Kamran Quliyev: "Son nöqtəni çempionatın axırında qoya bilərik" Müsahibə

AFFA Klublar Komitəsinin sədri Kamran Quliyev komitənin bu gün keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Toplantıda hansı məsələlər müzakirə olundu?

- Çox faydalı bir komitə olub. AFFA-nın baş katibi Elxan Məmmədov da bu gün dəvətli idi. Assosiasiya ilə klubların münasibəti məsələləri və aşağı liqalar müzakirə olundu. Bir müddət öncə AFFA-ya müraciət etmişdik ki, xaricdəki təcrübəyə əsasən, federasiya bir şirkətlə müqavilıə bağlayır və həmin şirkət bütün klubları topla təmin edir. Bu, müzakirə edilib və qərar verilib ki, növbəti mövsümdən “Nike”la müqavilə imzalansın və bütün klublara topları onlar versinlər. Yəni pulsuz paylanacaq. Əlavə top istəyənlər də çox sərfəli şərtlərlə onları əldə edə biləcəklər. Bu da klublara olan bir dəstəkdi. Bundan başqa, AFFA ilə “İnstat” şirkəti arasında anlaşmaya əsasən bütün klublara statistik məlumatlar mərkəzləşmiş qaydada çatdırılacaq. Artıq klublar AFFA-nın dəstəyilə 13-14 min avroya qənaət edəcəklər. “CBC Sport”da oyunların yayımını müzakirə etdik. Bəzən olur ki, tur həftəiçi keçirilir. İş günü olduğu üçün bu zaman matçın saatını azarkeşləri nəzərə alıb, təyin etmək lazımdı. Həmin günlərdə oyunlar saat 3-4-də keçirilə bilməz. Bu məsələni telekanal rəhbərliyi ilə müzakirə edəcəyik. Klubların vasaitinə qənaət məqsədilə uşaqlar arasında bir neçə yarışın eyni gündə keçirilməsini müzakirə etdik. AFFA-ya müraciət olundu ki, U-15 və U17 lidalarında oyunların keçirilmə tarixləri eyni olsun. Bu eksperiment uğurlu olsa, növbəti mövsümdən digər liqalar da birləşdirilə bilər. Başqa bir vacib məsələ Gənclər Liqasıdı. Bildiyiniz kimi, bu yarışın qalibi ölkəmizi Avropada təmsil edir. Belə bir fikir səsləndi ki, liqanı gücləndirmək üçün limiti dəyişdirmək mümkündü. Yəni, ola bilsin ki, 3 daha yaşlı futbolçu iştirak ərizəsində yer alsın. Bu da yarışın güclənməsinə hesablanıb. Gənclər Liqasında səviyyə aşağıdı. Bu da Avropadakı nəticələrlə sübut olunur. Klubların limitlə bağlı fikirlərini dinlədik. Belə ideya var ki, gələn mövsüm də Premyer Liqada hazırkı limitlə davam edək. Təbii ki, biz qərar verən deyilik. 1997/98-ci illərin limitə düşməsi fikirləri var, amma klublar belə düşünür ki, 1996/97 qalsa daha yaxşıdı. Son qərarı İcraiyyə Komitəsi verəcək.

 

- I Divizionla əvəzedicilərin yarışının birləşdirilməsi gündəmdədi...

- Konkret fikir yoxdu. Bəzi klublar bunun əleyhinədi. Onların “yox” deməsində məntiq də var. Bu məsələdə daha yaxşı klub rəhbərləri danışar. Müxtəlif fikirlər var.

 

- “Neftçi” rəhbəri kimi bu məsələdə hansı mövqedəsiz?

- Hələlik Klublar Komitəsinin adından danışıram (gülür). “Neftçi”nin isə buna etirazı yoxdu. Belə qərarlar səs çoxluğu ilə qəbul edilir. Bir məsələ ilə biz də razıyıq ki, I Divizionda problemlər çoxdu. Bunları hər kəs yaxşı bilir. Yaxşı olmaz ki, böyük tarixi olan bir klub həmin problemlərin tərkib hissəsi olsun. Bu da bizim üçün risklidi. Həmin məsələdə biz razıyıq. Amma uşaqların daha təcrübəlilərlə mübarizə aparması idman prizmasından daha yaxşıdı. Bu məsələ hələlik açıq qaldı. Klubların əksəriyyəti ideyanı dəstəkləmədi deyə, inanmıram ki, yaxın iclaslarda yenidən bu məsələyə qayıdaq.

 

- Mətbuatda Tərlan Əhmədovun “Neftçi”dən gedəcəyi, Samir Abasovun baş məşqçi təyin olunacağı yazılır. Buna bir son nöqtə qoyardız...

- Son nöqtəni çempionatın axırında qoya bilərik.

 

- Belə çıxır ki, Tərlan Əhmədovun mövsümün sonunda komandanı tərk etmək ehtimalı var...

- Bizim baş məşqçiylə müqaviləmiz var və buna hörmətlə yanaşırıq. Biz onun arxasındayıq. Çempionat bitəndən sonra bu məsələyə qayıda bilərik. Belə şeylər komandaya, baş məşqçiyə, azarkeşlərə ziyandı. Tərlan Əhmədov hazırda bizim baş məşqçimizdi. Əvvəlki iş yerimdə də məşqçilərə həmişə dəstək olmuşam. Klub olaraq Tərlan Əhmədovun arxasındayıq. Hələlik heç nəyi müzakirə etməmişik.

 

- Tərlan Əhmədov “Neftçi”yə köhnə rəhbərliyin vaxtında gəlib və o bildirmişdi ki, mənim qarşıma avrokubok tələbi qoyulmayıb. Siz gələndən sonra belə bir danışığınız oldumu ki, taleyi avrokuboklardan asılıdı?

- Mətbuata çatdırılan tərəf var, bir də daxildə olan. Hansılar ki, heç vaxt açıqlanmır. Həmin zaman başqa yerdə işləyirdim, müzakirələrdə iştirak etməmişəm. Kluba gələndə birinci addımım bu oldu ki, Tərlan Əhmədov və məşqçi heyətinə dəstək verim. Bunu etdim və edəcəm. Yollarımızı davam etdirə də bilıərik, etdirməyə də. Hər şey çempionatın axırında bilinəcək. Çox təcrübəli və komandanı yaxşı tanıyan məşqçimiz var. Gəlin, elə edək ki, onun başı tamamilə komandaya qarışsın. Sona 3 tur qalır. İndi əsas məsələ komandanın nəticəsidi. (Futbolpress.az)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right