Hər şey "Vətən" üçün!

Dünən “Boulevard U-15 Liqası"nda 29-cu turun 6 oyunu keçirildi.

 

Yalnız «Zaqatala» - İOEUGİM matçı bu günə təyin olunub.

 

Zaqatala şəhər stadionunda baş tutacaq qarşılaşma 15:00-da başlayacaq. Dünənki oyunlar barədə…

 

«Zirə» - «Keşlə» 0:1

Turun mərkəzi, eyni zamanda ən prinsipial oyununda «Zirə» «Keşlə»ni qəbul etdi. Bürünc medal uğrunda mübarizə aparan hər iki komandaya ancaq qələbə sərf edirdi. Bərabər mübarizə  şəraitində keçən oyunun ilk yarısında hesab açılmasa da, tərəflər bir neçə epizodda fərqlənməyə yaxın oldular. Ən təhlükəli vəziyyət 29-cu dəqiqədə «Keşlə»nin qapısı qarşısında yarandı. Belə ki, Məhəmməd Səfərovdan ötürmə alan Gülağa Əsədovun topu qapıdan keçirməsinə heç kim mane ola bilmədi. Yalnız qapı dirəyindən başqa. 


Fasilədən sonra oyunun gedişatı dəyişmədi. Ta ki, 43-cü dəqiqəyə kimi. Əbil Əbilovun künc zərbəsindən qapı önünə göndərdiyi topu müdafiəçilər geri qaytarsalar da, top yenə Əbilə düşdü. Onun bu dəfə yerlə qapıçı meydançasına etdiyi sərt ötürməni nəzarətsiz qalmış Məhəmməd Tağıyev tək toxunuşla qapıdan keçirdi. Az sonra «Keşlə» Məhəmmədin ifasında daha bir qol vura bilərdi. Lakin bu dəfə Əli Tağıyevdən ötürmə alan Məhəmmədin sevinməsinə qapı çatı mane oldu. 


Buraxılan qoldan sonra böyük qüvvə ilə irəli atılan «Zirə»nin həmlələrinin çoxu təhlükəli alınsa da, Cəfər Hüseynovun yetirmələri rəqib qapısı qarşısında 100 faizli qol epizodu yarada bilmədilər. Bir neçə epizodda Gülağa Əsədov, Nurəli Nurəliyev bir qədər çevik tərpənsəydilər… B

 

u yerdə «Keşlə»nin mərkəz müdafiəçiləri Rəşad Həsənovla Emil Nəbiyevin, həmçinin qapıçı Azər Fərmanovun inamlı oyununu da qeyd etmək lazımdır. «Keşlə»yə gəlincə, rəqibi əks-hücumda cəzalandırmağa çalışan qonaqlar Vaqif Həsənov, Əli Tağıyev və Əbil Əbilovun ifasında qol vurmağa yaxın idilər.

 

Hakimin final fitində sevinən tərəf qonaqlar oldular. Məğlubiyyətə rəğmən «Zirə»li futbolçular ancaq xoş sözlərə layiqdirlər. İndi «Keşlə»ni «bürünc»dən cəmi 1 xal ayırır. Əgər «Zirə» çərşənbə axşamı «Vətən»lə oyunda xal itirərsə, o halda «Keşlə»nin 3-cü yeri vaxtından əvvəl rəsmiləşəcək.

 

«Turan» - «Neftçi» İK İB 0:3

«Zirə» - «Keşlə» matçı ilə eyni vaxtda Tovuzda da hakim fiti səsləndi. Çempionatın «əliaçıq»larından olan «Turan» ikinci dövrədə özündən söz etdirməyi bacarmış «Neftçi» İK İB-ni qəbul etdi. Qonaqlar bu oyuna favorit kimi çıxmışdılar. Onlar bu statusu artıqlaması ilə doğrultdular.

 

Qonaqların üstünlüyü şəraitində keçən oyunda ilk təhlükəli vəziyyət «Turan»ın qapısı qarşısında yarandı. 3-cü dəqiqədə Tofiq İslamov qapıçını keçib topu boş qapıya göndərsə də, rəqib müdafiəçi topu boş qapıdan çıxartdı. Bundan cəmi 2 dəqiqə sonra «Neftçi» İK İB hesabı açdı. Künc zərbəsindən sonra müdafiəçilərin  uzaqlaşdırdığı top Aşqin Abəzərovun qarşısına düşdü.

