Millimizin qolkiperi hər zaman xilaskar olmağa çalışır: "Çimərlik futbolunda nəticə 90 faiz qapıçıdan asılıdı"

“Fransaya qarşı oyun çox çətin keçdi. Rəqibimizlə iki il bundan qabaq qarşılaşmışdıq. Yaxşı futbolçuları var, Fransa yaxşı komandadı. Öz imkanlarımızın 60 faizindən istifadə etdik. Bizim futbolçular da sona kimi mübarizə apardı".

Bu fikirləri newsport.az-a açıqlamasında çimərlik futbolu üzrə milli komandamızın qapıçısı Vaqif Şirinbəyov bildirib.

 Avroliqanın ilk oyununda Fransaya 4:1 hesabı ilə qalib gəldiyi görüşdə inamlı qurtarışları ilə yadda qalan qolkiper uğurlu startı vacib sayır: "İstənilən turnirdə ən önəmlisi birinci oyundu. İlk oyunda qalib gələndən sonra hər şey daha yaxşı olur. Sadəcə, bəzi anlar var idi ki, nəsə çatışmırdı. Bu da yəqin ki, həyəcanla bağlı idi. İlk oyunda istər-istəməz həyəcanlı olursan. Üstəlik, evdə oynayırdıq. Bunun müsbət tərəfi də var, mənfi tərəfi də”.

Şirinbəyov tribunaların dolu olmamasına da münasibət bildirib: “Bakı-2015-də giriş biletli idi, bilet tapmaq çətin idi. Buna baxmayaraq, stadion dolu olurdu. İndi isə giriş pulsuzdu. Bəlkə də beşinci gün idi deyə, camaat işdə idi. Ona görə stadion dolmamışdı. Bizi dəstəkləməyə gələn insanlara təşəkkürümü bildirirəm. Ümidvaram ki, növbəti oyunlarda daha çox azarkeş olacaq”.

Fransa ilə oyunda yığmamızın qələbəsində önəmli qurtarışları ilə mühüm rol oynayan qolkiper qurtarışlar haqda da fikirlərini bildirib: “Çimərlik futbolunda nəticə 90 faiz qapıçıdan asılıdı. Bir dəqiqə ərzində 3-4 zərbəni dəf etməlisən. Ya da elə olur ki, bir dəqiqəyə 3-4 qol buraxırsan. Çalışıram ki, hər zaman komandanı xilas edəm”.

Vaqif hesab edir ki, milli komandamız hazırda çox yaxşı formadadı: “İki ildi ki, A divizionundayıq. Bu elit yarışdı. Ondan əvvəl 8 il B divizionunda oynamışıq. Ortabab komandaydıq, ancaq iki ildi ki, A divizionundayıq. Bu divizionunda rəqib heç bir səhvi bağışlamır. Baş məşqçimiz də çox çalışır. Belarusla görüşdə də yaxşı nəticə qazanmaq istəyirik. Həm Belarus, həm də Portuqaliyanı məğlub etmək istəyirik. Taktiki, fiziki cəhətən də oyunlara tam hazırıq. Ev sahibiyik, öz meydanımızda özümüzü daha yaxşı hiss edirik”.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right