Rəşad Sadıqov: "Komandamı qalib hesab edirəm"

Azərbaycanın 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov müsahibəsində Qazaxıstanın U-21 yığması ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşü barədə danışıb.
 
Newsport.az-ın məlumatına görə36 yaşlı mütəxəssis komandasını qalib hesab etdiyini bildirib...
 
- İstər U-20, istərsə də U-21 yığmasında son 4 oyunda 3-cü dəfə hesabda önə keçsəniz də, qələbəni qoruya bilmədiniz. Ümumiyyətlə, Qazaxıstanla oyunu necə dəyərləndirərdiniz?
- Əlbəttə, qol vurmağımız yaxşı haldır. İkinci hissədə fərqi artıra da bilərdik. Yaxşı hücumlarımız və əks-hücumlarımız oldu. Sadəcə, son vuruşlarda bir qədər dəqiqlik çatmadı. Rəqibin də elə bir təhlükəli hücumu yox idi. İkinci hissənin ilk 15 dəqiqəsi ərzində üstünlük yaratdılar. Bu da təbii idi, hesabdan irəli gəlirdi. Rəqib komanda evdə oynayırdı. 0:1 hesabı ilə geridə olduqları üçün irəli atıldılar. Sonradan biz yavaş-yavaş oyunu soyutduq və demək olar ki, nəzarətimizə götürdük.
 
- Qazaxıstan yığması bərabərlik qolunu şübhəli penaltidən vurdu. Bu barədə nə deyərdiniz?
- Necə qol olduğunu özünüz də gördünüz. Mən əlavə şərh vermək istəmirəm. Uşaqlara oyundan sonra da dedim. Mənə görə, komandam orada qalib gəlib. Biz 1:0 hesabı ilə qalib gəlmişik. Düzdür, tabloda hesab 1:1-dir. Amma ümumən götürsək, komandamı qalib hesab edirəm. 
 
- Hesabda irəlidə ikən buraxdığınız qolları nə ilə əlaqələndirərdiniz?
- Keçirdiyimiz oyunlarda bəzi kobud səhvlərdən ucuz qollar buraxdıq. Yaxud bu oyunda buraxdığımız qol... Deyim ki, sonda komanda yorulur, gücü çatmır və ya rəqibin təzyiqi nəticəsində qol buraxırıq - belə hallar da olmur. Təcrübə lazımdır. İstərdim ki, çoxlu belə oyun keçirdikcə uşaqların təcrübəsi artsın və sonluqda daha diqqətli olsunlar. Çünki sonluqda bizi hər cür situasiya gözləyə bilər və bunlara hazır olmalıyıq.   
 
- "Əvvəl oyun, sonra nəticə" demişdiniz. İstədiyiniz oyunu görə bildiniz?
- Bəli, bu dəqiqə mənim üçün birinci növbədə nəticə durmur. Biz udsaydıq da, uduzsaydıq da, vacib olan başqa məqamlar var idi. İlk növbədə, daha da gəncləşdirilmiş heyətimizi qeyd edərdim. Komandada U-20 yığmasından 7 futbolçu yer almışdı. Onlar gələn il U-21 yığmamızda çıxış edəcəklər. Onların özlərindən böyük rəqibə qarşı inamlı oynamaları önəmli idi. Rəqibin heyətindəki bütün futbolçular 1996-1997 təvəllüdlülər idi. Digər vacib məqam uşaqların səfərdə bu cür rəqibə qarşı inamlı çıxış etmələri idi. Udsaydıq da, uduzsaydıq da, nəticə olaraq, mənim üçün bir şey dəyişməyəcəkdi. 
 
- Amma bu, yığmanın baş məşqçisi kimi ilk səfər qələbəniz kimi əlamətdar ola bilərdi...
- Təbii ki, udmaq həmişə xoşdur. Qələbə təqdirində, uşaqlara özünəinam gələrdi.
 
- Yoldaşlıq görüşləri üçün Qazaxıstan və Macarıstanın seçilməsinin xüsusi səbəbi var?
- Hər bir komandanın öz yeri, özünəməxsus oyun üslubu var. Sadəcə, Qazaxıstan və Macarıstanla qarşılaşmalarda üstünlüyümüz odur ki, hər ikisi 5 müdafiəçi sistemində oynayır. Avropa çempionatının seçmə mərhələsində son 3 oyunumuzdan 2-si Norveçə qarşı olacaq. Bu komanda da eyni sistemlə oynayır. Belə sistemə qarşı uyğunlaşma baxımından, bu iki yoldaşlıq görüşü bizim üçün bir üstünlükdür. Amma ümumi götürsək, hazırda sırf seçmə tsikli fikirləşmirəm. Hazırda əsas məqsəd öz oyunumuzu yaxşılaşdırmaq, uşaqlarda özlərinə inam, güvən yaranması, öz oyunlarını tapmaları, daha gənc oyunçulara şans vermək, işimizi bu qaydada aparmaqdır.
 
Sportnet.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right