 

Aşqinin zərbəsindən sonra qapı çatından geri dönən topu Taleh Yusifov məntiqi sonluqla tamamladı. 7-ci dəqiqədə «Turan» ikinci dəfə cəzalandı. Bu dəfə İlkin Əliyevdən ötürmə alan Aşqin Abəzərov uzaq məsafədən baxımlı qola imza atdı. «Neftçi»nin 3-cü qolu Rəşad Məhərrəmovdan gəldi. Rahib Bəylərlinin cərimə zərbəsindən qapı önünə etdiyi asmanı Rəşad başla tamamladı.


«Neftçi» İK İB qələbə sayəsində turnir cədvəlində 1 pillə irəliləyərək 10-cu yerə yüksəldi. Komandanın bundan artıq irəliləməsi mümkün deyil. Çünki izləyicisi olduğu ən yaxın komandadan 15 xal geri qalır. Ramin Babayevin komandası sonuncu turda «Sumqayıt»la oyunda bu yeri qorumağa çalışacaq. Eyni sözlər «Turan»a aiddir. 12-ci pillədə qərarlaşan əyalət təmsilçisi bu gün İOEUGİM-in məğlub olacağı halda yerində qalacaq. Azından sonuncu tura kimi.

 

«Vətən» - «Neftçi» 4:0

Nəticəsi maraqla gözlənilən daha bir oyun «Vətən»lə «Neftçi» arasında keçirildi. Matç «Neftçi» üçün elə də əhəmiyyət daşımırdı. Amma meydan sahibləri üçün 3 xal «qızıl» yolunda qızıla bərabər idi. «Vətən»in üstünlüyü şəraitində keçən oyunun birinci hissəsində meydan sahibləri bir neçə dəfə qol vurmağa yaxın olsalar da, bu imkanlardan istifadə edə bilmədilər.

 

Fasilədən dərhal sonra isə İlqar Mənsimovun yetirmələri istəklərinə çatdılar. 36-cı dəqiqədə Əşrəf Zeynallı kuryoz qolla hesabı açdı. 54-c dəqiqədə «Vətən» ikinci qolu vurdu. Bu dəfə çempionatın bombardiri Elvin Abdullayev Vüsal Vəliyevin ötürməsini zay etmədi. Bundan sonra bir qədər rahatlanan «məktəblilər» matçın sonuna doğru daha 2 dəfə fərqləndilər.

 

67-ci dəqiqədə rəqibdən topu «oğurlayan» Nihat Dəryagir uzaq məsafədən vurduğu zərbə ilə topu qapıdan keçirdi. Hakimin matçın əsas vaxtına əlavə etdiyi 2-ci dəqiqədə isə bu dəfə Elvin «oğurluq» etdi və komandasının 4-cü, özünün isə birincilikdəki 32-ci qolunu vurdu. 3 xal sayəsində «Vətən»ə liderliyini qoruya bildi. Üstəlik, çempionluq yolundakı rəqibi «Qəbələ»ni 2 xal qabaqlaya bildi. Çünki «Qəbələ» «Səbail»lə oyunda…

 

«Səbail» - «Qəbələ» 2:2

Çünki «Qəbələ» «Səbail»lə oyunda heç-heçəyə razılaşdı. Bu oyun haqqında ətraflı olmasa da, müəyyən məlumatlar toplaya bildik. «Qəbələ» oyunun gedişində 2 top geridə olub. Meydan sahiblərindən hər 2 qolun müəllifi Arif Məmmədov vurub. O, 10 və 20-ci dəqiqələrdə fərqlənib. «Qəbələ» fasilədən sonra 40-cı dəqiqədə Kamal Kazımov, 55-ci dəqiqədə isə Süleyman Damadayevin ifasında buraxılan qolların əvəzini çıxmağı bacarsa da, qələbə topunu vurmağı bacarmıyıb. 


İtirilən 2 xal «Qəbələ»yə çempionluq yarışında böyük zərbə oldu. Rakif Əliyevin komandası qızıl medallar üçün qalan iki oyunda «Neftçi» (təxirə salınmış oyun) və «Viləş»i məğlub etməklə yanaşı «Vətən»in ya «Zirə» (təxirə salınmış oyun), ya da «Qarabağ»a məğlub olmasına ümid etməlidir. «Səbail»ə gəlincə, komanda çempionatda çıxışına yekun vurdu. Sonuncu turu buraxmalı olan Xaqani Məmmədovun komandası çempionatı 9-cu pillədə tamamladı. 

