Heç-heçələr turu

Həftəsonu “Boulevard U-15 Liqası"nda 28-ci turun oyunları keçirilidi.

Qarşılaşmaların ikisi şənbə, beşi isə bazar gününə təyin olunmuşdu. Hər tur olduğu kimi bu dəfəki oyun həftəsi də sensasiyasız ötüşmədi. «Zirə»nin qələbə qazana bilməməsi turun ən böyük gözlənilməzliyi oldu. Ümumiyyətlə, keçirilən 7 oyunun 4-də bərabərlik qeydə alındı ki, cari çempionatda bu hal ikinci dəfə yaşandı. Mösümün açılış turunda da 7 oyunun 4-ü heç-heçə başa çatmışdı.

«Neftçi» İK İB – «Vətən» 1:5

Çempionluq uğrunda mübarizə aparan «Vətən» «Neftçi» İK İB ilə səfər oyununda mütləq qalib gəlməliydi. Əks təqdirdə bu tur istirahət edən «Qəbələ»yə «böyük hədiyyə» etmiş olacaqdı. Əslində, qonaqların qalib gələcəyi gözlənilən idi. Amma belə hesabla yox. Çünki «Neftçi» İK İB birincilikdə etibarlı müdafiəsi ilə seçilən az sayda komandalardan biridir.

Oyun «Vətən»in üstünlüyü ilə başladı. Erkən qol vurmaqla rahatlanmağa çalışan «məktəblilər» istəklərinə çata bilməsələr də, hər halda 1-ci hissəni 2 top öndə bitirdilər. 26-cı dəqiqədə Elvin Abdullayevə qarşı «duqa»nın yaxınlığında edilən qayda pozuntusuna görə hakim cərimə zərbəsi təyin etdi. Zərərçəkən cərimə zərbəsini özü yerinə yetirdi və dəqiq zərbə ilə hesabı açdı. Bundan 8 dəqiqə sonra Kənan Kərimovun ötürməsindən sonra çempionatın bombardiri oyunda 2-ci, birincilikdə isə 29-cu qolunu vurdu.

«Neftçi» İK İB müdafiədə nə qədər etibarlı komandadırsa, hücumda bir o qədər də «dişsiz»di. Bu üzdən Ramin Babayevin yetirmələrinin fasilədən sonra güclü rəqib qarşısında bu iki qolun əvəzini çıxacağı inandırıcı görünmürdü. Belə də oldu. «Vətən» ikinci yarıda da üstün oyun sərgiləyərək 3 qol vurdu. 53-cü dəqiqədə Kənan Kərimov (ötürmə Emil Əzizli), 54-cü dəqiqədə Şahin Kərimli (ötürmə Nihat Dəryagir) və 67-ci dəqiqədə Vüsal Vəliyev fərqləndi.

Meydan sahiblərinin gücü prestij qola çatdı. Matçın son dəqiqəsində cərimə meydançasında Rəşad Məhərrəmova qarşı edilən kobudluğa görə hakim 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan Kamran Baloğlanov yekun nəticəni müəyyənləşdirən qola imza atdı.

İlqar Mənsimovun komandası qazanılan 3 xal sayəsində lider «Qəbələ»yə bir qədər də yaxınlaşdı. İndi «Vətən»i «Qəbələ»dən 3 xal ayılır. Amma bakılılar 1 oyun az keçiriblər. Başqa sözlə, itirilən xallara görə «Vətən» liderdir. Çempionatın sonuna doğru «Qəbələ»nin 3, «Vətən»in isə 4 oyunu qalıb. Bu oyunların birindəcə büdrəyən böyük ehtimalla çempionluqdan olacaq.

İsgəndər Cavadov BFA – «Zirə» 1:1

Turun sensasiyası şənbə gücü «Bakı Baza»da qeydə alındı. Bürünc medallar uğrunda «vuruşan» «Zirə» turnir cədvəlinin «aşağı»sında qərarlaşanlar komandalardan biri – İsgəndər Cavadov BFA-nın müqavimətini qırmağa yaxın olsa da, bunu son anda əldən verdi.

Matçın 1-ci hissəsi bütünlüklə qonaqların üstünlüyü şəraitində keçdi. «Zirə»dən Məhəmməd Məmmədov, Nürəli Nurəliyev, Mahmud Ağayev, Gülağa Əsədov əllərinə düşən qol imkanlarından yararlansaydılar, oyunun taleyini hələ 1-ci hissədə həll edə bilərdilər.

Fasilədən sonra da böyük ərazi üstünlüyünə malik olan «Zirə» nəhayət, 46-cı dəqiqədə hesabı açdı. Nürəli Nurəliyev rəqibin qapıçısı Əli Məmmədovun irəli çıxmasından istifadə edərək topu onun başı üzərindən qapıya göndərdi. Gözləmək olardı ki, bu qoldan sonra Cəfər Hüseynovun yetirmələri qələbəni əldən verməyəcəklər. Amma bu, futboldur. Buraxılan qoldan 5 dəqiqə sonra cərimə meydançasından kənarda İman İmanovun qayçı zərbəsi kuryoz qola səbəb oldu. Burada «Zirə»nin qapıçısının da səhvinin olduğunu qeyd etməliyik.

