Tərlan Əhmədov: "Onu çağırıb, üzr istədim"

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda səfərdə “Kəpəz”i məğlub edərək həm çempionatda “bürünc” medalları, həm də Avropa Liqasına vəsiqəni təmin edən “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Əhmədov əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

- Gəncədə ağır olacağını bilirdik. Bizim üçün burda oynamaq həmişə çətin olub. Bu gün bir daha bunun şahidi olduq. Üzərimizdə təzyiq var idi. Rəqibin itirəcək heç nəyi yox idi. Komandam ehtyat edirdi. Futbolçulara matçdan öncə demişdim ki, mənə gözəl oyundan daha çox 3 xal qazanmaq lazımdı. Bu gün də bunun nəticəsini gördük. Nə qədər çətin olsa da, rəqibi səhv etməyə məcbur edə bildik. Bu səhvlərin də nəticəsində qollarımızı vurub, 3 xalımızı qazandıq.

- Fransisko Qarsiya oyuna sonradan daxil etsəz də, əvəzlədiz. Bu, Kiril Petrovun qırmızı vərəqə alması ilə bağlı idi, yoxsa başqa səbəb var idi?
- Qırmızı vərəqə ilə bağlı idi. Mənə müdafiə xəttini gücləndirmək lazım idi. Komandam hesabda 2:1 öndə idi. Buna görə, hesabı qorumaq istəyirdik. Buna görə, Qarsiyan əvəzləməli oldum. Daha sonra onu çağırıb, üzr istədim. Çünki futbolçunun karyerası var. Ola bilsin, bizdə davam etdirsin, ola bilsin etdirməsin. Hər halda, bu, ona mənfi təsir eləməməlidi. Buna görə, ondan üzr istədim və bildirdim ki heç vaxt ruhdan düşməsin. Bu, məcburiyyətdən irəli gələn bir əvəzetmə idi.

- Qapıçı Səlahət Ağayev bu gün kobud səhvlə yadda qaldı...
- Futbolçular meydanda ani qərar verməlidilər. Bu qərar səhv olsa belə, ona hörmət edirəm. Həm Səlahət, həm də Rəşad (Rəşad Əzizli) bizim əsas qapıçılarımızdılar. Əgər meydandadılarsa, deməli, səhvə məhkumdular. Komanda qol buraxırsa, bu, bir nəfərin yox, hamının səhvidi. Səhvsiz heç nə olmur. Əsas odu, səhvdən nəticə çıxaraq.

- Komandada qalacaqsız?
- Bilmirəm. Qalıb-qalmayacağım mənim üçün də müəmmalıdı. Müqaviləm mayın 31-də başa çatacaq. Gözləyirik. Sabah “Qəbələ” - “Qarabağ” oyunu var. Mükafatlandırma olacaq. Bundan sonra nə olacağını görəcəyik. Nə qərar veriləcəksə, hörmətlə yanaşacam. Mənə tapşırılan işin öhdəsindən gəldim. Bu uğuru qazanmaqda köməyi olan klubun keçmiş prezidenti Orxan Hüseynzadə, keçmiş baş məşqki Elxan Abdullayev, hansı ki, komandadak futbolçuların 90 faizi onun dövründə transfer edilib, onların da əməyi var. O cümlədən bizim azarkeşlərimizi də qeyd edərdim. Çempionat boyu bizə dəstək oldular. Bu gün də uzun yol qət edib, bizə dəstək olmağa gəlmişdilər. Bu uğurda sürücüdən, xadiməyədək, hamının əməyi var. Komandanı qəbul edəndə demək olar, sıfır xalımız var idi. Ancaq mövsümü 3-cü pillədə başa vurmağı bacardıq. O ki qaldı müqaviləyə, bu barədə hələ ki heç nə deyə bilmərəm.

- Bəs siz necə, qalmaq istəyirsiz?
- Hər şey qarşılıqlı razılıqdan asılıdı. Mənim qarşıma avrokuboklara vəsiqə tələbi qoyulmamışdı. Məndən komandanın yaxşı futbol nümayiş etdirməsi və çempionatda minimum 4-5-ci pillələri tutmaq tələb olunurdu. Biz isə mövsümü 3-cü pillədə başa vurduq. Məncə, böyük iş görmüşük. Növbəti mövsümdə məqsədlər yəqin ki, tam fərqli olacaq. 8 ayda bu qədər irəliləyiş əldə etmişiksə, deməli, yaxşık nəticəyə imza atmışıq. Daha böyük uğurlar üçün daha çox vaxta ehtiyac olur. Bunun üçün yaxşı transferlər etmək lazımdı. Klubda hamı bunun üçün çalışmalı, hamı bir nöqtəyə vurmalıdı. Yəqin ki, klub rəhbərliyinin yeni tələbləri olacaq. Mənim də öz şərtlərim olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right