 

«Sumqayıt» - «Kəpəz» 0:1

Eyni səviyyəli rəqiblərin mübarizəsində qonaqlar qalib gəldi. Hərçənd, oyun meydan sahibləri üçün daha yaxşı başlamışdı. Əgər «Sumqayıt» 1-ci dəqiqədə qazandığı penaltini qola çevirə bilsəydi. Amma İlkin İbrahimovun zərbəsini Elmir Bayramov əla reaksiya ilə dəf edə bildi.

 

Əsasən qonaqların üstünlüyü şəraitində keçən oyunda qapılara cəmi 1 qol vuruldu. Matçın başa çatmasına 10 dəqiqə qalmış Ümid Səmədovun cərimə zərbəsindən qapıya göndərdiyi tirə dəydi. Müdafiəçinin uzaqlaşdırmaq istədiyi top Həsən Seyfullayevin qarşısına düşdü və o, komandasına qələbə gətirən qolu vurdu. 

 

Sumqayıt zəfəri İlham Səməovun komandasını 6-cı pilləyə yüksəltdi. Gəncə təmsilçisi güman ki, birinciliyi elə bu yerdə də başa vuracaq. Çünki sonuncu turda rəqib autsayder «Zaqatala» olacaq. «Sumqayıt»da finişə ekvatordan yuxarıda çatacaq. Sadəcə, hansı yerdə? Suala gələn həftəsonu aydınlıq gələcək.


«Viləş» - «Qarabağ» 0:2
Nəhayət, 1-2 kəlmə ilə günün son matçı barədə. 2 aparıcı futbolçusu Elnur Əliyev və Fidayə Əzizovun yoxluğunda, üstəlik, matçın yarıdan çoxunu 10 nəfərlə keçirməsinə rəğmən, «Qarabağ» çətin Masallı səfərindən 3 xalla döndəyi bacardı. Hesabı 21-ci dəqiqədə «Qarabağ»ın hücumçusu Mirmövsün Caniyev açdı. O, Fərid Nəsirlinin cinah ötürməsini başla tamamladı.

 

Bundan sonra qarşılıqlı hücumlar şəraitində keçən oyunun kuliminasiya nöqtəsi hissənin son dəqiqələrində oldu. 31-ci dəqiqədə «Qarabağ»ın qapıçısı Cavidan İzzətli onunla təkbətək çıxan Sehran Abbasovu cərimə meydançasından kənarda kobudluqla yıxdı və meydandan qovuldu. Cərimə zərbəsini yerinə yetirən Mirsəlim İsayevin zərbəsi dirəkdən döndü.

 

Gözləmək olardı ki, «Viləş» say üstünlüyündən istifadə edərək azından hesabı bərabərləşdirə biləcək. Amma 1-ci hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qapısında daha bir qol gördü. Elnar Əkbərovun künc zərbəsindən sonra qapı önünə göndərdiyi topu Zöhrab Əsədov başla qapıdan keçirdi. 

 

5-ci pilləni zəbt edən «Qarabağ» çempionatı «4»də bitirə bilər. Əgər sonuncu oyununda «Vətən»i məğlub etsə və «Zirə» qalan 2 oyununun hər ikisində məğlub olsa. Doğrudur, göstərdiyimiz ehtimal az inandırıcıdır. Amma bu, futboldur. Çempionata rəng qatmağı bacaran «Viləş»sə yarışı ən yaxşı halda 10-cu yerdə tamamlaya bilər. Əgər sonuncu turda «Qəbələ»ni səfərdə məğlub etsə (!) və «Neftçi» İK İB uduzsa. 

 

U-15 Liqasında sonuncu – 30-cu turun oyunları mayın 19-20-də keçiriləcək: «Qəbələ» - «Viləş», «Qarabağ» - «Vətən», «Neftçi» - «Turan», «Neftçi» İK İB – «Sumqayıt», «Kəpəz» - «Zaqatala», İOEUGİM (Sumqayıt) – «Zirə», «Keşlə» - İsgəndər Cavadov BFA. Qeyd edək ki, həftə içi təxirə salınmış «Vətən» - «Zirə» (23-cü tur) və «Qəbələ» - «Neftçi» matçları keçiriləcək. Oyunların başlama vaxtı barədə əlavə məlumat verəcəyik.

 


Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right