Matçın qalan dəqiqələrində «Zirə»nin yenidən hesabda önə keçmək üçün bir neçə dəfə imkanı oldu. Amma həmin gün bəxt Qəhrəman Əliyevin komandasının tərəfində idi.

Əldən verilən qələbə «Zirə»ni «Keşlə»dən 2 xal geri saldı. Növbəti tur bu komandalar öz aralarında görüşəcəklər. Qalib gələn tərəf böyük ölçüdə «bürünc»ə sahib çıxacaq. «Zirə»nin «Keşlə»yə nisbətən 1 oyun az keçirdiyini də qeyd etmək lazımdır.

«Kəpəz» - «Turan» 0:0

«Qərb derbisi»ndə matçın favoriti meydan sahibləri idi. Onlar bunu oyunda göstərsələr də, hesabda əks etdirə bilmədilər. Qarşılaşma bütünlüklə gəncəlilərin üstünlüyü şəraitində keçdi. İlham Səmədovun yetirmələri Ümid Səmədovun, Həsən Seyfullayevin, Bəhram Muradovun, Sənan Əliyevin, Sərxan Rüstəmovun timsalında hər iki hissədə azı 4-5 real qol şansı yaxalasalar da, onların heç birindən istifadə edə bilmədilər və qarşılaşma qolsuz heç-heçə ilə başa çatdı.

İOEUGİM – «Sumqayıt» 1:1

«Sumqayıt derbisi»ndə də bərabərlik qeydə alındı. Mehdi Hüseynzadə adına stadionun bərbad qazonunda Sumqayıtın 2 təmsilçisi üz-üzə gəldi. Qonaqların nisbi ərazi üstünlüyü şəraitində keçən oyunda hər iki tərəf dəfələrlə qol vurmaq imkanı əldə etdi. Lakin hərə cəmi bir imkandan istifadə etdi.

İlk hissədə hesab açılmadı. Fasilədən sonra 15-ci dəqiqədə Alı Alıdan ötürmə alan İlkin İbrahimli hesabı açdı. Matçın başa çatmasına 3 dəqiqə qalmış «Sumqayıt»ın kapitanı Sərvin İsmayılov cərimə meydançasında Nihat Ağayevə qarşı kobud oynadı və hakim penalti göstərməklə yanaşı Sərvini «sarı» ilə cəzalndırdı. Referinin qərarına etiraz edən Sərvin ikinci xəbərdarlıqla qarşısında qırmışı vərəqə gördü. Penaltiyə gəlincə, Nihat topu qapıdan keçirməklə komandasını məğlubiyyətdən xilas edə bildi.

«Qarabağ» - «Səbail» 2:2

Cümə axşamı «Keşlə»yə çətin anlar yaşadan və sonuncu dəqiqədə qələbəni əldən verən «Səbail» bu dəfə turnir cədvəlində özündən yuxarıda qərarlaşmış daha bir rəqibi məğlub etməyə yaxın idi. Amma Xaqani Məmmədovun yetirmələri bu dəfə də qələbəni sona kimi qoruyub saxlaya bilmədilər. Maraq üçün qeyd edək ki, «Səbail» 7 oyundur ki, məğlub olmur. Bu oyunların dördündə heç-heçə edib, üçündə isə qələbə qazanıb.

Eyni səviyyəli rəqiblərin oyununda hesab erkən açıldı. 8-ci dəqiqədə Rauf Ağasənov müdafiəçilərin səhvindən istifadə edərək «Səbail»i hesabda irəli çıxardı. Cəmi 2 dəqiqə sonra «Qarabağ» hesabı bərabərləşdirdi. Bəhram Köçərlinin cinah ötürməsindən sonra Fidayə Əzizli fərqləndi. 25-ci dəqiqədə Elməddin Qurbanova qarşı qayda pozuntusuna görə hakim qonaqların lehinə cərimə zərbəsi təyin etdi. Fərid Bağırov mükəmməl zərbə ilə topu «doqquzluğ»a «sancdı». İlk hissə bu hesabla başa çatdı.

Fasilədən sonra bir qədər də fəallaşan «Qarabağ» 61-ci dəqiqədə status-kvonu bərpa edə bildi. Fidayədən ötürmə alan Mirmövsün Caniyev komandasını məğlubiyyətdən xilas edə bildi.

Bu oyunda itirilən 2 xal «Qarabağ»ın medal şansının üstündən xətt çəkdi. Birinciliyin başa çatmasına 2 tur qalmış Asif Əlizadənin komandası 3-cü pillədəki «Keşlə»dən 7 xal geridədir.

