"Biz Tərlan Əhmədovun qalmasını istərdik" - Rəhman Hacıyev

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev səfərdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 26-cı tur matçından sonra Newsport.az saytına müsahibə verib:

- Qalib gəlməyiniz rəqibin səhvi idi, yoxsa...
- Təbii ki, rəqib səhv etdi, biz də ondan yararlandıq. Bununla belə, "Qarabağ"a qarşı yaxşı oynadıq. Əzmkarlıq göstərdik və sevinirik ki, qələbə qazandıq.

- Oyunöncəsi komandada mövsümün sonluğundan doğan gərginlik var idi?
- Düzdü, mövsümün sonudu. Bu oyundan çox şey asılıdı. Ona görə mübarizə aparırdıq. Məğlub olsaydıq, üçüncü yer şansımız daha da çətinləşəcəkdi. Sevinirik ki, qələbə qazandıq və 3-cü pillədəki "Sumqayıt"la xal fərqini aradan qaldırdıq. Qalan 2 oyuna da ciddi hazırlaşacağıq. Fikrimiz 3-cü yeri tutmaqdı.

- İkinci hissədə futbolçular bir qədər ağır təsir bağışlayırdılar. Komandada fiziki cəhətdən problem var?
- Xeyr. Sadəcə, çempionatın sonlarıdı. Hazırda yorğunluq var. Buna baxmayaraq, mübarizə apardıq və hesabı qoruduq.

- 60-cı dəqiqədən sonra "Neftçi" 4-5 qol vəziyyəti yaratsa da, futbolçularınız sanki bir-birilərini başa düşmürdülər. Xüsusən, Lukas Qomes ötürmə vermirdi...
- Hər kəsin öz fikri var. Qomes zərbə vura da, ötürmə verə də bilərdi. Təkbətək epizodda vura bilərdi. Amma vura bilmədi. Futboldu, belə hallar normaldı.

- Klub rəhbərliyi ilə baş məşqçi arasındakı problemlər oyununuza təsir etmir?
- Xeyr. Bu, onların öz aralarında olan bir şeydi. Bizə heç bir dəxli yoxdu. Bir komanda olaraq yaxşı çıxış etdik və qələbə qazandıq.

- Tərlan Əhmədovun gedişi və yeni baş məşqçi ilə futbolçuların gəlişi komandaya təsir göstərə bilər?
- Tərlan müəllim gəldiyi vaxt komanda çox aşağı pillələrdə idi. Amma artıq "Neftçi" çox yaxşı nəticələr göstərir. Mən bu barədə bir söz deyə bilmərəm. Dəyişiklik olsa belə, biz peşəkar futbolçularıq. Futbol davam edir. Ona görə də bir söz demək olmaz. Amma istərdik ki, Tərlan müəllim qalsın.

- Qalan 2 tura əsasən, 3-cü yerə hansı komandanı şanslı saymaq olar?
- "Sumqayıt" və "Zirə" bir-biri ilə qarşılaşacağından, istənilən halda ikisindən biri xal itirəcək. Biz isə oyunlarımıza qələbə üçün çıxacağıq.

- "Səbail"lə ev oyununuzu "Bakcell Arena"da yox, süni örtüklü "Bayıl Arena"da keçirəcəksiz. Bu, oyununuza hər hansı təsir edə bilər?
- Təbii ki, təsiri olacaq. Çünki biz bütün rəqiblərimizi təbii örtüklü meydanda qəbul edirik. Süni örtükdə isə bir qədər çətin olacaq. Çünki öyrəşmək var. Biz ora bir gün əvvəldən gedirik, öyrəşə blmirik. Oyun təbii örtükdə keçirilsə, bizim üçün yaxşı olar.

- Oyun "Bayıl Arena"da keçirilməyə də bilər?
- Məncə, yerini dəyişmək olar. Bu istiqamətdə danışıqlar aparsalar, daha yaxşı olar.

- Klub rəhbərliyinin sizinlə Tərlan Əhmədovsuz iclas keçirdiyinə dair söz-söhbətlər yayılıb...
- Bu haqda heç nə deyə bilmərəm. Mənim işim futbol oynamaqdı. O işlərə qarışmıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right