəniz imkan verəcək? 

- Məncə, çatar. Portuqaliya neçə dəfə dünya çempionu, Avroliqanın qalibi olsa da, hamıyla oyuna qələbə üçün çıxacağıq.

- Səncə, qrupumuzda ən güclü yığma hansıdı?

- Şəxsi fikrim odu ki, Portuqaliya ustalıq səviyyəsinə görə ən güclüdü. Ancaq onlara qarşı da qələbə üçün çıxaraq, buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right