"Onlar dişi yox, dişli "canavar"dır" "Zirə"nin futbolçusu

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda səfərdə “Sumqayıt”a qalib gələrək (2:1) mövsümü 4-cü pillədə başa vuran “Zirə”nin futbolçusu Tellur Mütəllimov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az xəbər verir ki, müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:
 
- Çox sevincliyik. 11 oyundu qalib gələ bilmirdik. Şükür ki, “qara zolaq”dan çıxa bildik. Qələbəsiz 11 qarşılaşmadan sonra ardıcıl 3 matçda qalib gəlmək, doğrudan, çox çətin idi. Bu, bizə çox lazım idi. İndi Avropa Liqasına vəsiqəni gözləyəcəyik.
 
- Fasilədə nə dəyişdi? Baş məşqçi Ayxan Abbasov sizə hansı tövsiyələri verdi?
- Məşqçi yalnız onu dedi ki, bu oyunu udmalıyıq. Bizim başqa şansımız yox idi. Ya heç-heçə etməli, ya da qalib gəlməli idik. Bizə motivasiya verdi ki, bu oyunu uduzmamalıyıq. Nəinki uduzmamaq, hətta qalib gəldik.
 
- Gəncədəki oyundan xəbəriniz var idi? 
- Yox, xəbərimiz yox idi. Yalnız əvvəlcə 1:1 hesabını, daha sonra isə 1:2-ni eşitdim. Düzdü, 3-cü ola bilmədik, lakin 4-cü yerə də şükür.
 
- Gələcəyini “Zirə”də görürsən?
- Mənim klubla iki illik müqaviləm var. İndi fikrim ancaq “Zirə”də qalıb, burda öz işimi görməkdi. İki ildən sonra görək, nə olur.
 
- Qəbələyə gedib, Azərbaycan kubokunun finalını izləməyi düşünmürsən ki?
- İnşallah, belə fikrim var. Getmək istəyərdim. “Qəbələ” də mənə doğma klubdu. Məncə, həmin oyunu izləməyə dəyər.
 
- Bu oyun üçün proqnozun nədi?
- Bu, futboldu. Əvvəlcədən heç nə demək olmur. “Qəbələ”nin futbolçularının ustalıq səviyyəsi yüksəkdi. Lakin “Keşlə” də zəif komanda deyil. Bu komanda qışdan sonra çox güclənib. Yəni belə deyək, “dişi canavar” yox, “dişli canavar”dı (gülür). “Qəbələ” üçün çətin olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Bir də onu deyim ki, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov çox yaxşı komanda yığıb, onlara da gələcək qarşılaşmalarda uğurlar arzu edirəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right