Elxan Məmmədov: "Premyer Liqada komanda deyil, klub görmək istəyirik"

"İclas gərgin keçmədi. Çox sərbəst, demokratik müzakirələr aparıldı".

Newsport.az-ın xəbərinə görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bugünkü iclası barədə danışarkən deyib. Məmmədov toplantıda qəbul olunmuş qərarları açıqlayıb: "Klublar Komitəsinin müraciətinə əsasən, əvəzedicilərin çempionatı ilə bağlı müzakirələr aparıldı. Qərara alındı ki, bu çempionat gələn mövsüm də eyni sistemlə davam etdirilsin. Yaş limiti ilə əlaqədar da qərar verildi. Hazırda Premyer Liqada 1996-1997 yaş limiti mövcuddur. Bu, gələn mövsüm də qüvvədə olacaq. Əlavə olaraq, ehtiyatda bir nəfər 1998-1999 təvəllüdlü futbolçu yer alacaq. Bu qayda bir neçə il əvvəl tətbiq olunub. Məqsəd 21 yaşadək futbolçulardan ibarət yığmanın daha yaxşı nəticələr və mütəmadi oyun praktikası qazanmasıdır. Bu qərar səmərəli olduğu üçün daha bir mövsüm qüvvədə olacaq. 2019-2020 mövsümündə isə yeni yaş limiti tətbiq ediləcək".

Baş katib Premyer Liqada növbəti mövsümün iştirakçı komandaları ilə bağlı müzakirələrin də getdiyini açıqlayıb: "Ola bilsin, sabah AFFA Lisenziyalaşdırma Qrupunun iclası keçiriləcək və müvafiq qərar çıxarılacaq. Bununla bağlı İcraiyyə Komitəsinin iclasında hesabat verildi. Təəssüf ki, I Diviziondan bir klub sənədlərini tam şəkildə təqdim edib. Bu da "Sabah"dır. Bununla bağlı İcraiyyə Komitəsinə məlumat verildi. İdman prinsiplərini qorumaq üçün cədvəl də təqdim olundu. Bizim üçün sənədlər daha önəmlidir. Çünki biz komanda deyil, klub görmək istəyirik. Peşəkar statuslu çempionatda komanda yox, klublar təmsil olunmalıdırlar. Məsələ ilə bağlı Lisenziyalaşdırma Qrupunun iclasında müvafiq qərar qəbul olunacaq. İcraiyyə Komitəsinin mövqeyi dəyişməzdir: "Sənədlər AFFA-nın əsasnaməsinə və lisenziyalaşdırma qaydalına uyğun olmalıdır".

AFFA rəsmisinin fikrincə, idman prinsiplərinə və əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk etməli, I Diviziondan lisenziya alan klub isə elitaya yüksəlməlidir: "Amma mən "Sabah"ın "Kəpəz"i əvəzləyəcəyini deyə bilmərəm. Son qərar Lisenziyalaşdırma Qrupunun iclasında veriləcək. Hazırkı vəziyyəti şəffaf şəkildə izah etdim".

Premyer Liqada iştirak üçün 10 klubdan 8-nin müraciət etdiyini deyən Məmmədov onlardan yalnız 2-nin sənədlərin yarısını təqdim etdiyini, qalanlarının isə ərizədən başqa heç bir sənəd vermədiyini açıqlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right