"Heç kim Abasovdan nəticə - avrokuboklara vəsiqə tələb etməmişdi" Riad Rəfiyev

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra brifinq keçirib.
 
Newsport.az həmin müsahibəni təqdim edir...
 
- Baş məşqçi Samir Abasov bugünkü məğlubiyyətdən sonra istefa verdiyini açıqladı. İstefanı qəbul edəcəksiniz?
- Samir müəllimin müqaviləsi mayın 31-də bitəcək. Oyundan sonra onunla danışığımız olmayıb. Bu gün görüşərək, hər şeyi dəqiqləşdirəcəyik. Bu barədə sizin də məlumatınız olacaq. 
 
- Bəs siz nə düşünürsünüz: Abasovla yola davam etmək, yoxsa özünüz də hansısa qərara gəlmisiniz?
- Samir Abasovun rəhbərliyi altında "Sumqayıt" gözəl oyun sərgiləyir. Son 4 matçı nəzərə almasaq, nəticələrimiz də olub. Təəssüf ki, komandada eniş ən pis vaxtda - çempionatın sonlarında oldu. Bu da bütün planlarımızı pozdu. Amma mövsümün əvvəllərində heç kim Abasovdan nəticə - avrokuboklara vəsiqə tələb etməmişdi. Yenə deyirəm: Abasovla bu gün görüşüb-danışacağıq. Oyundan dərhal sonra özü ilə söhbətimiz olmayıb. 
 
- Futbolçularınızın elçi daşlarının üstündə xeyli sayda elçi var. Bu komandanı qorumaq çətin olmayacaq və ya yeni komanda formalaşdırmağı düşünürsünüz?
- Futbolçularımızı istəyirlərsə, bu, normal haldır. Çünki "Sumqayıt" mövsümün ən gözəl oyun sərgiləyən komandalarından biri idi. Bəli, futbolçularımızın çoxunun müqaviləsi başa çatır. Əlbəttə, biz təklifimizi irəli sürəcək, danışıqlar aparacağıq. İstəyirik ki, qalsınlar. Əlbəttə, bundan da güclü heyət formalaşdırmalıyıq ki, gələn mövsüm baş məşqçinin, futbolçuların qarşısında avrokuboklara vəsiqə məqsədi qoyaq. Artıq qitəmiqyaslı yarışlara vəsiqə qazanmaq lazımdır.
 
- Samir Abasov qərarını dəyişməsə, B variantı var?
- Oyunlara baş məşqçisiz çıxmayacağıq ki?! Əlbəttə, komandanın baş məşqçisi olacaq. Bu, Samir Abasov, yoxsa başqası olacaq - indi heç nə deyə bilmərəm. Çünki Abasovla görüşümüz olmayıb. Komandanın öz baş məşqçisi olacaq. 
 
- Samir Abasovu ən çox narazı salan "Sumqayıt"ın strategiyasıdır. Abasov bu şəhərə bu komandanı yaraşdırmır. Deyir ki, istədiyim futbolçular alınmır, bura reabilitasiya mərkəzi deyil...
- Yəqin ki, legioner nəzərdə tutursunuz. İlk gündən klubun strategiyası bəllidir: Burada yerli futbolçular oynayacaqlar. Reallıq budur. İşləməli, nəticə verməli, irəli getməliyik. 
 
- Yəni, "Sumqayıt"da legionerlər olmayacaq və bu siyasət davam edir...
- Hazırda hansı siyasət varsa, onunla da davam edirik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right