Rəşad Sadıqov: "Onlar milliyə gəlmək istəmir"

"Maraqlı oyun alındı. Yaxşı, sürətli oyun getdi. Hər iki komanda kombinasiyalı oyuna üstünlük verdi. Çoxlu qol epizodları oldu. Düşündüyüm çox şey meydanda alınırdı".

Newsport.az-ın məlumatına görə, bu sözləri 20 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov deyib. 

Yığmamız bu gün Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşıb. Görüş rəqib komandanın qələbəsi ilə başa çatıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: "Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq. Məğlubiyyət üzücüdü. Məğlub olmaq istəməzdik. Məncə, uduzmağa layiq deyildik".

- Komanda qol buraxdıqdan dərhal sonra daha bir qol buraxdı.

- Bu, həmişə olur. Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir.

- Ən çox nədən narazı qaldız?

- Komanda yenidi. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budu ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır.

- Bu gün limitsiz əvəzetmə var idi. Bu, kimin təşəbbüsü idi?

- Oyundan öncə bu barədə danışığımız oldu. Sonra belə ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. İlk oyundu, səhvlər olması normaldı. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi.

- Ozan Cana niyə ikinci hissədə şans verdiz?

- Ozan Canı tanıyıram. Buna görə, start heyətində Kamran Əliyevə şans verdim.

- Bundan sonra planınız necədi? Bu oyunçulardan hansılar U-21-ə cəlb olunacaq.

- Ayın 27-nə kimi bir yerdə olacağıq. Bundan sonra qərar verəcəyik, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya qayıdacaqlar.

- Rusiyaya səfərinizin səbəbi nə idi?

- Orda 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə də, Ukraynaya da gedəcəm. Orda olan futbolçularımızla da maraqlanacam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacam.

- Bu gün kimin oyunundan daha çox razı qaldız?

- Ümumi götürsək, hamının oyunundan razı qaldım.

- “Qəbələ” ilə matçda "Qarabağ"ın heyətində olacaqsınız?

- Bəli, həmin oyuna optimal heyətdə çıxacağıq.

- Riçard Almeydann "Qarabağ"dan ayrılması gündəmdədi. Bir kapitan kimi onun komandada qalması üçün danışa bilərsiz?

- Ona çox ciddi təkliflər var. Bir, iki komandadan deyil. O özü belə qərara gələ bilməyib. Müqavilə müddətinin sonuna kimi can-başla mübarizə apardı. Yeni təklif var deyə özünü zədədən qorumadı. Riçard mənim üçün dostdu. Onun oyununa baxanda həmişə həyəcanlanacam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun.

- “Qarabağ”da gedənlər çoxdu. Komandanı yenidən qurmaq çətin olmayacaq ki?

- Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindi. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır azarkeş sayı azdı. Bizi rezerv kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right