«Keşlə» - «Zaqatala» 6:1

«Keşlə»nin adı çəkilmişkən… Turun ən böyük bol qolu matçı «İnter Arena»da baş tutdu. «Keşlə» autsayder «Zaqatala» ilə oyunda əziyyət çəkmədən 3 xal götürdü. Cümə axşamı «Səbail»lə oyunda cəzalı duruma düşmüş komandanın aparıcı futbolçularından olan Vaqif Həsənov və Rəşad Həsənov bu qarşılaşmada iştirak etmirdilər. «Zaqatala»dan isə komandanın lideri Fərda Qurbanov eyni vəziyyətdə idi. Üstəlik, futbolçu sarıdan korluq çəkən baş məşqçi Ceyhun Zurabov Bakıya cəmi 12 nəfərlə gəlmişdi…

Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunda hesab 10-cu dəqiqədə açıldı. Meydanın mərkəzində topu ələ keçirən Hümmət Məmmədov bir qədər irəliləyərək uzaq məsafədən qapıya zərbə endirdi. Qonaqların qapıçısı Nail Əhmədov zərbəni dəf edə bilmədi. 14-cü dəqiqədə Əbil Əbilovun asmasından sonra Xəyal İbrahimov başla komandasının 2-ci qolunu vurdu. Cəmi 1 dəqiqə sonra «Zaqatala» qapısında 3-cü qolu gördü. Zakir Sadəddinovun qapıya zərbəsini Nail Əhmədov dəf etsə də, Əbil geri qayıdan topu boş qapıdan keçirdi. 17-ci dəqiqədə artıq, hesab 4:0 idi. Bu qol da Seymur Məmmədovdan «ağıllı ötürmə» alan Əbildən gəldi. Əbil 23-cü dəqiqədə daha bir qolun vurulmasında iştirak etdi. Künc zərbəsi zamanı Əli Tağıyevlə ev tapşırığını yerinə yetirən oyunun qəhrəmanı qapı önünə asma etdi və hamıdan tez topa çatan Emil Nəbiyev toru silkələdi. Birinci hissədə qonaqlar cəmi 1 təhlükəli epizod yarada bildilər. İsmayıl Qasarayev müdafiənin diqqətsizdiyindən yararlana bilərdi. Gəl ki, «Keşlə»nin qapıçısı Mikayıl Əhmədov daha cəld tərpənərək təhlükəni sovuşdura bildi.

Fasilədən sonra sönük oyun nümayiş etdirən «Keşlə» 39-cu dəqiqədə özünün sonuncu qolunu vurdu. Əli Tağıyevin künc zərbəsindən ötürdüyü topu Elşən Məmmədov başla qapıdan keçirdi. Hesab daha böyük ola bilərdi. Lakin Xəyal Mustafayevin yetirmələri bir neçə epizodda real qol şansını boşa verdilər.

Qonaqlar təsəlli qolunu matçın başa çatmasına 1 dəqiqə qalmış vurdular. 69-cu dəqiqədə Vüqar Məmmədli «Keşlə»nin arxayın düşmüş müdafiə xəttinin səhlənkarlığından yararlandı.

«Neftçi» - «Viləş» 2:0

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hər iki komandanın fərqlənmək üçün xeyli imkanı var idi. «Viləş» bu imkanların heç birindən istifadə edə bilməsə də, son turlar zəif oyun sərgiləyən «Neftçi» ikinci hissədə 2 qol vurmaqla qələbə qazana bildi.

Hesab 44-cü dəqiqədə açıldı. Rəvan Nağıyevdən ötürmə alan Pərviz Şirinov fərqləndi. Zaur Seyidovun komandası bir daha matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qol vurdu. Bu dəfə də «Viləş»i məyus edən futbolçu Pərviz  Şirinov oldu. Ona Nihat Cəfərov assistentlik etdi. «Neftçi» ardıcıl  2 məğlubiyyətdən sonra qələbə qazanaraq «Qəbələ» ilə təxirə salınmış oyun öncəsi bir qədər özünə gəldi.

U-15 Liqasında çempionatın başa çatmasına cəmi 2 tur qalıb. Çempionluq uğrunda «Qəbələ» ilə «Vətən», bürünc medallar uğrunda isə «Keşlə» ilə «Zirə» arasında gərgin mübarizə gedir. Son 2 turun oyunları aşağıdakı kimidir:

29-cu tur (12-13 may): «Zirə» - «Keşlə», «Zaqatala» - İOEUGİM, «Sumqayıt» - «Kəpəz», «Turan» - «Neftçi» İK İB, «Vətən» - «Neftçi», «Viləş» - «Qarabağ», «Səbail» - «Qəbələ».

30-cu tur (19-20 may): «Qəbələ» - «Viləş», «Qarabağ» - «Vətən», «Neftçi» - «Turan», «Neftçi» İK İB – «Sumqayıt», «Kəpəz» - «Zaqatala», İOEUGİM – «Zirə», «Keşlə» - İsgəndər Cavadov BFA.

Qeyd edək ki, «Vətən»in İOEUGİM və «Zirə» ilə, «Qəbələ»ninsə «Neftçi»yə təxirə salınmış oyunları var.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 29 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

 

«Het-trik news»





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right