“Qarabağ”ın 2018/19 mövsümü Avropa kubokunun təsnifat mərhələlərində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, ötən illərdə olduğu kimi, Q.Qurbanovun komandası rəqiblərini yenə Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Klub Çempionlar Liqasının, yaxud Avropa Liqasının qrupuna düşəcəyi halda isə Bakı Olimpiya Stadionunda (BOS) oynamağı nəzərdə tutur.
2017/18 mövsümündə ÇL-in qrupuna düşən "Qarabağ" ev oyunlarını BOS-da keçirmişdi. “Qarabağ” yeni mövsüm Çempionlar Liqasında mübarizəyə birinci mərhələdən başlayacaq.
Bu mərhələnin oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda olacaq. “Qarabağ”ın rəqibinin adına, eləcə də Bakıda ilk matçını nə vaxt keçirəcəyinə iyunun 19-dakı püşkatmadan sonra aydınlıq gələcək.