Millimizin müdafiəçisi Maksim Medvedev Qazaxıstanla yoxlama oyunu öncəsi müsahibə verib.
Newsport.az həmin müsahibəni təqdim edir.
- Maksim, bütün karyeranızı "Qarabağ"da keçirmisiniz və 10 ildir ki, Qurban Qurbanovun rəhbərliyi altında oynayırsınız. Bu mütəxəssis hansı oyun fəlsəfəsi tərəfdarıdır? Meydanda sizdən nə tələb edir?
- "Qarabağ"da 12, Qurban Qurbanovun rəhbərliyi altında isə 10 ildir çıxış edirəm. Bu mütəxəssisin özünəməxsus fəlsəfəsi var. O, intizamlı oyun tərəfdarıdır, topa daha çox sahib olmağı və kombinasiyalı oyun qurmağı sevir.
- Sizcə, federasiyanız niyə məhz rəqib kimi Qazaxıstanı seçib?
- Qazaxıstan yaxşı komandadır. Baxımlı oyun göstərməyi sevir, yaxşı müdafiə olunur və hücumda da çox effektivdir. Hətta bizim bəzi oxşar tərəflərimiz də var.
- Siz özünüz Qazaxıstan millisinin gücünü necə dəyərləndirirsiniz?
- Qazaxıstan millisi yüksək səviyyədə oynamağa qadirdir. Aydın məsələdir ki, yoldaşlıq oyunlarında komandalar bütün gücünü göstərmirlər. Dəqiq fikir bildirmək üçün Millətlər Liqasındakı oyunları gözləmək lazımdır.
- Bizim millimizin heyətində hansısa oyunçunu tanıyırsızmı? Kimi fərqləndirə bilərsiniz?
- Şəxsən heç kimi tanımıram, ancaq son oyundan bəzi futbolçuları xatırlayıram. Sizin komanda kollektiv futbol oynadığı üçün kimisə fərqləndirmək mümkün olmur.
- Qazaxıstana qarşı iki dəfə oynamaq imkanınız olub. Komandamızın hansı güclü və zəif cəhətlərini qeyd edə bilərsiniz?
- Komanda müdafiədən hücuma çox yaxşı çıxır, matç ərzində aqressiv oynayır. Amma Qazaxıstanın indi hansı səviyyədə olduğundan xəbərim yoxdur. Oyunda biləcəyik ki, son zamanlar komanda necə dəyişib.
- Demək olarmı ki, Qazaxıstan və Azərbaycan eynigüclü komandalardır?
- Düşünürəm ki, bəli. Komandaları gücünə görə müqayisə etmək olar, əsas fərq məşqçi fəlsəfəsindədir.
- Azarkeş dəstəyini nəzərə alaraq, Qazaxıstanın favorit olduğunu demək mümkündür?
- Əlbəttə, Qazaxıstan matçın favoriti olacaq. Çünki doğma divarlar komandanı dəstəkləyəcək.
- Azərbaycan millisi üçün bu oyunda qələbə nə dərəcədə vacibdir?
- Hər komanda bütün oyunlarda qələbə qazanmaq istəyir. Eləcə də biz. Yoldaşlıq və ya rəsmi oyun olmasından asılı olmayaraq, qələbə kollektivdə ruh yüksəkliyi yaradır.
- Qazaxıstanın Millətlər Liqasındakı şanslarını necə dəyərləndirirsiniz?
- Bizim kimi sizin komandanızın da qabağa getmək şansları var. Hər iki komanda qrupdan çıxa bilər. Əsas məsələ rəqiblərə hörmətlə yanaşmaq və öz oyununu oynamaqdır.
sports.kz