"Kamran Quliyevlə heç bir problemimiz olmayıb" - Kirilo Petrov

Məlumata görə, "Neftçi"nin “Qarabağ”la Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra (1:0) paltardəyişmə otağında ukraynalı futbolçu Kirilo Petrov klub prezidenti Kamran Quliyevə qeyri-etik jest edib.

Newsport.az-ın məlumatına görə, iddia olunur ki, Quliyevin paltardəyişmə otağına daxil olaraq, rus dilində “afərin uşaqlar, mükafat olacaq” deməsindən sonra yeni müqavilə məsələsində klubla problem yaşayan legioner futbolçu  bunun məbləğini soruşub. Quliyevin “sənin iki ayağın var, nə istəyirsən?” söyləməsi Petrovu qəzəbləndirib. Duşdan yeni çıxdığı üçün yarıçılpaq vəziyyətdə olan müdafiəçi hər kəsin gözü önündə belindəki dəsmalı götürərək, klub prezidentinə qeyri-etik jestlə qarşılıq verib: “Mənim üç ayağım var”.

Məsələ ilə bağlı danışan ukraynalı müdafiəçi bunları söyləyib:

"Komanda daxilində belə bir hal baş verməsi, hər hansı problem olması ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. Həmin gün həmişəki kimi klub prezidenti oyundan sonra soyunub-geyinmə otağına gəldi. Yaxşı oyuna və qələbəyə görə bizi təbrik etdi və mükafat olacağını söylədi. Bu xəbər, təbii ki, bizi sevindirdi və futbolçularla öz aramızda zarafatlaşmağa başladıq. Bu gün isə komanda yoldaşlarımdan eşitdim ki, mətbuatda yazılıb, guya mən prezidentə qeyri-etik nəsə demişəm. Belə şey olmayıb, heç bir problem yaşamamışıq. Mən sadəcə mükafatın məbləğini soruşdum. Ondan sonra da prezidentlə deyib-güldük, zarafatlaşdıq”.

Petrov Kamran Quliyevlə münasibətlərindən danışdı və aralarında hər hansı problem olmadığını bildirdi:

“Prezident barədə pis heç nə deyə bilmərəm. Klubda bütün maaşlar, mükafatlar vaxtlı-vaxtında verilir. Bir klub rəhbərliyinin görə biləcəyi ən yaxşı formada işlərini görürlər, mən və ya kimsə niyə elə kobudluq edək ki? Klubdaxili aura çox yaxşıdı, necə elə bir şey ola bilər?”.

Həmsöhbətimiz yeni müqavilə məsələsində razılığa gələ bilməmələri və məvacibinin azaldılmasının təklif edildiyi xəbərlərinə də münasibət bildirdi:

“Yeni müqavilə barədə heç nə deyə bilmərəm, bunlar gizli informasiyalardı və şəxsi məsələlərdi. Ümumiyyətlə isə klubda nə prezidentlə, nə də başqa biri ilə heç bir problemimiz yoxdu. Bütün fikrimi qarşıdakı iki turda da qələbə qazanıb, Avropa Liqasına vəsiqə qazanmaqdı. Motivasiyamız yüksək səviyyədədi və hər hansı pis bir şey mümkün deyil. Çünki burda işlər tam qaydasında gedir və mən burda məmnunam”.

FutbolPress
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right