"Samir Abasovdan sonra baş məşqçi tapmaq qəlizdir"

"Sumqayıt" klubunun futbolçusu Rail Məlikov "Report"un suallarını cavablandırıb. 
 
Newsport.az həmin müsahibəni təqdim edir: 
 
- "Sumqayıt"la bir illik müqavilə imzaladınız. Yeni sözləşmədən əvvəl sizə hər hansı komandadan təklif var idi?
- Xeyr. Yalan danışmaq istəmirəm. Heç bir klubdan təklif yox idi. Bu barədə fikirləşmədim. Mən də "Sumqayıt"da davam etmək istəyirdim. Hər şeyin mənim üçün yaxşı olmasını istəyirəm. "Sumqayıt" klubunun futbolçusu olaraq, komandanın gələcəkdə yaxşı oyunlar sərgiləməsinə və yaxşı nəticələr göstərməsinə çalışacağam.
 
- Komanda bu mövsüm avrokuboklara vəsiqə qazana bilməsə də, adından söz etdirməyi bacardı. Ən azı növbəti mövsüm eyni uğuru təkrarlaya biləcəksinizmi?
- Biz bunun üçün əlimizdən gələni edəcəyik. İki mövsüm avrokuboklara düşmək üçün şansımız oldu. Amma yararlana bilmədik. Üçüncü dəfə bu şansı əlimizdən buraxmaq istəmirik. Ötən mövsümdə olduğu kimi, yaxşı heyət qurulsa, "Sumqayıt" uğurlu gələcək vəd edən klublardan olacaq.
 
- "Sumqayıt" klubunda baş məşqçi axtarışı davam edir. Sizcə, təyinat niyə bu qədər gecikir?
- Samir Abasovdan sonra baş məşqçi tapmaq bir az qəlizdir. Çünki Samir müəllimin komandada böyük rolu var idi. Ona gələcək karyerasında uğurlar arzulayıram. Sıradan bir baş məşqçinin olmasını istəmirik. Yəqin ki, rəhbərlik də o fikirdədir. Samir müəllimi əvəz edəcək yaxşı mütəxəssis axtarışındadırlar. Bu isə bir az vaxt alır. Yəqin ki, komandanın yeni baş məşqçisi yaxın zamanlarda bəlli olacaq.
 
- Necə düşünürsünüz: Samir Abasovun "Sumqayıt"da qalma ehtimalı var idi?
- Əlbəttə. Ancaq Samir müəllimin öz şərtləri var idi. Həmin şərtlərə görə komandadan ayrıldı.
 
- "Sumqayıt"da baş məşqçi təyinatı olmasa da, bəzi futbolçularla müqavilə imzalanır, bəziləri isə yollar ayrılır. Bu, nə dərəcədə düzgündür? Yeni gələn mütəxəssis bu oyunçuları bəyənməyə bilər...
- Futbol aləmində belə bir şey mövcuddur ki, hər bir komandanın özəyi olan futbolçular var. Həmin oyunçular baş məşqçi gəlməsə də, komanda ilə yola davam edirlər. Amma o da düz fikirdir ki, bəlkə həmin futbolçular yeni baş məşqçinin planlarına daxil deyil?! Bunu isə gələcək göstərəcək. Komandamız sırf yerli futbolçulardan qurulduğundan, müqaviləsi bitən yaxşı oyunçularla sözləşmə imzalandı. İnanıram ki, başqa klublardan cəlb olunan futbolçular da olacaq. "Sumqayıt" yerli futbolçulardan qurulub, həmin oyunçuları itirmək olmaz.
 
- Komandanı tərk edənlərin yerini doldurmaq mümkün olacaqmı?
- Bunu gələcəkdə biləcəyik. Komandanın strategiyası bəllidir. Kollektivdən ayrılan futbolçular "Sumqayıt"ın aparıcı üzvləridirsə, başqa klublarda da elə olacaq. "Sumqayıt"dan gedən futbolçuların heç biri bayırda qalmayacaq. Çünki onlar "Sumqayıt"da aparıcı futbolçu olubsa, onlara başqa komandalarda da tələbat olacaq. Gedənlərə uğurlar arzulayıram. Kimlərsə gedibsə, komanda onların yerlərini dolduracaq futbolçular gətirməyə məcburdur.
 
- "Sumqayıt" ancaq yerli futbolçulardan istifadə etmək istəyir. Karyeranız ərzində bir sıra klublarda çıxış etmisiniz, ölkə xaricində də oynamısınız. Necə düşünürsünüz, komandaya legioner cəlb etməmək strategiyası doğrudur?
- "Sumqayıt" klubu bu strategiyanı seçib. Yerli futbolçuların dəyərinin azalmamasını istəyirlər. Komanda hər hansı nailiyyət qazanmaq istəyirsə, legioner də olmalıdır. Yerli futbolçulara zəif demək istəmirəm. Biz bu komanda ilə üçüncü yer uğrunda mübarizə aparırdıq. Bəzi mövqelər var ki, orada komandanın güclənməsi lazımdır. Yaxşı və yerli futbolçular başqa klublarda da var. Komandaya 1-2 legionerin gəlişi pis olmazdı. Buna baxmayaraq, "Sumqayıt" rəhbərliyi növbəti mövsüm üçün də yaxşı kollektiv qurmağa çalışacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right